Xəbərlər

Niyə tarixən dövlətlərin bayrağında bənövşəyi rəng istifadə edilməyib?

Tarixən bənövşəyi rəng ən bahalı və yalnız krallıqların, imepratorluqların ali zümrəsinin istifadə edə biləcəyi bir rəng olub. Bu rəngin piqmentinin istehsalı XVIII əsrədək çox əziyyətlə hazırlanırdı. Bənövşəyidən ilk dəfə finikiyalılar istifadə edib. Suriya və Livanın Aralıq dənizi sahillərində yaşamış bu xalq bənövşəyi rəngi dəniz ilbizindən əldə edirdi. Antik Sur şəhərində bir qram bənövşəyi rəng almaq üçün on mindən çox ilbizdən istifadə olunurdu.

Bir sıra proseslərdən keçdikdən sonra ilbizdən əldə edilən məhlula müxtəlif komponentlər əlavə edilərək hava ilə təmasda olmasına icazə verildi. Təbii halında rəngsiz olan maye işığa davamlı olurdu və asanlıqla bənövşəyi rəngə çevrilə bilirdi. Uzun istehsal prosesində yaranan narahatedici qoxu dənizdən şəhərə doğru yayılırdı. Bu pis qoxu bənövşənin keyfiyyəti və bahalılığı kimi xalq arasında məhşurlaşdı və istehsal sonrası yaranan qoxu hətta “pul iyisi” də adlandırıldı.

Finikiyalıların hazırladığı bənövşəyinin dayanıqlı olması, parçada solmaması və Günəş işığına məruz qaldıqca parlaqlığını daha da artırması onu zəngin insanların rənginə çevirmişdi.

Yüz illər boyunca Mureks adlandırılan ilbizlərdən hazırlanan bənövşəyi rəng uzun müddət Roma, Bizans və Fars imperiyalarında simvola çevrilmişdi.

1533–1603-cü illərdə İngiltərə kraliçası I Elizabet özündən və kral ailə üzvlərindən başqa kəsləri bənövşəyi rəngdə libas geyilməsini qadağan etmişdi. Elizabetin dövründə yarım kiloqram bənövşəyi rəngin dəyəri 1,5 kiloqram qızıla bərabər idi (indiki dövrdə 56 min dollara). Bənövşəyinin bu cür astronomik dəyəri ölkə və krallıqların bayraqlarında bu rəngdən istifadə edilməməsinə səbəb olmuşdu.

İngilis kimyaçısı Uilyam Henri Perk 1856-cı ildə sintetik bənövşəyi rəngin istehsalını kəşf edir. Bundan sonra bənövşəyi rəng hər kəs üçün əlçatan olur. Öz zavodunu tikən Perk bənövşəyi rəng istehsalına başlayır. Bununla belə dünya ölkələrinin, demək olar ki, əksəriyyəti bayraqlarında bu rəngdən istifadə etmir.

Ləman Vahid