Ədəbiyyat Füyuzat 130 Ülviyyə Rəhman

Uzağı yaxın, yaxını uzaq edən yollar

Yolların həmişə səfər edən yolçuları olur”, – deyə yazır “Füyuzat” (Ə.Ağaoğlu)… Yollar bizi hər hansısa bir məkana, bir amala, ya da bir kəslərə aparır. Hamı kimi mənim də mütəmadi yolçusu olduğum bir yol var. Bu yol bəzən məni sevdiklərimə qovuşdurub, bəzən onlardan ayırıb. Bəzən uzağı yaxın, bəzən yaxını uzaq edib. Bəzən yol boyu yuxusuz qaldığım da olub, yorğunluqdan gözlərimin yumulduğu da. Bu yolda günəşin üfüqdən səmaya yüksəlməsini də izləmişəm, səmadan süzülüb Yerin tərkini qucmasını da. Bu yolda gah sevincim bir şəfəq kimi saçılıb qəlbimə dolub, gah da kədərim qaranlıq gecə kimi ürəyimi ələ keçirib, üşüdüb. Bu yol şahiddir; həm sevdiyini itirdiyi üçün yığılıb qalan, süzülə bilməyən, həm də xoşbəxtlikdən sel kimi axan göz yaşlarına…

Uşaqkən yola çıxmaq böyük bir müvəffəqiyyət idi. Hələ dünyanın o biri ucu kimi görünən ünvana çatmağı demirəm. Uzaqdakı yaxınlarımıza açıqça yazardıq, atamız da onları ünvana çatdırardı. Paytaxta səfər etmək isə bambaşqa macəra idi. Yol özü aparardı gedəcəyin ünvana. Yol uzunu qoruqdakı ceyranlara, quraq çöllərdəki dəvələrə baxmaq, Xəzərə tamaşa etmək, bir-bir zirvəsi kəsilmiş dağları saymaq, ötüb-keçən qatar vaqonlarının sərnişin, yoxsa yük qatarı olduğunu müəyyən etməyə çalışmaq, düzdə bitən tənha ağaclara heyran olmaq və daha nələr, nələr… Bunlar uşaq gözüylə gördüyüm ecazkarlıqlar idi…

Ömür saatının əqrəbləri də dayanmır, öz səfərində elə hey irəli axırdı. Yeniyetmə biri üçün artıq bu yolu gedib-gəlmək əsrarəngiz deyildi. İndi düşüncələrə daldıqda fərqinə varıram ki, bir zamanlar ən çox zövq aldığım şey olan yolu izləməyə fasilə veribmişəm. Bəlkə də, elə buna görə həmin dövrdəki səyahətlərimlə bağlı elə də çox xatirəm yoxdur. Səbəbi isə, çox güman ki, hara gedirəmsə gedim, yenə dönüb evimizə varacağımı bilməyim idi.

Tələbəlik illərində isə yol həyatımın iki ayrımı – ailəm və təhsilim arasındakı körpü oldu. Bakıda ikən Salyandan, Salyanda ikən Bakıdan nələrinsə axtarışında olan gözlərim artıq çox uzaqları dumanlı görməyə başladı. Bu yol bəzən məni sevdiklərimə qovuşdurub, bəzən onlardan ayırıb. Sevdiklərimin bir qismini görmək üçün digərlərindən uzaqlaşmaq mənim üçün çətin idi. İnsan canından bir parçanı görə bilmək üçün digər yarısından qopmalıdırmı? Elə imiş…

Bir qədər də böyüyən mənim üçün artıq sadəcə yolu izləmək yox, onu hər qarışına kimi yaddaşıma həkk etmək bir vəzifəyə dönmüşdü. Palçıq vulkanları, kəndlər, insanlar, ağaclar, heyvanlar, quşlar, işıq dirəkləri, yol nişanları, bir sözlə hər şey artıq ard-arda yaddaşımda canlana bilir. Bəzən yolda olmasam belə, özümü o yolda təsəvvür edə bilirəm.

Davamı…