Elçin Bilaloğlu Füyuzat 132

Qarabağ Azərbaycandır!

Rusiya və İran arasında 1813-cü ilin 12 oktyabr tarixində imzalanmış Gülüstan və 1828-ci ilin 10 fevralında imzalanmış Türkmənçay müqavilələri ilə əzəli Azərbaycan torpaqları, eləcə də bu ərazidə yaşayan Azərbaycan türkləri ikiyə bölündü. İki əsrdən artıq bir dövrdə dünyada baş verən siyasi proseslər Azərbaycandan da yan keçmədi. Amma daim öz üzərimizdə Rusiya və İranın “Domokl qılıncı”nı hiss etdik. Çar Rusiyası Azərbaycanı parçalamaqla kifayətlənmədi, əsli-kökü bilinməyən, özündən güclülərə yarınmaqda və yalmanmaqda ad çıxarmış erməniləri əzəli türk torpaqlarında cəmləşdirməklə demoqrafik vəziyyəti xristian əhalinin xeyrinə dəyişməyə cəhd göstərdi. Bununla da Qafqazda münaqişə ocağının təməlini qoydu. Ayrı-ayrı dövrlərdə bu istəyinə nail oldu.

Cari ilin avqust ayının 16-da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasında bütün dünya ermənilərinin və onların havadarlarının gözündə “hər şeyə qadir erməni lobbisi” mifi bir daha dağıdıldı. Paradoks burasındadır ki, 30 ilə yaxın BMT-nin qətnamələrini heçə sayan Ermənistan indi bu təşkilatdan öz maraqlarına uyğun qərarlar gözləyir. Dövlətin icazəsi olmadan onun ərazisinə humanitar yardım adı altında konvoy yeritmək cəhdi isə müasir tariximizdə ilk hadisə deyil. 9 il əvvəl – 2014-cü ildə eyni oyunu Rusiya Ukrayna sərhədində çıxartdı. O vaxt Kiyev Rusiyanın Ukraynaya silah-sursat və terrorçu keçirəcəyindən ehtiyatlandığına görə Moskvanın humanitar yardım adı verdiyi təşəbbüsünü rədd etdi. Bəs onda Qərbin məsələyə münasibəti necə idi? Təbii ki, ABŞ və Avropa İttifaqı (Aİ) o zaman birmənalı şəkildə Rusiyanın əməllərini qınayıb Ukraynanın müdafiəsinə qalxmışdı. Əslində, Ermənistanın humanitar yardım adı ilə bir yığın yük avtomobilini Azərbaycanla sərhədə gətirməsi də mahiyyətcə eyni hadisədir. Amma buna baxmayaraq Qərb Qarabağ ətrafındakı “humanitar yardım” oyununa fərqli münasibət sərgiləyir, bəzi Qərb dövlətləri, xüsusilə Fransa və ABŞ erməni diasporunun təsiri altında separatçıların tələblərini dəstəklədiyini bildirir. Belə olmasaydı, 2014-cü ildə Rusiya humanitar yardım bəhanəsi ilə Ukraynaya yük avtomobilləri göndərəndə Qərb məsələyə necə reaksiya vermişdisə, indi də elə reaksiya verməli idi. 2014-cü ilin avqustunda NATO-nun baş katibi Anders Foq Rasmussen belə deyirdi: “Rusiya konvoyunun humanitar yardım adı altında Ukraynaya girməsini qınayıram. Bu, Rusiyanın beynəlxalq öhdəlikləri kobud surətdə pozmasıdır”.

“Rusiya hara, Ukraynaya yardım göstərmək hara?.. Bu səbəbdən gələcəkdə Rusiyanın Ukrayna ərazisinə birtərəfli qaydada istənilən müdaxiləsi, o cümlədən humanitar yardım adı altında müdaxiləsi yolverilməzdir”, – 2014-cü ilin avqustunda deyilmiş bu fikrin müəllifi həmin vaxt ABŞ-ın BMT-də daimi nümayəndəsi olmuş Samanta Pauerdir.

“Rusiyadan Ukraynaya yük avtomobillərinin göndərilməsi açıq-aşkar Ukrayna sərhədlərinin pozulmasıdır”, – bu isə Avropa Komissiyasının rəsmisi Sebastyan Brabantın fikridir. Aİ-nin ali nümayəndəsi Josep Borrellin Qarabağla bağlı məsələyə yanaşması fərqin nə qədər böyük olduğunu qabarıq şəkildə büruzə verir: “Azərbaycan hökumətinin Ağdam yolu ilə ərzaq məhsullarının daşınmasına hazır olduğunu bildirməsindən məlumatlıyıq. Lakin bu yol Laçın dəhlizinin yenidən açılmasına alternativ ola bilməz. Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin yenidən açılmasına dair verdiyi qərara baxmayaraq, bu yolda hərəkətə 7 aydan çoxdur maneə yaradılır”. Bununla da beynəlxalq təşkilatların nümayəndələri erməni manipulyasiyasına haqq qazandırırlar.

Göründüyü kimi, eyni hadisəyə yanaşmada fərqli mövqe nümayiş etdirilir. Belə olmasaydı, Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Qarabağ ermənilərinə humanitar yardım məsələsini müzakirəyə çıxara bilməzdilər. Burada bir fikri də xüsusi olaraq qeyd etməliyik ki, 16 avqustda ermənilərin və ermənipərəstlərin burnunun ovulmasına baxmayaraq, onlar yenidən BMT Təhlükəsizlik Şurasında hansısa təxribat törədə bilərlər. Buna görə daim ayıq olmaq, qarşı tərəfin təxribatlarının qarşısını vaxtında almaq diplomatlarımızın əsas vəzifəsidir.

Doğrudanmı, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar yardımlara ehtiyacı var? Əslində, bu sualın cavabı birmənalı olaraq “xeyr”dir. Əgər yardıma ehtiyacları vardısa, onda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağa yola saldığı humanitar yardımı böyük məmnuniyyətlə qəbul etməli idilər. Halbuki biz bunun tamam əksini görürük. Vardanyanın tör-töküntüləri yardımın qarşısını almaq məqsədilə Ağdam–Xankəndi yolunda çadırlar qurmağa başlayıblar. Deməli, Ermənistanın yardımı humanitar manipulyasiyadan başqa bir şey deyil. Bu işdə rus sülhməramlı kontingenti öz maraqlarını güdür. Məqsəd odur ki, gələcəkdə “sülhməramlılar”ın Qarabağ ərazisindən çıxarılması məsələsi qaldırılsa, vay-şivən salmaq üçün mövzu olsun…

Davamı…