Cavid İsmayıl Füyuzat 131 Tarix

Cümhuriyyətin son qalası – I hissə

Quzey Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin adı Azərbaycan Cümhuriyyətinin tarixindən qırmızı hərflərlə keçir. Cavad xan yurdunun yetişdirdiyi milli təfəkkürlü ziyalılar – Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, İsmayıl xan və Adil xan Ziyad­xanovlar, Xudadat bəy Rəfibəyli, Şəfi bəy Rüstəmbəyli, Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlılar Cümhuriyyətin qurulmasında mühüm rol oynayıblar. Gəncənin taleyinə təkcə Şərqin ilk demokratik respublikasının birinci paytaxtı olmaq yox, eyni zamanda son istehkamı olmaq da yazılıbmış. Bəli, söhbət Gəncə üsyanından – bolşevik işğalına qarşı qanla yazılan qəhrəmanlıq dastanından gedir.

Üsyan hazırlıqları

Bolşevik işğalı ərəfəsində müqavimət tərəfdarı olan Cümhuriyyət liderlərinin planlarında Gəncə xüsusi yer tuturdu. Bu, təsadüfi deyildi. Çünki Gəncənin tarix boyu məlum olan üsyankar ruhu, bir sıra görkəmli Cümhuriyyət liderlərinin əslən bu şəhərdən olması və Bakı işğaldan azad olunana qədər hökumətin burada yerləşməsi gəncəlilərə inamı birə-beş artırırdı. Cümhuriyyətin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı (Keykurun) xatirələrində yazırdı: “Hökumətimiz işğal ərəfəsində son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan dövləti Mərkəzi Banka Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu türkiyəli zabit olan Xalid başında əlli-altmış silahlı dəstə üzvü vağzala gələrək qatarın hərəkətinə mane olur”.

Dövlətin xəzinəsini Gəncəyə köçürmək planı baş tutmasa da, bolşevik işğalından sonra istiqlal fədailərinin əksəriyyəti bu şəhərə axışırdı. Çünki Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın və onun təlimçilərinin köməyi ilə yaradılan ilk milli alayımız və Cümhuriyyətin Müdafiə Nazirliyi məhz Gəncədə yerləşmişdi.

Gəncəyə müqavimətsiz daxil olan işğalçı rus ordusu ilk olaraq şəhərin komendantı Mirzə Məhəmməd Qacarı vəzifəsindən azad etdi. Ardınca I piyada diviziyasının rəisi, Əliağa Şıxlinskinin qardaşı oğlu, general-mayor Cavad bəy Şıxlinski və III süvari alayının rəisi, polkovnik Cahangir bəy Kazımbəyli istefaya göndərildilər. Bundan arxayınlaşan bolşeviklər və onların kölgəsində at oynadan ermənilər şəhəri çapıb-talayır, buna etiraz edənləri ya həbs edir, ya da sorğu-sualsız güllələyirdilər. Cəmi iki il əvvəl böyük arzularla elan edilən istiqlal qan içində boğulurdu. Bu səbəbdən əsəblər tarıma çəkilmişdi. Gəncə bir qığılcımdan partlamağa hazır olan barıt çəlləyini xatırladırdı. Belə bir qığılcım isə özünü çox gözlətmir – polkov­nik Cahangir bəy Kazımbəyli Qazaxdan Gəncəyə varid olur.

Cahangir bəy kim idi?

Cahangir bəy Kazımbəyli 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Öncə Gəncə gimnaziyasında təhsil almış, sonradan Peterburqdakı hərbi məktəbi müvəffəqiyyətlə bitirmişdi. Çar Rusiyası ordusunun sıralarında I Dünya müharibəsində (1914–1918) iştirak etmişdi. Cümhuriyyət elan olunduqdan sonra Azərbaycan Ordusunda xidmətə başlayan Cahangir bəy Kazımbəyli 1920-ci ilin əvvəllərində 3-cü süvari alayının komandiri təyin olunmuşdu.

Üsyan necə başladı?

