Ədəbiyyat Xəbərlər

Legion ədəbiyyatı

Azərbaycan mühacirət ədəbi-kulturoloji irsinin indiyədək yetərincə öyrənilməmiş qollarından birini də legion ədəbiyyatı oluşdurmaqdadır. Sovet imperiyası dönəmində Azərbaycanda legionerlərin fəaliyyəti haqqında məlumat ya mövcud olmamış, yaxud da yanlış, birtərəfli səciyyə daşımışdır. Buna səbəb isə onların istər ictimai-siyasi, istərsə də ədəbi-kulturoloji fəaliyyətinə sovet ideologiyası prizmasından yanaşılması, “vətən xaini” damğası altında sərt yasaqlar qoyulması olmuşdur.

Azərbaycan mühacirət ədəbi-kulturoloji irsinin ayrılmaz bir qolu olan legion ədəbiyyatının öyrənilməsi istər dövrün tarixi-siyasi proseslərinin aşkarlanması, istərsə də qürbətin yeni bir dalğasını formalaşdıran bu nəslin yaradıcılıq potensialının çözümü baxımından əhəmiyyətlidir. “Legion ədəbiyyatı nədən mühacirət ədəbiyyatının bir qolu, parçası hesab edilməlidir? Hər şeydən əvvəl, legionçular da siyasi mühacirətin bir hissəsi kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdılar. Zorən cəlb olunduqları müharibədə cəbhəni dəyişdirərək iyirmi il əvvəl itirdikləri istiqlalı qazanmaq uğrunda çalışırdılar. Legion ədəbiyyatı da öz qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı” (Bədirxan Əhmədli. “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri”, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2017, s. 91).

Lakin Azərbaycan sovet ədəbiyyatşünaslığından fərqli olaraq mühacirət elmi-nəzəri fikrinin problemə tamamilə fərqli yöndən yanaşması bu unikal irsin unudulmasına imkan verməmişdir. İstər müharibə dönəmində, istərsə də savaşdan sonra Azərbaycan mühacirəti təmsilçilərinin legionçularla sıx əlaqəsi, birgə fəaliyyəti onların vətən naminə aparılan mübarizə cəbhəsinə qoşulmasına gətirib çıxarmışdır.

Azərbaycanın tarixçi alimi Məmməd Cəfərlinin bu sahədə apardığı araşdırmaları xüsusilə əhəmiyyət daşımaqdadır. Onun II Dünya müharibəsi illərində Almaniyada əsirlikdə olan azərbaycanlıların yaradıcılıq irsinin toplanıb yayımlandığı “Azərbaycan legion ədəbiyyatı” əsəri bu baxımdan diqqəti cəlb etməkdədir.

Heç kəsə sirr deyildir ki, legion ədəbiyyatı “yalnız yarandığı illərdə (II Dünya müharibəsi illərində) Azərbaycan xalqının əhvali-ruhiyyəsini əks etdirməklə qalmır, xalqın ruhunda milli müstəqillik ehtirasının, Moskvanın amansız qadağalarına, repressiyalarına baxmayaraq, iyirminci, otuzuncu illərdə də sönmədiyini, az-çox şərait əmələ gəldikdə vulkan kimi püskürdüyünü sübut etdi” (Məmməd Cəfərli. “Azərbaycan legion ədəbiyyatı”, Bakı: “Qapp-poliqraf” nəşriyyatı, 2005, s. 4).

Legion ədəbiyyatının ilk örnəklərinə 1942-ci ilin iyun ayında Berlində Məcid Karsalaninin (Musayev) baş redaktorluğu ilə yayımlanan həftəlik “Azərbaycan” qəzetinin səhifələrində rast gəlinir (Nəsiman Yaqublu. “Azərbaycan mühacirət mətbuatı”, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2014, s. 70). Eyni zamanda legionçuların əsərləri döyüş vərəqlərində, divar qəzetlərində dərc olunub yayılırdı. 1944-cü ilin əvvəllərində Cəlil İsgəndərlinin redaktorluğu ilə həmin ildə Azərbaycan Milli Birlik Məclisinin orqanı olan aylıq “Milli birlik” dərgisi yayımlanırdı. 1944-cü ilin dekabr ayında Ənvər Qazıyevin redaktorluğu ilə “Hücum” qəzeti öz nəşrinə başlamışdır (Məmməd Cəfərli. “Azərbaycan legion ədəbiyyatı”, Bakı: “Qapp-poliqraf” nəşriyyatı, 2005, s. 13).

