Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda baş tutan görüşü sülh danışıqlarının irəliyə aparılmasında əsas vasitələrdən biri hesab olunur. Amerika bu görüşə ciddi hazırlaşıb və orada ümid edirlər ki, danışıqlar müsbət nəticə ilə yekunlaşacaq. Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə sonuncu telefon danışığında da bu məsələ prioritet olub. Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar bu prosesə dəstəyini davam etdirəcək. Ona görə ki, ABŞ sülhün əldə edilməsinin mümkünlüyünə inanır. Eyni mövqeni Prezident İlham Əliyev də bölüşüb və Azərbaycanın sülh gündəliyini dəstəklədiyini deyib. Çünki Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı kimi çıxış edib. Bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan 5 prinsip irəli sürüb. Lakin müharibədən iki il yarım vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanması gecikir və bu, Ermənistanın məsələyə qeyri-konstruktiv yanaşmasına görədir. Çünki hər dəfə sülh sazişinin imzalanması ilə bağlı münbit şərait yetişəndə Ermənistan müxtəlif bəhanələrlə prosesdən yayınmağa, hansısa illüziyalara qapılaraq vəziyyəti dəyişmək üçün müxtəlif mənasız manevrlər etməyə cəhd edir. Elə bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqton görüşü öncəsi “Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır” deməsi də prosesə hansısa əngəl yaratmaq məqsədinə xidmət edirdi. Qriqoryanın sözlərinə görə, Vaşinqton sülh sazişinin imzalanması üçün Ermənistan hakimiyyətinə təzyiq edir. Halbuki bu təzyiqdən daha çox Ermənistanı digər təhlükələrdən qorumağa xidmət edən addımlardır ki, rəsmi İrəvan onu təzyiq formatında anlayır. Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışında olması isə yeni məsələ deyil. Ermənistan hər zaman bu cür axtarışlarda olub. İndi isə onu qoruyacaq amilin məhz Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçdiyini uzaq Amerikada daha yaxşı anlayırlar, nəinki İrəvanda.
Digər mühüm məsələ sülh sazişinin kimin patronajlığı altında imzalanmasıdır. İrəvan hələ bununla bağlı mövqeyini müəyyənləşdirməyib. Əksinə, Amerika bunun məhz onun himayəçiliyi altında baş tutması üçün bütün resurslarını işə salıb. Çünki Cənubi Qafqaz elə bir bölgədir ki, hazırda bu region uğrunda ciddi mübarizə gedir. Amerika Cənubi Qafqazda möhkəmlənməklə özünün Mərkəzi Asiya, Yaxın Şərq regionundakı planlarını asanlıqla həyata keçirməyə çalışır. İndi bunun üçün əlverişli imkanlar yaranıb. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Cənubi Qafqazda möhkəmlənmək üçün müəyyən addımlar atdığı görünür. Əsas məqsəd Rusiyanın bölgədəki varlığına son qoymaqdır ki, bu məsələdə ən çox Ermənistan Vaşinqtonun maraqlarına cavab verməlidir. Elə son vaxtlarda Nikol Paşinyanın qərbli müttəfiqlərinin göstərişi ilə Rusiyanın Ermənistandakı hərbi-siyasi mövcudluğuna qarşı bəyanatlar səsləndirməsi təsadüfi deyil.
Vaşinqton adminstrasiyası yaxşı anlayır ki, hazırda bölgədə şərtləri diqtə edən tərəf Azərbaycandır və bu şərtlərdən yayınmaq üçün heç bir yol qalmayıb. Amerika Ermənistana hər hansı dəstəyi göstərə bilsə belə Ermənistan da, onun arxalandığı qüvvələr də yeni reallığı dəyişdirə bilməyəcək. Çünki bunun üçün nə əsas var, nə də imkan. İndiki vəziyyətdə Vaşinqton vəziyyəti düzgün qiymətləndirir və Azərbaycanın yaratdığı imkanlardan, yetişdirdiyi şəraitdən istifadə etməyə çalışır. Azərbaycanın səyləri sayəsində hazır vəziyyətə gətirilmiş prosesin içində yer almaqla bir növ öz varlığını göstərmək, bölgədə təsir imkanlarını artırmaq istəyir. Amerika həm də çalışır ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını ehtiva edən sülh sazişinin imzalanması məhz onun patronajlığı altında həyata keçirilsin. Bu hadisə ABŞ-ın regiondakı nüfuzuna təsir edəcək ciddi amil olar.
Amerika onu da bilir ki, bütün bunların müqabilində Rusiya da sakit dayanmayıb. O da sülh sazişi kimi mühüm sənədin məhz onun himayəçiliyi altında imzalanması üçün əlindən gələni edir. Bir növ nüfuz savaşı gedir. Təsadüfi deyil ki, müharibədən sonrakı dövrdə Qərbin təşəbbüsü ilə keçirilən hər bir görüşdən əvvəl, ya da sonra biz Rusiyanın da tərəfləri ya Moskvada, ya da Soçidə görüşdürməklə bağlı təşəbbüsülərinin reallaşdığını görmüşük. İndi hadisələrin hansı məcrada irəliləməsi əhəmiyyətlidir. Lakin reallıq ondan ibarətdir ki, sülh sazişinin harada, hansı platformada imzalanması rəsmi Bakı üçün az əhəmiyyət kəsb edir. Əhəmiyyətli olan bu sazişin imzalanması, tərəflərin qətiyyətli addımlar ataraq iki ölkə arasında real əməkdaşlığın yollarını tapması və düşmənçiliyə son qoymasıdır.
Bu mənzərədə Ermənistanın seçəcəyi yol onun gələcəyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. İndi rəsmi İrəvan çətin vəziyyətdədir. O gah Qərbi seçib Rusiyaya arxa çevirir, gah da Moskvadan gələn təzyiqlər fonunda guya “Sülh sazişi ilə bağlı Amerika bizə təzyiq edir” formatında anti-Qərb bəyanatlar da verir. Lakin çox güman ki, Ermənistan Qərbdən yana olacaq. Çünki indiki halda bu vəziyyət Ermənistan üçün yeganə nəfəslikdir. Qərbdən də imtina etmək bütövlükdə Emənistanın məhvinə gətirib çıxara bilər ki, rəsmi İrəvan buna getməyəcək. İrəvan adminstrasiyası Vaşinqtonun təkliflərini qəbul edəcək. Bu versiyanı qüvvətləndirən əsas amil son zamanlar Nikol Paşinyanın bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanlar verməsidir. İnanmaq olmur ki, bu, Paşinyanın şəxsi qənaətidir. Bu, daha çox kollektiv Qərbin, xüsusilə də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəqiq və təkzibedilməz qənaətindən irəli gəlir. Ona görə də Paşinyanın bu mövqe ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur.