Ümumiyyətlə, qurulan ilk dövlətlərdə insan haqları anlayışının tətbiqindən danışmaq olmazdı. 1215-ci ilə qədər İngiltərədə ancaq kralların və saray əyanlarının hüquqları üstün idi və xalqın toplumsal haqları heç maraq oyatmırdı. Bu vaxta qədər Çində bir-birini əvəzləyən sülalələr Şərqdə insan seçiminin nə qədər üst səviyyədə olduğunun göstəricisi idi. Xan və Sun sülələrinin rəhbərliyə gəlməsi insanlara daha yaxşı vədlər verməsi ilə mümkün idi. Hindistanda insanlar kastalara bölünsə də, hər insan qrupunun içərisində öz hüquqlarını bəyan edən və əməl olunan açıq göstərişlər mövcud idi. Qədim türk toplumlarında sərkərdələrin bacarıqsızlığı xalqın qarşısında qiymətləndirilir, xalq önündə açıq məhkəmə tipli toplantılar reallaşırdı. İstər uyğurlarda, istət Ağ Hun İmperiyasında əkinçilər və aşağı zümrələr arasında gizli rəy öyrənilir və verilən bütün sərəncamlarda buna əməl olunurdu. Qərbi Hun İmperatorluğunda və Attilanın hökmranlığı illərində insanların səs verməsi ilə hər bir ərazi yaşayış məskənindəki sakinlərin problemləri toplanır, onların öz seçdikləri insanlar tərəfindən yuxarılara təkliflər ötürülürdü.
Əmir Teymur sənətkar və rəssamları xüsusi qayğıya alanda, Qərbdə sənət adamları və texniki elm fədailəri inkvizision təhdidlə üz-üzə qalırdı. Tutaq ki, hansısa Şərq dünyagörüş forması və ya quruluşu da işğala səsləyə bilərdi, amma əgər biz obyektiv təhlildən danışırıqsa, o zaman mənfiliklərlə yanaşı müsbət olanları da deməliyik və bu zaman sərhədlər müəyyənləşdirməməliyik.
Şərqdə insan haqları məsələsi sufilərdə daha qabarıq rast gəlinirdi. Şəms Təbrizi insanı yaradılışdan azad varlıq hesab edirdi. İnsanın varlıq olaraq mükəmməl olmasını sufizm onun haqlarında görürdü. İnsan azad olduğu müddətdə günahlardan çəkinər. Sufizm insanı hüquqlarında yüksələn varlıq kimi qiymətləndirirdi.
Həllac Mənsurda insan haqları özünə qədərki dövrdə olan bütün baxışlardan bir pillə yuxarı qalxdı.
Həllac Mənsura görə insanı özəl edən onun bu keyfiyyətləri idi; əxlaq, inanc, azadlıq, dərk etmə və öz haqları. Mənsur insanların hüquqlarını əllərindən alan despotik hökmdarlara qarşı çıxırdı. İnsan hüquq və azadlıqları ilə bağlı fikirlərini daha da inkişaf etdirərək Tanrıdan üz çevirən insanları əbədi şeytan əllamələri hesab edirdi. Allahın insana verdiyi təbii yaşam haqqını əlindən alan insan kütlələri Mənsurun dünyagörüşündə ən aşağı pilləli yaradılış kateqoriyasında dayanırdı.
Bu yanaşmanın daha kəskin forması özünü görkəmli sufi ideoloqu və ictimai xadimi Əbu Həfs Sührəvərdidə büruzə verirdi. Sührəvərdi hesab edirdi ki, mənəvi kamilləşmənin ali nöqtəsi digər insanların hüquqlarından keçir.
Mahmud Şəbüstəri sufinin eşq idealında azadlığı məlhəm kimi görürdü. Sufilərin daha asketik nümayəndəsi Rəbiyyə əl-Ədəviyyə bütün həyat nemətlərindən imtina edib, həyatını Allaha ibadətə bağlayanda insanlar arasındakı haqsızlıqlara etiraz edirdi. Allahın canlı və bütöv yaratdığı insanı başqa insan aşağılayıb və haqqını qəsb edirsə, buna göz yummaq da şər əlaməti hesab olunurdu Rəbiyyədə. XVI əsrin sonu, XVII əsrin I yarısında fəlsəfə, elm, məntiq, teosofiya problemləri ilə məşğul olan Yusif Qarabağinin fəlsəfi irsi şərh formasında idi. Onun məntiq və fəlsəfə problemlərinə həsr edilmiş əsərlərində varlıq, ruh, nəfs, tək və çox, makro və mikroaləm, Kainat, insan və Allah münasibətləri, onların vəhdətdə eyniyyəti problemi şərh edilir.
