Füyuzat 138 Orxan Vəliyev

Millətçilik: Qurmaq və qorumağın ideologiyası

Mən millətçi deyiləm! Azad və bərabər, təhlükəsiz yaşaya biləcəyim bir vətən sorağındayam!

Vətən üçün dövlət, dövlət üçün isə millət və millətçilik lazımdır. Xülasə, müasir dünyada siyasi və iqtisadi quruluş millətlər və millətçilik vasitəsilə qurulub. Belə demək mümkündürsə, milləti, milli siyasəti, millətçiliyi (refleksi) olmayan xalqların nə dövləti, nə də vətəni olmuşdur. Uzun onilliklər müstəmləkə altında yaşamış və yenicə tarixi zəfərlə suverenliyini bərpa etmiş Azərbaycan milləti üçün milli siyasət müstəmləkə izlərindən xilas və müstəqillik üçün zərurətdir!

I

Millət və millətçilik dövlətlər üçün qlobal bir trend olmaqla bərabər, yekdil bir tərif və metodunun olmadığı fenomendir. Hər xalq özünün kontekstinə uyğun milli kimlik və millətçi siyasət inşa etmişdir. Xülasə, son iki əsrdən bəri dövlətlərin xüsusilə qarışıqlıq, böhran, qeyri-müəyyənlik dövr­lərində xilas üçün millətçiliyə yönəldikləri bəllidir. Çünki çağdaş dünya siyasi və iqtisadi quruluş nöqteyi-nəzərindən hələ də millətçi və milli xarakterini mühafizə etməyə davam edir. Daha doğrusu, dövlətlər varlıqlarını mühafizə etmək (qurmaq və qorumaq) üçün buna ehtiyac duyur. Belə olan halda uzun müstəmləkə illərindən sonra ilk dəfə tam təşəkküllü suverenlik imkanı qazanmış gənc Azərbaycan üçün milli siyasət zərurət olmuşdur. Milli siyasət qazanılanların institusionallaşdırılmasına imkan yaradacaqdır. Lakin uzun müstəmləkə illərində həm millət, həm də millətçiliklə bağlı neqativ bir düşüncə də formalaşdırılmışdır. Daha doğrusu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənən millətçilik müstəmləkə üçün təhdid olaraq qəbul edilmişdir.

Millətçiliklə bağlı rəylər də birmənalı deyildir. Halbuki millətçilik nə tamamilə bəladır, nə də bütün məsələlərin həlli yoludur. Millətçi siyasətinizi hansı səpkidə formalaşdırmağınız millətçilik anlayışınızın digərləri üçün, son təhlildə sizin üçün zərərli və ya faydalı olub-olmayacağının müəyyən edilməsindən asılı olacaqdır. İyirminci əsrdə dünya irredentist Hitler millətçiliyinə (faşizm) şahid olduğu kimi, vətənini mühafizə edən millətçi siyasət ortaya qoyan Atatürkə də şahid oldu…

Davamı…