“Bu günün məktəbi sabahın cəmiyyətidir.
Bu gün məktəbimiz necədirsə, sabah cəmiyyətimiz də elə olacaq.”
Andreas Şleyxer
(PİSA – Beynəlxalq Şagird Qiymətləndirməsi proqramının yaradıcısı)
Andreas Şleyxerin bütün zamanlar və cəmiyyətlər üçün keçərli olan bu fikrinə digər yazılarımda da təkrar-təkrar müraciət edirəm. Çünki cəmiyyətin formalaşmasında, şəxsiyyətin inkişafında məktəbin rolu danılmazdır. Bu baxımdan hər birimizin həyatının müəyyən dövrünü əhatə etmiş, həmçinin övladlarımızın da vaxtlarının çox hissəsini keçirdiyi məktəb dönəmi çox önəmlidir.
Qarşıdan 2024/2025-ci tədris ili üzrə I sinfə şagird qəbulu prosesi gəlir. Yuxarıda qeyd etdiyimiz nüanslardan dolayı məktəb seçimi, xüsusən də birinci sinfə qəbul valideynlər üçün çox önəmlidir. Övladlarımızın gələcəyini düşünərək haqlı olaraq bu prosesə çox həssas yanaşırıq. Bildiyimiz kimi, məktəb kollektiv tərbiyənin baş verdiyi, həmçinin şəxsiyyətin formalaşdığı bir məkandır. Xüsusən də ibtidai təhsil prosesi uşaqlarda öyrənmə, həmçinin sosial-emosional bacarıqların aktiv formalaşdığı bir dövrdür. Ailələr üçün bu dövrdə övladlarını hansı məktəbə göndərəcəkləri qayğısı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hər bir valideyn övladı üçün ideal məktəb seçmək arzusunda olur.
Öncə onu qeyd etmək yerinə düşər ki, biz xalq olaraq istər sovet dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra daim təhsilə, elmə, həmçinin onun inkişafına xüsusi önəm vermişik. Bu gün dövlət siyasətimizin mərkəzində duran təhsil öz prioritetliyini qoruyur. Dövlətimizin təhsil sahəsində apardığı islahatlar təqdirəlayiqdir. Bu baxımdan artıq bir-neçə ildir ki, təhsildə tətbiq edilən innovasiyalar, o cümlədən məktəbəhazırlıq və I sinfə qəbulun elektron formada həyata keçirilməsi çox önəmli addımlardandır.
Bəs məktəb seçimi edərkən valideynlər hansı məqamlara diqqət etməlidirlər? Aşağıda bu kimi suallara cavab tapmağa çalışacağıq.
Araşdırmalara əsasən, deyə bilərik ki, bir məktəbi fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri məktəbdə formalaşmış mühitdir. Məktəb mühitini formalaşdıran sosial, mədəni, emosional və psixoloji amillər şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynayır. Bu mənada müsbət mühitin formalaşdığı məktəblər uşaqların təhsil həyatlarında özlərini xoşbəxt, təhlükəsiz və dəyərli hiss etmələrini təmin edir.
Yazılarımızın birində qeyd etmişdik ki, “müasir məktəblərin hədəfi şagirdləri gələcək dünya ilə ayaqlaşa biləcək hala gətirmək olmalıdır. Bu prosesə daha geniş baxacaq olsaq, görərik ki, məktəbin missiyası ilə birgə gələcək üçün insan kapitalı formalaşdırmaq və müasir təhsil prosesi ilə ayaqlaşmaq bir təhsil müəssisəsi üçün çox əhəmiyyətlidir. Belə ki, XXI əsr məktəbi sürətlə dəyişən dünya üçün iti düşüncəyə sahib insan hazırlamaq gücündə olmalıdır”. Qeyd olunan bu məqamları nəzərə alaraq deyə bilərik ki, məktəb seçimi edərkən diqqət edilməli əsas məqamlardan biri də məktəbin öz şagirdlərində bu günün və gələcəyin tələbi olan bacarıqları formalaşdıracaq gücünün olmasıdır. Tənqidi düşüncə, problem həll etmə, məlumatı təhlil edib, ondan faydalı istifadə edə bilmə, şifahi və yazılı ünsiyyət bacarıqlarının inkişafında məktəbin atdığı addımlara baxılmalıdır.
Məktəb seçimi edərkən nəzərə alınmalı olan önəmli məqamlardan biri də rəhbərliyin və müəllim kollektivinin peşəkarlığıdır. Belə ki, peşəkar idarəetmə sisteminə və müəllim komandasına malik olan bir məktəb təbii ki, şagirdləri üçün aktiv öyrənmə mühiti yarada bilər. Həmçinin yaxşı bir məktəb daima öz müəllimlərinin bilik və bacarıqlarını təkmilləşdirmək üçün müxtəlif təlim proqramları təşkil etməli, onların inkişafı üçün mütəmadi olaraq zəruri addımlar atmalıdır. Andreas Şleyxerin də dediyi kimi, “təhsilinin səviyyəsi müəllimlərinin səviyyəsindən üstün olan təhsil müəssisəsi yoxdur”.
Məktəbin mədəni mühiti seçim edərkən diqqətə alınmalı olan çox önəmli özəlliklərdən biridir. Belə ki, mədəni məktəb mühiti fədakar müəllimlərin formalaşmasına, həmçinin şagirdlərin də performansına təsir göstərə bilər. Sağlam mədəni mühit müəllimlərin öz bilik və bacarıqlarını inkişaf etdirməyə, peşəkarlıqlarının yüksəlməsinə təsir edəcək amillərdəndir. İnkişafın təməl amili olan təhsil prosesi müəllimlər vasitəsilə həyata keçirildiyi üçün müəllimlər bu təməlin özülü olaraq şüurlarda çox önəmli dəyişikliklər yaratmaq gücündə olmalıdırlar. Unutmayaq ki, göy qurşağı kimi olan uşaqlarımızı yetişdirmək üçün o rəngləri görə bilən müllimlərə ehtiyacımız var.
Dərsdənkənar fəaliyyətlər şagirdlərin inkişafına ciddi təsir göstərən amillərdəndir. Bu baxımdan məktəb seçimi edərkən məktəbin dərsdənkənar fəaliyyəti araşdırılmalı olan çox önəmli detallardan hesab olunur. İdman, musiqi, şahmat, oxu klubu kimi dərsdənkənar proqramlarda iştirak etmək komandada işləmək bacarıqlarını inkişaf etdirməklə yanaşı, həmyaşıdları ilə əlaqə yaratmaq və şagirdlərin öz maraqlarını kəşf etməklərinə imkan verəcək. Bu fəaliyyətlər həm də şagirdlərin şəxsiyyətyönümlü inkişafına da töhfə verə bilər.
Beləliklə, yuxarıda qeyd olunanlarla yanaşı, məktəbin məsafə baxımından yaxınlığı, texnoloji imkanları, ərazisi, təhlükəsizliyi və s. bu kimi amillər də nəzərə alınmalıdır.
Yekun olaraq yazımızı bir sitatla bitirmək istəyirəm: “Ailəmizlə cəmiyyətimiz arasında ən yaxşı, sağlam körpü məktəb olmalıdır. Dünyanı anlayan, dəyərini bilən və daha yaxşı gələcəyi formalaşdırmaq üçün çalışan, sadəcə öz ölkəsinin deyil, dünyanın vətəndaşı olmağı hədəfləyən insan kapitalının formalaşdırılmasının yolu təhsildən, məktəbdən keçir”.