“Azərbaycan” qəzetinin səhifələrində ana dilinin saflığına, təmizliyinə xüsusi diqqət yetirilirdi. Qəzetin 29 may 1944cü il tarixli sayında bu problemin zəruriliyinə toxunulmuşdur: “Rus ağalığı illərində dilimizi qəsdən korlamağa çalışdılar. Sovetizm adı ilə türkcəmizi ruslaşdırdılar… Qəzetimiz buna qarşı da cəsarətlə mübarizəyə keçdi. O öz səhifələrində gözəl türkcəmizlə bizə ibrət dərsləri verməyə çalışdı” (yenə orada, s. 21).

Azərbaycan legionçularından Fətəlibəyli Düdənginski, Məcid Musazadə, Fuad Əmircan, Ənvər Qazıyev, Cabbar Məmmədov, Məhəmməd Kəngərli, Lətif Kərimov və başqaları tarixi-siyasi, ədəbi-kulturoloji məzmunlu yazılarla çıxış edirdilər. Onların məqalələrində rus sovet imperia­lizminin, bolşevizmin mahiyyəti aşkarlanır, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycanın istiqlal mücadiləsi yürüdülürdü.

II Dünya müharibəsi dönəmində Berlində legionçuların səyi ilə bir neçə kitab da yayımlanmışdır. Bunların içərisində Nəriman Nərimanovun “Bahadır və Sona” romanı, Şyonfeldin “Azərbaycan dilinin öyrənilməsi” dərsliyi, Lətif Kərimovun tərtib etdiyi “Azərbaycan şeirləri” toplusu, Ceyhun Hacıbəylinin “Atalar sözü” kitabı, Cabbar İbrahimoğlunun “Azərbaycan istiqlal mübarizləri” əsərləri qeyd oluna bilər. “Azərbaycan yazıçılarının əsərləri” adlı bir kitabda isə sovet senzurasının yasaq etdiyi yazıların toplanması diqqəti çəkir (yenə orada, s. 22).

Legion ədəbiyyatının nümayəndələri çeşidli forma və janrlarda bədii örnəklər yaratmışlar. Bu ədəbiyyatın təmsilçiləri sırasında M.Daşqın, A.Bulaq, Alptekin, Anar, Atilla, Ə.Rüstəm, Ə.Camal, S.Təkin, Yaşar Elçin, N.Xaspolad, Əsəd Eldost, Musqanlı Məhəmmədəli və başqalarının yaradıcılığı diqqəti çəkir. Onların müxtəlif janr və üslubda yazdığı əsərlərdə vətəndən uzaqlarda yaşamağa məcbur edilən yaradıcı insanların ürək çırpıntıları, kövrək duyğuları, hiss və həyəcanları canlı bədii ifadəsini tapmışdır.

Legion ədəbiyyatının mövcud örnəklərini təhlil obyektinə çevirərkən aydın olur ki, onları müxtəlif mövzu və problemlər düşündürmüşdür. Legionçular müharibə həyatının acı, kədərli mənzərələrini, istiqlal arzularını, qürbət ağrılarını, vətən həsrətini, habelə eşq və məhəbbət duyğularını ifadə etmişlər. Lakin digər mövzularla müqayisədə vətən dərdi və həsrətinin əksər şeir və nəsr nümunələrində aparıcı mövqe tutması onların yalnız məzmununda deyil, həmçinin sərlövhələrində də aşkarca büruzə verməkdədir. Belə ki, “Vətən qəhrəmanlarına” (Daşqın), “Vətən” (N.Xaspolad), “Gül, Azərbaycan” (Ə.Camal), “Vətən sənin…” (M.Əliş), “Vətən”, “Mən vətənin – vətən mənim” (Əsəd Eldost), “Ana vətən” (Q.Şirvan), “Ey vətən” (Miskin), “Vətən uğrunda” (Musqanlı Məhəmmədəli), “Ey vətən” (Legionçu Nəbi), “Doğulduğum yerin türküsü” (R.Ümid), “Vətən” (Legionçu Sürgün), “Vətən marşı” (Legionçu Səyyar), “Çəkil vətənimdən” (S.Təkin), “Vətən sərgisi”, “Vətən üçün” (Şahzadə), “Vətən” (Legionçu Ucadağlı), “Xəzər” (Leg.Vulkan) “Azərbaycan adlı bir ölkə var” (Şuşalı) və başqa şeir, nəsr nümunələri belə qənaətə gəlməyə əsas verir.

Əsərlərini Legionçu Qürbətzadə imzası ilə yazan, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adını almış Mehdi Hüseynzadənin “Yar gəlir dedim”, “Görən olsaydı”, “Deyiniz sevgilimə”, “Mənim”, “Dəli ceyran”, “Adriya sahillərində” kimi şeirlərində doğma diyardan uzaqlarda, qürbətdə keçirdiyi hisslər, duyğular bədii əksini tapmışdır.

