Köşə Yazıları Tural İsmayılov

Salam, Qərb, mənəm Şərq, tanımadın?

İnkişaf meyarları düz xətdən çıxdıqca, tarix öz çarxında kələ-kötür yollara məruz qalır. İllər boyu sülh və ədalət meyarlarından danışan dünya bu anlayışları dəyərsizləşdirir, bəhs edilən məsləhətlər öz funksiyasını itirir.

Dünya heç olmadığı qədər çirkab səhnələrinə şahidlik etməyə başlayır. Sevgi və hörmət bir ovuc qum kimi süzülərək yoxa çıxır. Hər şey sanki gördüklərimiz kimi olmalıymış təsiri bağışlayır. Abır deformasiyaya məruz qalır. İnsanların seçim azadlıqları kütləvi şəkildə zombi hücumlarına məruz qalır və real dünya artıq yaşanmayacaq dərəcədə saxta görünməyə başlayır. Sanki bu planet hər kəsin deyilmiş və sanki bu dünya oksigenini udan xalqlar buna görə kiməsə hesab verməliymiş kimi bir mənzərə yaranır.

Frensis Bekon dünyanı istismarçı hala gətirən insanlıq səhifəsinə qədəm qoyduğumuzu deyəndə, gözlərimiz önündə baş verən qlobal ədalətsizlikləri nəzərə alırdı.

Veber öz utopiyalarına yalnız romantik olduğuna görə inanmırdı, əmin idi ki, heç nə olduğu kimi qalmamalıdır.

İbn Sina insanı öldürən şeyin kənardan gələn viruslardan çox onun öz eqosu olduğuna inanırdı.

Mövlanə Cəlaləddin Rumi də ədalətsizliyi və insanların haqlarının tanınmamasını digər insanlardan törəyən mənəvi çöküş hesab edirdi. Qərbin iç dünyasını tənqid etdiyi üçün əsərləri geopolitik nəhənglər tərəfindən sevilməyən Çak Palanik yalnızca həqiqətləri bağırdığı üçün yox, istismarçı güclərə lağ etdiyi üçün sevilmirdi.

Niyə bizə sırınan şeyləri olduğu kimi qəbul etməliyik və yaxud da dünyada aparılan informasiya işğalına gözübağlı inanmalıyıq? Rupor rolunu həmişə çiyinlərində böyük həvəslə daşıyan beynəlxalq media holdinqlər istismarın əl çalanı olmaqdan məmnunluq duyur və bəllidir ki, hazırlıqsız kütlələrin ələ alınmasında əsas vasitəçidir.

Skeptik filosofların olan hər informasiyaya və yaranan yeni ideyalara həvəslə can atmamasının kökündə də məhz deyilən gerçəklik fonundakı yalanların mahiyyətinə bələd olmaq dayanmırdımı? İnsanın haqqı onun təbii yaşam meyarıdır. Bu haqqı dünyaya heç bir xalq konkret verməyib ki, indi də sanki insan haqlarını özləri pozmurmuş kimi digər xalqların dəyərlərinə hücum etsinlər. Çərçivələri müəyyənləşdirənlər bu çərçivəni də özləri pozanlardır. İnanmaq üçün bilgi heç vaxt önəmli olmayıb.

Psixoloji araşdırmalar nəticəsində ortaya çıxan real elmi faktor da məhz bunu iddia edir. İnandırmaq üçün bilgisizliyin çoxluğu önəmlidir. Və güc sənin əlindədirsə, azsaylı ayılan insanları da rahatlıqla susdura bildiyincə susduracaq, ya da elə bir basqı eyforiyası yaradacaqsan ki, bilgili insanlar rahatlıqla yazan və deyən aktiv lokomotiv modundan passiv izləyici halına düşəcək. Tamaşaçılar iştirakçılardan daha maraqlıdır.

Martin Lüter Kinq istismara və haqqların tapdalanmasına qarşı üsyan edəndə elə belə de deyirdi: “İndi insanlar sizin istədiyiniz reallıq donunu əyinlərinə geyinmir. Tarix öz axarını tapdıqca və yeni nəsillər inkişafa qədəm qoyduqca yalanlara nifrət qusacaq və inandırım sizi ki, tarixin elə bir anı olacaq ki, orada insanlar daha çox maariflənəcək və daha aydın formada hər şeyi dərk edəcəklər”.

İsmini xatırlamadığım türk aydınlarından birinin bu ideyaları dəstəkləyən bir yazısına rast gəlmişdim. O da qeyd edirdi ki, azadlıqlar və hüquqların yaradıcısı dünya insanıdır.

İslam mütəfəkkiri Əl-Fərabi insan azadlığını dünyanın fövqündə duran nemət kimi dəyərləndirirdi. Antik Ellin mədəniyyəti və Roma kültürünü süquta məruz qoyan və əlindəkilərlə kifayətlənməyən Qərb liderləri üçün tarixin hər dövründə istismar və Şərqə müdaxilə bir məqsəd rolu oyanyırdı. Tarixi sübutlarla öyrənən Arnold Toynbi həqiqətin güzgüsü kimi əməli görürdü.

Danışdıqlarımız və söylədiklərimiz nə qədər gözəl görünsə də, biz ona əməl etmədiyimiz təqdirdə, bizə qarşı qıcıq oyandıracaq. Tarixi yaşatmaq olar və tarixlə yaşamazlar.

Lakin, axı dünyanın gözü önündə Şərqə iki atom bombası atılmadımı? Tarixi bir xəta kimi dəyərləndirilsə də, bütöv bir millətin haqqına girərək insanları nüvə silahı ilə məhv etmək unudulacaqmı? Fukuyama tarixi ona görə proqressiv xəttdən reqressiv xəttə sıçrayan qarşısı alınmaz geri dönüş kimi qiymətləndirirdi. İnsanlıq inkişaf edir və beyin yeniliklərlə elm və texnologiyada hər yeni gün daha bir möhtəşəmliyə imza atarkən, həm də eyni zamanda insanlıq tarixi daha çox qaralamaya və məhvə məruz qalır. Antik yunan fəlsəfəsini yaratmış Qərb insanının sonra orta əsərlərdə insan haqqlarını öncə öz toplumunda, sonra daha geniş areallarda pozması buna dəlildir. Öncə öz insanının azadlıqlarını məhv etmək üçün onu tonqallara atacaqsan, daha əvvəl isə, yeni sərvətlər üçün, Şərqə hücum edəcəksən. Bütün səlib yürüşləri insanlığın inkarsız reqressiyasıdır. Səlib yürüşləri bitdikdən sonra, yeni coğrafi kəşflər edib hindu qətliamları törədəcəksən və aşağı yuxarı eyni ssenarini çağdaş Şərq dünyasına tətbiq etməklə, sonra azadlıq və insan haqlarından nağıllar uyduracaqsan. İmperializmin məğzi də üç sütuna söykənmirmi? 1) İsitismar üçün sonsuz bəhanələr tapmaq; 2) İşğalı qloballaşdırıb öz əməllərinə haqq qazandırmaq; 3) Etdiklərinə görə heç vaxt cavab verməmək lyuksu.

İnsan haqları Demosfen, Sokrat, Platon, Aristotel kimi qədim filosofların əsas müdafiə etdiyi məsələ olsa da, sonralar sxolastika Qərbin özündə o həddə çatdı ki, insan haqqlarının pozulması dəhşətli cinayətlər fonunda baş verdi və Varfolomey gecəsi kimi böyük bir utanc tarixi yazıldı.

Ardı var…