Son günlər Avropadan Ukraynaya dəstək verilməsi ilə bağlı ciddi açıqlamalar verilir. Bu açıqlamaların bir çoxu dəstəyin yetərsiz olduğu və artırılmasının vacib olduğu yöndədir. Hətta ayrı-ayrı dövlətlər artıq müxtəlif dəstək də ayırıb. Məsələn, Danimarkanın baş naziri Mette Frederiksen Rusiya ilə müharibədə lazım olduğunu əsas gətirərək bütün artilleriya silahlarını Ukraynaya bağışlamağa qərar verib.
Həmçinin Ukrayna Rusiya ilə müharibədə bir çox ölkələrdən, xüsusilə də ABŞ-dan dəstək almağa davam edir.
Bəs Ukraynaya Rusiyaya qarşı mübarizədə verilən dəstək ciddi şəkildə artırıla bilərmi? Ümumiyyətlə Ukrayna probleminin həlli perspektivləri nədən ibarətdir?
“Füyuzat” mövzu ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib. O bildirib ki, müharibənin gedişində hər iki tərəfin böyük itkilər verdiyi danılmazdır:
“Hər iki tərəf yüz minlərlə canlı qüvvəsini, külli miqdarda silah və texnikasını itirib və eyni şəkildə hər iki ölkənin iqtisadiyyatına külli miqdarda ziyan dəyib. Ukrayna ilə müharibədə Rusiya tərəfinin indiyə qədər 211 milyard dollardan çox vəsait xərcləməsi ilə bağlı məlumatlar var. Eyni şəkildə Ukrayna da öz vəsaitindən savayı ABŞ və Avropa İttifaqı ölkələrindən aldığı milyardlarla dollar vəsaiti xərcləyib.
Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq yardım haqqında 815 saylı qanun layihəsini dəstəkləməsi ilə ABŞ tərəfindən Ukraynaya daha 60 miyard dollar maliyyə ayrılması nəzərdə tutulub. Buraya ABŞ-ın indiyə qədər Ukraynaya hərbi ehtiyaclar üçün 75 milyard və digər ehtiyaclar üçün daha 38 milyard dollar ayırdığını, eləcə də Avropa İttifaqı ölkələri tərəfindən ayrılan 110 miyard dolları da əlavə etdikdə görürük ki, müharibə Ukraynaya sırf maliyyə baxımından daha baha başa gəlir.
Bu şərtlər daxilində Rusiya və Ukraynanın daha neçə il müharibə aparmaq iqtidarında olmasını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki Rusiya bütün sanksiyalara rəğmən hələ də müharibəni davam etdirmək iqtidarındadır. Çünki Avropa İttifaqı ölkələrinin bir qismi hələ də sanksiyalara baxmayaraq, Rusiya ilə ticarət münasibətlərini davam etdirir. Hətta ABŞ-ın özündə belə ayrı-ayrı şirkətlər təkcə 2023-cü il ərzində Rusiyadan enerji məhsullarının alışı ilə bağlı iki müqavilə əsasında Rusiyaya milyonlarla dollar vəsait ötürüb”.
Politoloq hadisələrin sonrakı inkişafını da şərh edib:
“Odur ki hadisələrin bundan sonrakı gedişi Qərbin Ukraynaya dəstəyinin hansı səviyyədə olacağından asılıdır. Görünən odur ki, Qərb Ukraynaya əvvəlki kimi maddi və hərbi dəstək göstərməkdə maraqlı deyil. Bunun da müxtəlif səbəbləri var. Lakin ən başlıca səbəb kolektiv Qərbin artıq öz istəklərinə nail olması ilə bağlıdır. Qərbin istəyi Rusiyanı münaqişəyə cəlb etməklə ona qarşı misli görülməmiş sanksiyalar tətbiq etməkdən ibarət idi ki, buna da nail olunub. Rusiyaya ayrı-ayrı sahələr üzrə təxminən 12 minə yaxın sanksiya tətbiq olunub. Bu da Rusiyanın iqtisadi cəhətdən zəifləməsinə və öz valyuta resurslarını fantastik dərəcədə xərcləməsinə gətirib çıxarıb. Yəni Qərb artıq Rusiya iqtisadiyyatını zəiflətmək hədəfinə nail olub. Digər məqsəd NATO-nun genişlənməsinə nail olmaq idi. Buna da nail olunub. Ukraynanın NATO-ya üzv olmamasına baxmayaraq, Finlandiyanın alyansa daxil olması Rusiya ilə sərhədləri 1200 kilometrə qədər yaxınlaşdırıb. Bu da NATO-nun Rusiya ilə sərhədlərinin iki dəfə artması deməkdir. Üstəlik, Rusiyanı həmsərhəd olduğu Ukrayna ilə əbədi düşmənə çevirdilər. Qərb də yaxşı bilir ki, artıq Rusiya ilə Ukraynanın münasibətinin əvvəlki səviyyəyə çatması mümkün deyil. Onu da anlayırlar ki, Ukrayna hərbi dəstək almasa belə partizan müharibəsi ilə öz mübarizəsini davam etdirəcək. Odur ki Qərb üçün əlavə resurs xərcləmək artıq mənasız bir iş kimi görünür.
Bütün bunları göz önünə aldıqda deyə bilərik ki, zamanla Qərbin Ukraynaya dəstəyinin böyük ölçüdə azalmasına şahidlik edəcəyik. Elə bu səbəbdəndir ki, Qərbdə ayrı-ayrı dairələr artıq Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmasının vacibliyi ilə bağlı çağırışlar edirlər.
Elə dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Ukraynaya dəstək vermək üçün təqdim edə biləcəyimiz başqa sehrli planımız yoxdur” açıqlaması da onu deməyə əsas verir ki, öz istədiyinə böyük ölçüdə nail olan Qərb üçün indi tərəfləri danışıqlar masasına oturtmaq müharibəni dayandırmaq üçün yeganə mümkün yol kimi görünür”.