O vəfalı Qarabağlıdır,
Onun yeri çiçəklidir, bağlıdır,
Ömrü boyu sevgisinə bağlıdır,
Vəfasına çox ümidim var mənim.

Almaniyada Azərbaycan legion ədəbiyyatı nümayəndələri içərisində Anar imzalı müəllifin “Novruz”, “Azəri türküsü”, “Abbas Mirzə səslənirkən”, “Azərbaycan”, “Ay-yıldız əfsanəsi”, “Yoxdur”, “Gəl və gəlmə”, “Yanğın”, “Bir tarix silsiləsi”, “Xainə” kimi şeirləri bədii-sənətkarlıq baxımından maraq doğurur. “Azərbaycan” adlı şeirdə müəllif ayrı düşdüyü, həsrətiylə çırpındığı vətəninin gözəlliklərini səmimi bir dillə tərənnüm edir.

Könüllərin eşqini şəfəqlə tumarlayır,
Günəş göydə parlasa, o da yerdə parlayır.
Parla, parla, ay ölkəm, günəş ölkəm, ay ölkəm,
Sönməz şəfəqlərini qəlbimə tök, ay ölkəm.

Anarın “Yoxdur” rədifli qoşması M.P.Va­qif poeziyasından təsirlənərək qələmə alınmışdır. Lakin öz sələfindən fərqli olaraq müəllifin bu şeirində vətən həsrəti, qürbət ağrıları, ayrılıq dərdi bədii ifadəsini tapmışdır.

Günlərim fəğanla dolanıb gedər,
Dolanır qəlbimdə olmazın kədər.
Bu qürbət ellərdə qalsam nə qədər,
Ömrümün mənası, heyif ki, yoxdur.

Anarın müxtəlif mövzulu şeirlərlə yanașı, “Gülərin göz yaşları” poeması, “Qılınc” adlı kiçikhəcmli dramı onun bədii axtarışlarındakı janr əlvanlığını ortaya çıxarır.

Müəllifin “Gülərin göz yaşları” poemasında (yenə orada, s. 56–66) müharibəyə çağırılan həkim qızın cəbhədə qarşılaşdığı çətinliklər, rus əsgərlərinin fərariliyi ucbatından çalışdığı hərbi xəstəxananın başlı-başına buraxılması, nəhayət, alman ordusunda xidmət edən azərbaycanlı legionçular tərəfindən azad olunması təsvir olunmuşdur.

Həmçinin müəllifin “Qılınc” adlı mənzum dramında (yenə orada, s. 67–73) da hadisələr ön cəbhədə cərəyan edir. Belə ki, könüllü şəkildə Almaniya tərəfinə keçməklə bağlı Azərbaycan əsgərləri tərəddüddə qalır, qəti qərara gəlməkdə çətinlik çəkirlər. Ancaq səngər qazarkən torpağın altından çıxan türk qılıncı onlara əcdadlarının bu torpaqlarda yazdığı qəhrəmanlıq səhifələrini yada salır, tarix şüurunu oyandırır, tərəddüdlərinə son qoyur. Bəzi tədqiqatçıların qənaətincə, Anar sonralar Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi məşhurlaşmış Abay Dağlının imzalarından biridir (yenə orada, s. 40).

Bütövlükdə legion ədəbiyyatı təmsilçiləri II Dünya savaşı illərində alman həbs düşərgələrində əsirlik və məhkumluq həyatının ağır şərtləri altında ideya-məzmun və bədii-estetik baxımdan bir sıra dəyərli sənət nümunələri yaratmış və bununla da iyirminci yüzil Azərbaycan mühacirət ədəbiyyatının ümumi mənzərəsini zənginləşdirmişlər.

Dostlarım tanısın, düşmənim bilsin,
Yeni bir dünyanın aşiqiyəm mən.
Elimin dərdindən deyib-danışan,
Tükənməz dastanın aşiqiyəm mən.

Ürək sözlərimi deyirəm yenə,
Hakim ola bilməz yad ellər mənə,
Baş əymərəm əsla zaman hökmünə,
Azad bir vicdanın aşiqiyəm mən.

Legionçu Daşqın imzalı müəllifdən bir parçasını örnək gətirdiyimiz “Aşiqiyəm mən” rədifli bu şeirdə ədibin azadlıq, hürriyyət arzuları bədii ifadəsini tapmışdır.

Məlum olduğu kimi, ağır legion həyatı yaşamış Borsunlu Məzahir Daşqın özünəməxsus yaradıcılıq yolu keçmiş, bir sıra orijinal, bənzərsiz poetik nümunələr yaratmıșdır. Şairin bədii irsi sovet siyasi rejimi dönəmində ədəbi-nəzəri fikrin diqqətindən kənarda qalmış, sistemli şəkildə araşdırılmamışdır. Yalnız son illərdə onun həyat və yaradıcılığı ilə bağlı araşdırmalar aparılmış, yaradıcılıq irsi sistemli təhlilini tapmışdır (Şəhla Tahirqızı. “Məzahir Daşqının poeziyası”, Bakı: “Nurlan” nəşriyyatı, 2009).