Nəfsi insanlıq bəlası hesab edən Yusif Qarabağinin ideyalarında insan haqları xüsusi vurğulanırdı. Daha sonra hürufi filosoflarında və islam peripatetik təlimlərində qabardılan insan azadlığı problemi bir də İşraqilik fəlsəfi təlimində özünün müzakirə əhəmiyyətini göstərdi. Allahı “işıqlar işığı”, insanı “nur parçası” hesab edən işraqi filosoflar insanların bərabər şəkildə haqlara malik olmasını Allahdan buyurulan bir nüans hesab edirdilər.
Şərq fikrində insan haqq və azadlıqları problemi hələ orta əsrlərdə öz həllini tapsa da, Qərb dünyasında bu problemlər 17-18-ci əsrlərdə qabardılmağa başlandı. Tomas Hobbsun liberal baxışları və Jan Jak Russonun azadlıq nitqləri yeni-yeni Qərb kültürünü silkələməyə başlayırdı. Mədəni tərəqiqiyi uzun illərin anti-sekulyar rejimindən sonra dirçəltməyə çalışan qərblilər Monteskiyonun dediyi formada, soyuqqanlılıqla təkamül etdirirdi.
Şərq isə yeni dövrə Azərbaycan maarifçiləri ilə parlaq bir imza atırdı. Azərbaycan maarifçilərinin insan haqları məsələsinə həssasiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin idarə edilmə formasında istifadə olunmağa başladı.
Bu dövrdəki maarifçilərimiz öz əsərlərində milli həyatımızın gerçəkliklərini, adət-ənənələrini, ictimai davranış normalarını güzgü kimi əks etdirir, bu həyatın gerilikçi tərəflərini tənqid etməkdən çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə, əsl maarifləndirmə – acı gerçəkləri göstərmək yolunu tuturdu.
Başda Azərbaycan xalqı olmaqla, bütün türk-müsəlman xalqlarının dünya sivilizasiyasının müasir dəyərlərinə qovuşmaq məqsədi XIX əsrdə başlayan feodalizmin dağılması posesinin sürətlənməsi, xalq azadlıq hərəkatının genişlənməsi realist ədəbiyyatın inkişafını sürətləndirdi. Xalqın millətə çevrilməsi prosesi başladı. Xalq şüuru inkişaf edib milli şüura çevrilirdi.
Milli şüurda ictimai həyata qarşı oyanan fəal münasibətin getdikcə artması ədəbiyyatın həyatla olan əlaqəsini möhkəmləndirdi. Ədəbiyyat həyat həqiqətini nisbətən daha geniş və daha dərindən əks etdirməyə başladı: onun mövzuları əhəmiyyətli dərəcədə ictimailəşdi. Ədəbiyyatın əsas aktual mövzuları feodal ətalət və süstlük, cəhalət və nadanlıq, gerilik və irtica, mənəvi boşluq, mütləqiyyət və zorakılıq əleyhinə mübarizə milli şüurun, milli ruhun dirçəldilməsi oldu.
Əfsuslar olsun ki, dünyada insan haqlarına yanaşma həm bir tərəfli, həm də məqsədli şəkidə baş verib və verməkdədir.
Rahatlıqla ölkələri bombalayanda, Quantanamoda məhbusları ilə ün qazananda, insanlar dəri rənginə görə basqılara məruz qalanda, kütləvi aksiyalar görünməmiş zorakılıqla dağıdılanda, insanların təhqiqatlarına görə təqibləri məruz qaldığı anlarda Qərb öz içərisindəki ədalətsizliklər və haqsızlıqlardan diqqəti yayındırmaq üçün, Şərqdə “demokratiya carçılığı” harayına düşür. Artıq qlobal böhran yalnız iqtisadi kataklizmlərlə deyil, real dünya mənzərəsiylə aydın olduğu üçün, insanları aldatmaq da əvvəlki kimi asan deyil. İnsan təfəkkürü aşılanan və piarı aparılana deyil, öz analogiya və müqayisələrinə inanır artıq.
Hovard Zinn “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabında cəsarətlə yazır: “Quldarlıq və irqçiliyə, hindu qətliamına, işçi sinifinin istismarına və ABŞ-ın Amerikanın abirogenlərini məhv edərək genişlənməsinə diqqət çəkməmək vətən xainliyi deyilmi?! Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərinimi düşünürlər? Bu vicdan məsələsidir. Hökümətlərimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət deyil. Kolumbun bu qitəyə qızıl axtarmaq üçün gəlməsi və ətrafı yandırıb-dağıtması nəyə görə qəhrəmanlıq olsun? Teodor Ruzvelt İspaniya-Amerika müharibəsinə daxil olduğu, ispanları Kubadan qovduğu və bu arada ABŞ-ın gələcəkdə Kubanın idarəsini ələ keçirməsini asanlaşdırdığı üçün onu nəyə görə qəhrəman etməliyik?”
Göründüyü kimi, həqiqətlər və deyilənlər həmişə məqsədli olur və ayıq olmaq suallara cavab tapmaqda əsas vasitədir.
P.S. İnsan haqları problemi heç kimin inhisarında olmayacaq qədər önəmli faktordur.