Aktual

Politoloq: Koridor məsələsində Rusiya və İranla Ermənistanın mövqeləri ayrıdır

Azərbaycan–Ermənistan sərhədində, eyni zamanda Qarabağda gərginlik yenidən artdıqca yeni müharibə ehtimalları üzərində müzakirələr başlayıb. Dünya ölkələrinin regionda baş verənlərlə bağlı açıqlamaları bu iddiaları gücləndirir.

Ancaq müharibənin başlayıb-başlamayacağı dəqiq söylənilə bilinmədiyi kimi, əgər başlayarsa, yeni müharibənin hansı istiqamətlərdə və hansı məqsədlər üçün reallaşdırılacağı, region dövlətlərinin mövqeyinin nə olacağı maraq doğurur.

“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, Ermənistan dövləti və Xankəndidəki hərbi xunta bölgədə vəziyyəti gərginləşdirməkdə davam edir:

“Qarabağ ətrafında vəziyyət gərginləşməkdə davam edir. Bu da Ermənistanın pozucu addımları və Xankəndidəki qondarma rejimin fəalliyyətini davam etdirməsi ilə bağlıdır. Xüsusilə də, Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməməsi, əksinə təmas nöqtəsində Azərbaycan mövqelərinə və dinc yaşayış məntəqələrinə təxribatlar törətmək, həmçinin Xankəndidə yaşayan ermənilərə humanitar yardımla bağlı məsələni siyasiləşdirmək, manipulyasiya etmək və bunu Azərbaycanın beynəlxaq imicinə böhtan atmaq üçün bir vasitəyə çevirmək istiqamətində atdıqları addımlar vəziyyəti gərginləşdirməyə davam edir. Azərbaycan hər nə qədər Qarabağdakı ermənilərin lazımı vasitələrlə təmin edilməsi üçün işlək mexanizmin tətbiqinə çalışsa da, Ermənistan və Xankəndidəki xunta bunun qarşısını hər vasitə ilə almağa çalışırlar. Buna bənzər olan Zəngəzur koridoru ilə bağlı məsələ Vətən müharibəsindən sonra ciddi problem kimi ortaya çıxsa da, Ermənistan bu məsələnin də reallaşmasına mane olur”.

Politoloq qeyd edib ki, qondarma rejim vəziyyəti müharibə həddinə çatdırıb: “Həm Qarabağda xunta rejiminin ətrafında yaranmış vəziyyət, həm də müharibədən sonra sərhədlərin delimitasiyası, Zəngəzur koridorunun açılması, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi ətrafında çox gərgin siyasi mühit formalaşıb. Bu gərginlik açıq-aşkar Ermənistanın 10 Noyabr müqaviləsinin bəndlərinin icrasından yayınması ilə bağlıdır. Əlbəttə, Xankəndidə xunta hakimiyyəti qurmuş dəstənin özündən əvvəlki ilə daha aqressiv bəyanatlar verdiyini nəzərə alsaq, sözsüz ki, sonrakı proseslər barədə nikbin proqnoz vermək çox çətindir. Xunta rejimi vəziyyəti elə bir həddə çatdırıb ki, Azərbaycanın güc tətbiq etməkdən başqa çarəsi qalmır. Çünki Xankəndidəki xunta rejimin tərk-silah olunması, onun Azərbaycanın yuristikasına tam qaytarılması üçün rəsmi Bakının sonsuza qədər vaxtı yoxdur. Azərbaycan maksimum qısa zamanda hədəfinə çatmalıdır. Çünki proses uzandıqca bölgəyə kənar müdaxilələr artır, Xankəndidəki hərbi xunta isə daha pozucu hərəkətlər etməyə başlayır. Ona görə də müəyyən bir zaman ərzində xunta Xankəndidə humanitar yüklərin daşınması ilə bağlı yaratdığı əngəlləri aradan qaldırmasa, qanunsuz silahlı birləşmələrin tərk-silahını həyata keçirməsə və Azərbaycanın inteqrasiya çağırışlarına uyğun real fəaliyyətə başlamasa, təbii ki, Azərbaycan güc tətbiq etməyə məcbur qalacaq”.

Aydın Quliyev bildirib ki, Zəngəzur koridoru məsələsində Rusiya və İranla Ermənistanın mövqeləri ayrılmağa başlayıb: “Zəngəzur dəhlizi ilə bağlı da gərginlik davam edir. Burada məsələ tək Azərbaycandan asılı deyil. Ona görə ki dəhlizin mümkün qədər tez açılması üçün Azərbaycan özündən asılı olanı edib. Qarşılığında Ermənistan İran ilə həmrək şəkildə dəhlizin açılmaması üçün əlindən gələni edir. Eyni zamanda bu gün Ermənistan–İran, Ermənistan–Rusiya münasibətlərində yaranmış gərginlik müəyyən qədər dəyişiklik kimi qəbul edilə bilər. Bu dəyişiklik Zəngəzur koridorunun açılması üçün yeni bir fürsət yaradır. Daha doğrusu, koridorun açılması məsələsində artıq Rusiya və İranın mövqeləri ilə Ermənistanın mövqelərinin ayrıldığını görürük. Ermənistanın Qərbə meyillənməsi, ABŞ ilə hərbi təlimlər keçirməsi İrəvanın Moskva və Tehranla münasibətlərində soyuqluq yaradıb. Çünki Qərb ilə əlaqərin genişlənməsi və ABŞ ilə təlimlər İran və Rusiyada birmənalı qarşılanmır.

Belə bir şəraitdə Moskva və Tehranın Zəngəzur koridoru məsələsində mövqelərinin hansı istiqamətdə dəyişəcəyini bir müddət gözləmək lazımdır. Ermənistan Zəngəzur koridorunun və digər kommunikasiya xətlərinin açılmasına mane olsa, əlbəttə, bu zaman Ermənistana hərbi təzyiq göstərilməsi məsələsi aktuallaşacaq. Bu nöqtədə Azərbaycanın xarici siyasətinin Rusiya ilə əlaqələndirilməsinə ehtiyac yaranacaq.

O ki qaldı sərhədlərdə birbaşa Ermənistanla müharibə məsələsinə, Azərbaycanın Ermənistan ilə müharibə etmək, Ermənistana hücum etmək məqsədi yoxdur. Əgər bir müharibə olacaqsa, bu ancaq Ermənistanın Azərbaycan sərhədləri və ərazilərinə açıq hərbi təcavüz edəcəyi təqdirdə əks-cavab tədbirlərindən ibarət olacaq. Beləcə, gərginliyin müharibə fazasına keçməsi halında bütün məsuliyyət yenə də Ermənistan dövlətinin üzərindədir”.