İsmayıl bəy Qaspıralı 21 mart 1851-ci ildə Krımın Baxçasaray şəhəri yaxınlığındakı Avcıköydə dünyaya gəlib. Qaspıra İsmayıl bəyin atasının doğulduğu yerin adıdır. İsmayıl bəyin atası çar ordusunda təqaüdçü leytenant olan Mustafa Əlioğlu, anası Krım əsilzadələrindən İlyas Mirzə Kaytafozun qızı Fatma xanımdır. İsmayıl bəy ilk təhsilini Baxçasarayda müsəlman məktəbində almış, daha sonra isə on yaşı olanda Ağməscid kişi orta məktəbində davam etdirmişdir. Burada iki il oxuyaraq əvvəl Voronejdəki hərbi məktəbə, daha sonra Moskva Hərbi Məktəbinə daxil olur. İsmayıl bəy, təbii olaraq, bu şəhər və məktəbləri özünə yad görürdü. Burada təhsil alan çox az sayda müsəlman türk uşaqları ilə yoldaşlıq əlaqələri qurur, onlardan əslən krımlı olan və Litvada yaşayan Mustafa Mirzə Davidoviçlə yaxından dost olur.
Rusiyadakı müsəlmanların ruslarla birlikdə yaşamaları üçün bir sıra həll yollarını göstərən Qaspıralı türk qövmlərinin ruslaşdırılmasını imkansız saydığından ən doğru yolun bu millətlərə haqq, ədalət, elm və azadlıq vermək olduğu fikrini müdafiə edirdi. Təmin ediləcək bərabər hüquqlar Rusiyaya birlik gətirəcək, o zaman rus olmayanlar da ən azı onlar qədər ölkə məsələləri ilə maraqlanacaqdı.
Məntiqli bir üslubdan istifadə edən İ.Qaspıralı bu üstün davranışlarıyla yazılarının qadağan edilməsinin qarşısını alıb. Onun ən böyük istəyi fikirlərini ehtiyatlı şəkildə çatdıra biləcəyi türk dilində bir mətbuat orqanı yaratmaq idi. Bu məqsəd üçün etdiyi rəsmi müraciətlər rədd edildikdən sonra Tiflisdə hər biri başqa ad daşıyan və bir növ məlumata bənzəyən vərəqələr yayır. Bir tərəfdən çıxarmaq istədiyi qəzet üçün icazə almaqla məşğul olur, digər tərəfdən də İdil boyunda yaşayan müsəlman türkləri arasında gəzərək qəzet üçün abunəçilər tapmağa çalışırdı. Nəhayət ki, o, 1883-cü ildə rus və türk dilində nəşr olunması şərtiylə qəzet çıxarmaq icazəsi alır. İlk nömrəsi 22 aprel 1883-cü ildə Baxçasarayda çıxan bu qəzet həftədə bir dəfə nəşr olunur. Qəzetə Şinasi Əfəndinin “Tərcümani-əhval”ından ilhamlanaraq “Tərcümani-əhvali-zaman” adını verir.
Beləliklə, “bahar günəşiylə dünyanın dirilib çiçəkləndiyi günlərdə uzun illərdən bəri qarlı kəfənlərlə örtülüb ölü kimi mürgüləyən şimal türklərinin ilk ağ bahar çiçəyi” açır…
Elçin İbrahimov
Filologiya elmləri doktoru, dosent