Müsahibə

Klassiklər, dövlətçilik və ədəbiyyat – Mahir Qəribovla müsahibə

Mahir müəllim, klassik ədəbiyyatın incəliklərini bu qədər dərin və müasir dillə izah edə bilən nadir insanlardansınız. Həm akademik bilginiz, həm də yanaşma tərziniz çox dəyərlidir. Elə bu səbəbdən fikirləriniz bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Həqiqət işığında oxumaq, yazmaq elmin özüdür. İnsan oxuduqca təfəkkür edir, mahiyyətə varır, idrak etdikcə yüksəlir. Nə qədər təfəkkür sahibisənsə, o qədər insansan. Ustadlarımızdan öyrəndiyimiz odur ki, nə qədər məlumatlısansa, elmin varsa, bir o qədər canlısan, müasirsən. klassiklərimizin, ustadlarımızın yazdıqları bizə əyani məktəbdir. Həqiqətin Haqqdan gələn məna olduğunu biləndə onu insanlara çatdırmaq vəzifəyə çevrilir. Bu insanlıq vəzifəsidir. Klassiklərimiz, böyük mütəfəkkirlərimiz Həsən bəy  Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə və digər mütəfəkkirlər Azərbaycan mətbuatının parlaq səhifələrini öz işıqlı əməlləri ilə nurlandırdılar. Biz o insanlardan həqiqətin mahiyyətinə varmaq və yazmağın yüksək peşəkarlıq nümunəsi olduğunu öyrənmişik. Ustad Həsən bəy Zərdabi və ətrafındakı ədiblər “Əkinçi” qəzeti ilə Azərbaycan milli azadlıq tarixinə mətbuat toxumlarını əkdilər. Bu qəzet XIX əsrin sonlarında, dövrün, zamanın qaranlıq mühitində xalqı cəhalət yuxusundan oyatmaq üçün ürəyi şamtək yanan insanların işığı, vətəndaşlıq nümunəsi idi.

Klassiklərə böyük sevginiz nədən doğdu?

İnsan oxuduqca kamilləşir. Oxumaq bilgi sahibi olmaq üçün əsas şərtdir. Müqəddəs kitabımız “Qurani-Kərim” də “Oxu” əmri ilə başlayıb. Oxumaq elmin açarıdır. Yazmaq isə dərk etdiyinin inikasıdır. Nə qədər oxumusansa, bilgi sahibisənsə, bir o qədər canlısan, müasirsən. Ədəbiyyatımızda klassiklərimizin irsinə nəzər yetirdikdə böyük Nizaminin dediyi “Qüvvət elmdədir, başqa cür keç kəs, heç kəsə üstünlük eyləyə bilməz” misrası elmin dərəcəsini, mahiyətini əks etdirir. Məhəmməd Füzulinin “Artıran söz qədrini sidq ilə qədrin artırar, kim nə miqdar olsa, eylər qədrin ol miqdar söz” misrası dərk etdiyimiz mahiyyətin, təfəkkürün ölçüsüdür.

Hər şey niyyətə bağlı olduğu üçün təfəkkür xalqının tərəqqisi, insanlığın, mənəviyyatın yaşaması üçün qəlbdə doğan arzunun yazıya alınması ilə insanlara çatdırılır. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və digərləri millətin dərdinə dərman olmaq üçün öz ömürlərini şam tək əridərək məlhəm olmağa çalışdılar. Əkinçidən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Kaspi”, “Şərqi-rus”, “Həyat, “İrşad” qəzetlərindəki yazılar xalqın maariflənməsi üçün qiymətli xəzinə idi.

Hansı klassik publisistlərimiz haqqında sənədli telefilmləriniz var? Və bu publisistlərdən hansının məktəbi daha zəngindir?    

Milli dövlətçilik ideologiyamızın formalaşmasında xüsusi rol oynamış və öz fədakarlıqları ilə seçilən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə haqqında sənədli filmlər hazırlamışam. Onların fəaliyyəti millətin gələcək həyatı üçün taleyüklü qərarların alınmasında böyük rol oynamış, “Əkinçi”dən başlanan yol, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə taclanmışdı. “Həyat” və “İrşad” qəzetlərində xalqı işıqlı gələcəyə aparmaq üçün “Türkləşmək, İslamlaşmaq və  Müasirləşmək” ideyası formalaşdı ki, bu da sonradan milli bayrağımızda öz əksini tapan dövlətçilik ideologiyamıza çevrildi.

Əhməd bəy Ağoğlunu hansı yaradıcılıq faktlarına görə klassik publisist adlandırmaq olar?

Əhməd bəy Ağaoğlu mətbuat fəaliyyəti ilə yanaşı Azərbaycanda ilk siyasi təşkilat olan “Difai” partiyasının da qurucusudur. Onun ictimai-siyasi  fəaliyyəti, əsərləri, dövri mətbuatda məqalələri, publisistikası yorulmaz fəaliyyətinin nümunəsidir. “Türklük bölünmə qəbul etməyən bir tamdır. Harada olursa-olsun ona xidmət mübarəkdir, müqəddəsdir” şüarı Ağaoğlunun ideya və görüşlərinin günümüzdə də öz aktuallığını qoruduğunu göstərir. Görkəmli publisist, ictimai-siyasi xadim, pedaqoq, mütəfəkkir ağır zəhmət və intellekt tələb edən sahələrin hər birində öndə gedən mübariz bir şəxsiyyət idi. O, hər zaman təmsil etdiyi xalqın azadlığı və istiqlalı üçün çalışmış, müsəlman türk millətinin birliyini, yüksəlişini, ləyaqətini bütün gücü, varlığı ilə müdafiə etmişdir. Türkiyədə yaşadığı illərdə də onun qəlbi Azərbaycanla, bütöv Türk dünyası ilə döyünürdü. Ağaoğlunun “Bu müqəddəs və ülvi mübarizəyə heç bir xüsusi fikir qarışa bilməz, heç kim şəxsi iftixar hissi ilə buradan özünə pay ala bilməz. Mən və ya siz kim olmağımızdan asılı olmayaraq,  ortaq və müqəddəs amallar uğrunda mübarizə apararkən əl-ələ verib ürəkdən-ürəyə birləşək, mənəvi birliyimizi dünyaya çatdıraq!” fikirləri milli birliyimiz üçün işıqlı yol, parlaq gələcək deməkdir.