Köşə Yazıları

Gələcəyə feyzlərlə

1906-cı il, 3 sentyabr – “Həyat”ın “Vidanaməsi” ilə yeni bir yolun başlanğıcı qoyulur. Məhz bu tarixdə “Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli” fədainin addım səsləri eşidilməyə başlanır. 1906-cı il, 1 noyabr – həmin fədainin savaş meydanına qatıldığı tarix. Bu fədainin qurucusu isə “Həyat və meyli-füyuzat” sədası ilə mürəkkəb vəziyyətlərə mürəkkəbi ilə sinə gərən Əli bəy Hüseynzadə olur.

Milli istiqlal məfkurəsinin memarı Əli bəy Hüseynzadə ilə bərabər, mədəniyyət və elmi təbliğ edən fədaiyə dəstəyi ilə güc verən isim – Hacı Zeynalabdin Tağıyev də daim böyük sayğı ilə xatırlanacaq.

Mütərəqqi və milli amala sahib Əli bəy Hüseynzadənin silahdaşları da – Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi ziyalılar fədaini bu çətin yolda tək qoymur. Vətənimizin ictimai fikir tarixində böyük iz qoyaraq dövrünü maarif nuru ilə işıqlandıran bu fədainin tərəqqi qığılcımları hər yana yayılır. Fəqət “Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli” fədainin tərəqqiyə doğru gedən yoluna davam etməməsi üçün var gücü ilə çalışan bədnam qüvvələrin istəyi ilə bir gün “Pərdə eniyor”. Lakin əsrlərin sağlam kökünə söykənən “Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli” fədai tərəqqiyə aparan yolçuluğunu başa vurmur, bir müddət söz savaşı meydanından ayrı düşsə də, Vətənin ziyalı övladları sayəsində öz nurlu sözü və izi ilə onun maarif toxumları yenidən feyzlənir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu, ustad jurnalist Teymur Əhmədov millli irs, milli duyğu ilə yoğrulmuş bu dəyərli əmanətin varislərinə çevrilir.

2007-ci il, 7 yanvar – “Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli” fədai yenidən ən ümdə, müqəddəs amalla dirçələrək yoluna davam edir. Keçmişə sayğı, bu günə sevgi, gələcəyə feyzlərlə…