Məzahir Daşqının “Təbriz” adlı şeiri şairin istiqlal və azadlıq duyğularının orijinal poetik təcəssümünü tapdığı, dərin ictimai-siyasi məzmuna malik bədii örnəklərdəndir. Əsirliyin ağır, ümidsiz günlərində şairin doğma vətənin ağrıları, əzabları ilə nəfəs alması, onun birliyi, bütövlüyü ilə bağlı duyduğu hiss və həyəcanı ifadə etməsi oxucunu düşüncələrə qərq edir:

Qaydadır, rəhbərsiz olan ölkəni
Alar qucağına səfalət çəni.
Vicdan tacirləri çəkərlər səni

Qəsbkar əllərdə talana, Təbriz!

Məzahir Dașqının “Göygöl” şeiri bu mövzuda yazılan ənənəvi poetik örnəklərdən xeyli dərəcədə seçilməkdədir.

Gözündən görünür dərdin, qubarın,
Dağılıb dövlətin, itibmi yarın?
Yoxsa mənim kibi çoxdur əğyarın,
Odur ki lal olub dillərin, Göygöl.

Məzahir Daşqının “Könül nəğməsi”, “Dağlar”, “Şahlar”, “Gözəl qız”, “Vətən qəhrəmanlarına” və başqa şeirləri də eyni poetik ovqatla qələmə alınmışdır.

Almaniyada Azərbaycan legionçuları bədii nəsr yaradıcılığı ilə də məşğul olmuş, povest, hekayə, miniatür, xatirə, habelə felyeton janrında əsərlər yazmışlar. Bunların içərisində Yaşar Elçinin “Həsəd”, R.Vulqanın “Bahar çiçəkləri içərisində” adlı kiçik hekayələri, N.Xaspoladın “İzsiz” adlı povesti daha çox diqqəti çəkir.

Mövzusu mənəvi-əxlaqi problem üzərində qurulmuş N.Xaspoladın “İzsiz” adlı povestində evlərini kirayə vermiş ana və qızla kirayəçi ata-oğul arasında yaranan münasibət və bu zəmində baş verən olaylar bədii təsvir obyektinə çevrilmişdir. Povestin süjet xəttində ailə-əxlaq dəyərlərinə münasibətdə nəsillər arasındakı fərqlər ön sıraya çəkilmiş, yaşam fəlsəfəsinə fərqli baxışlar sərgilənmişdir.

Teymur Atəşlinin “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk”, Cabbar Ertürkün ölümündən sonra yayınlanmış “Bir türkün II Dünya hərbi xatirələri” adlı əsərləri müharibə dövrünün faciələrini əks etdirən memuar ədəbiyyatı örnəkləri kimi önəm daşımaqdadır.

Legion ədəbiyyatı bəzi istisnalar nəzərə alınmazsa, əsasən, Azərbaycan türkcəsində yaranmışdır. Çeşidli janrlarda qələmə alınmış bu əsərlərin dili, üslubu xalq ədəbiyyatından qaynaqlanan sadə, aydın yazı tərzinə söykənir. Eyni zamanda mətnlərin dilində ortaq türkcənin çalarları da açıq şəkildə duyulmaqdadır.

Almaniyanın həbs düşərgələrində məhbus həyatı yaşamış olan azərbaycanlı əsir­lərə məxsus karikatura, rəsm və plakatlar da mövcuddur ki, bu isə onların yaradıcılıq axtarışlarının əhatəliliyindən qaynaqlanır.

Qeyd edək ki, Azərbaycan legion ədəbiyyatına məxsus mate­rialların bir qismi müharibə illərində legion mətbuatında dərc edilmişdir, digər qismi isə Almaniyanın federal və şəxsi arxivlərində mühafizə olunmaqdadır.

II Dünya savaşından sonra legionçu yazarlar dünyanın müxtəlif ölkələrinə səpələnmiş, çeşidli mövzularda yazdıqları əsərlərlə mühacirət ədəbiyyatını zənginləşdirmişlər.

Şübhəsiz ki, Almaniyada Azərbaycan legion ədəbiyyatını yaradan müəlliflərin böyük əksəriyyəti təxəllüs və yaxud gizli imza ilə yazdıqlarından gələcək tədqiqatlarda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində ciddi elmi axtarışlar aparılmasına ehtiyac vardır.

Prof.dr. Vaqif Sultanlı,
Bakı Dövlət Universiteti

Mənbə: “Füyuzat”, 2025, №1, 141