Füyuzat 133 Həşim Səhrablı

Qanlı terror şəbəkəsi – PKK

Müasir dünyada dövlətlər sistematik quruluş baxımından keçmiş dövlətlərdən xeyli fərqlənir. Hazırda dövlət quruluşu mexanizmləri daha mürəkkəb hal almış, savaşların mahiyyəti və istiqaməti dəyişmiş, təhlükəsizlik və suverenlik kimi məsələlər beynəlxalq əhəmiyyəti ilə bərabər, daxili faktorları da əhatə etməyə başlamışdır. Xüsusilə xalqların dövlətlərin əsas təməli olaraq qavranılması, beləcə, insan haqlarının dövlətlərin funksional idarəetməsində mühüm yer tutması vətəndaş təhlükəsizliyini ön plana çıxarmışdır.

Milli təhlükəsizlik məsələləri beynəlxalq siyasətin əsas gündəmini təşkil etməkdədir. Milli təhlükəsizlik hərbi və siyasi məsələlərdən ibarətdir. Bütün bunlardan kənarda qalan iqtisadiyyat, səhiyyə, ətraf mühit və digər bu kimi məsələlər dövlətin maraq dairəsində olsa belə, onlara ikincidərəcəli siyasət kimi yanaşılır.

Siyasətə liberal və realist yanaşma vardır. Liberallar dünyada təhlükəsizliyin kollektiv şəkildə təmin olunmasını daha məqsədəuyğun hesab edirlər. Beynəlxalq təşkilatların ortaya çıxışı, bir qrup dövlətlərin öz aralarında birlik yaratmaları da bu fikirlərin məhsuludur. Ancaq realistlərə görə, dövlətlər sahib olduqları müxtəlifliklər səbəbindən belə birliklərdə səmimi davranmayacaq, hər biri öz milli maraqlarını ön planda tutacaqdır. Ona görə də bütün dövlətlər öz milli təhlükəsizliyini özü həll etməlidir.

Əslində, liberalların ideyaları daha xoş və məqsədəuyğun görünsə də, ilk baxışda effektiv görünən bu yanaşmaların praktikada mümkün olmadığı sübut edilib. Məsələn, Azərbaycan ilə eyni beynəlxalq təşkilatlarda yer alan Ermənistan 30 ildən çox Azərbaycan torpaqlarını işğal altında saxlamış, hətta BMT-nin işğala son qoymağa çağıran qətnamələrinin icrasından imtina etmişdir. Azərbaycan isə sadəcə realistlərin dediyi kimi, öz milli təhlükəsizliyini özü bərqərar etmiş, işğala hərbi əməliyyatlar yolu ilə son vermişdir.

Təhlükəsizlik məsələlərinin bu dərəcədə vacib olduğu dünyamızda dövlətlərin bir-biri ilə mübarizə və müharibə metodları da dəyişmişdir. Bir dövlət (yaxud dövlətlər) başqa dövlətlərə ənənəvi formada hücum etmək yerinə, müxtəlif qrupların əli ilə qarşıdurmalar yaradır, beləcə, öz məqsədlərinə çatmağı hədəfləyir. Belə qruplardan biri də terror təşkilatlarıdır.

Dünyada bir sıra terror təşkilatları var ki, onlar həm yayılma arealına, həm də verdiyi zərərə görə əhəmiyyətli dərəcədə fərqlənirlər. Bunlardan biri də PKK-dır.

AK Partiya sədrinin müavini Binəli Yıldırım açıqlamalarının birində qeyd edir ki, Türkiyənin suverenliyinə və təhlükəsizliyinə qarşı formalaşdırılmış təşkilat bu günə qədər dövlətə birbaşa 400 milyard, dolayı yollarla 3 trilyon dollar maddi zərər vurub. Ancaq terrorun dağıdıcı fəsadları bununla da bitmir. Terrorun başladığı 1984-cü ildən bu günə qədər sivil, əsgər və polis olmaqla ümumilikdə 14 min 851 türk şəhid olub. 32 min 685 sivil və rəsmi şəxs isə yaralanıb, qazi olub. Bu müddət ərzində toplamda 45 min 667 terrorçu öldürülüb.

Bəs bu qəddar təşkilat necə və kimlər tərəfindən formalaşdırılıb?..

Davamı…