Professor Xaləddin İbrahimli “Azərbaycan mühacirəti tarixi” əsərində yazır ki, 1920-ci il mayın 22-də Cahangir bəy Kazımbəylinin təşəbbüsü ilə hərbçilərdən bir qrup hələ bolşeviklərin əlinə keçməmiş Nüzgar kəndinə toplaşdı. Burada silahlı üsyana qalxaraq dəmir yolunu tutmaqla Bakı ilə Qərb bölgəsinin əlaqəsini kəsmək, oradakı Qızıl Ordu birləşmələrinin geriyə – Azərbaycanın içərilərinə hərəkətinin qarşısını almaq, nəhayət, bolşevik hakimiyyətinə son qoymaq qərara alındı.

Əhməd İsayev “Gəncə və gəncəlilər” əsərində bildirir ki, müşavirədə Qaçaq Qasım, Sarı Ələkbər, Qaçaq Qənbər və silahlı dəstələrin digər başçıları iştirak edirdilər. Orada döyüş əməliyyatının vaxtı, yeri və üsulları müəyyən edilir. Qərara alınır ki, Bağmanlar tərəfdən hücuma keçən silahlı dəstələr Gəncə çayını keçərək şəhərin ermənilər yaşayan məhəlləsində yerləşən Qızıl Ordu rotasını dağıtsın. Bu, üsyanın başlanma planı idi.

Müşavirələr sonrakı günlərdə də davam edir. Cahangir bəy 1953-cü ildə ABŞ-da çıxan “Azərbaycan” jurnalının 12-ci sayında çap olunan xatirələrində o günləri belə təsvir edir: “Mayın 25-i səhər saat 6-da üsyanın gələcək planını müzakirə etmək üçün ümumi yığıncaq çağırdım. Adyutantımı I Azərbaycan diviziyasının komandiri, general Cavad bəy Şıxlinskinin, baş intendant, Azərbaycan Ordusunun generalı Məhəmməd Mirzə Qacarın və diviziya komandiri, general Teymur bəy Novruzovun dalınca göndərdim. Əvvəlki iki general adyutantın müşayiəti ilə gəldilər, Teymur bəy Novruzov isə evdə tapılmadı. Qərargaha gələn generalları toplantı iştirakçıları hərarətlə qarşıladı. Mən küçəyə toplanan izdihamı güclə sakitləşdirdim. Bu yığıncaqda ümumi rəhbərlik və yerli hakimiyyət orqanlarının təşkili Məhəmməd Mirzə Qacara həvalə olundu. General Şıxlinskiyə artilleriyaçı kimi bolşeviklərdən qənimət götürülmüş artilleriyanı və bolşeviklər tərəfindən korlanmış Azərbaycan artilleriyasını hazırlamaq və artilleriyaçılara ümumi rəhbərlik, mənə isə öz polkuma və partizan dəstələrinə rəhbərlik etmək tapşırıldı”.

Bu dövrdə sovet hakimiyyətinin işləri Qarabağda da çox pis gedirdi, hətta bəzi kəndlərdə yerli əhali əsgərlərin köməyi olmadan bolşevikləri qova bilmişdi. Gəncə üsyanının rəhbərləri əsasən Qarabağda yerləşən milli ordu birləşmələri ilə əlaqə yaratmaq üçün bölgəyə iki nəfər zabit göndərdi. Bolşeviklərlə mübarizədə Gürcüstanla birgə fəaliyyətə nail olmaq məqsədilə Tiflisə Gəncədə gizli yaşayan iki gürcü polkovniki də yola salındı. Bir tərəfdən Gürcüstan Respublikasının, digər tərəfdən isə Zaqatala, əsasən də Qarabağdakı Milli Ordu birliklərinin yardımına arxalanan gəncəlilər üsyanın uğur gətirəcəyinə inanırdılar. Şəhərdəki hərbi hissələr xəlvəti döyüşə hazırlıq vəziyyətinə gətirilir, hiss olunmadan təlim məşqləri keçirilirdi…

Davamı…