Fukididdən modern və çağdaş mütəffəkirlərə nəzər yetirdikdə “mümkün olana dair qərar vermə sənəti” olan siyasətin realist prinsiplərə söykənməkdə davam etdiyi aydın olur. Belə ki, tarixin müəyyən dövrlərində utopik fikirlərin hakim olduğunu və bu fikirlərə inadla sahib çıxan fikir adamlarının varlığı məlumumuzdur. Ancaq utopik fikir ən böyük bədəli Tomas Morun timsalında ödəmişdir. Belə ki, modern prinsiplərin inşası ərəfəsində köhnə prinsiplərdə təkid edən Tomas Mor ingilis kralının əmri ilə edam edilir. Qısası, real prinsiplər dominantlığını mühafizə etməyə davam edir və tarixən münaqişələrdə realist prinsipdən sapmayan tərəflər üstün gəlməyə müvəffəq olurlar.
Qarabağ məsələsi izləri müstəmləkə dövrünə qədər gedib çıxan və ümumən regionda sülhün, inkişafın bərqərar olmasının qarşısındakı əsas maneələrdən idi. Çünki regionun əsas dövləti olan Azərbaycan Respublikası Qarabağ məsələsini həll edib suverenliyini bərpa etmədən regionda sülhün, təhlükəsizliyin təmin olunması ilə bağlı addımlar ata bilməzdi. Bu gün artıq Qarabağ məsələsi tarix səhnəsindən çəkildiyindən Azərbaycan regionda sülhə, təhlükəsizliyə və inkişafa nail olmaq üçün siyasət apara bilir. Vaşinqton Sammiti də məhz Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilə bilər. Resurslarını güc potensialı çərçivəsində doğru istifadə edən Azərbaycan regionun gələcəyini də formalaşdırır. Bu mənada dünya siyasətinin, ticarətinin, təhlükəsizliyin və müvafiq olaraq prinsiplərin yenidən formalaşdırılmasında aktiv rol alan Vaşinqtonun mediasiyası sülhlə bağlı daha konkret nəticələr vəd edir.
Tarixçə
Ermənistan–Azərbaycan münaqişəsinin kökləri SSRİ-nin dağılma ərəfəsindən daha çox Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan türklərinin regionda qurduqları nizamın dağılması ilə məkan üzərindəki hakimiyyət itkisi ilə başlamışdır. Alman filosof Karl Şmittin yazdığı kimi, modern nizam məkan inqilabı ilə başlamışdır. Yəni konkret sərhədlər üzərində formalaşan milli-dövlətlər məkan üzərində hakim olub hökm vermək imkan və qabiliyyəti qazanmışdır. Torpaq bütünlüyü isə Tomas Hobbs, Jon Boden kimi ilkin modern filosofların mətnlərində əsaslandırılan suverenliyin ilkin şərtlərindəndir.
Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışındaki nitqində yuxarıda sadalanan müqavilələrin rolunu aşağıdakı kimi izah etmişdir: “Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir – Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə – “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur”.
Prezident Əliyevin vurğuladığı köçürmənin səbəbi Azərbaycan türklərinin qurduqları nizamın dağılması ilə məkan üzərində hakim olub hökm vermək imkan və qabiliyyətlərini itirmələrinin nəticəsində mümkün olmuşdur. Belə ki, Çarlıq Rusiya müstəmləkəsi buradakı varlığını möhkəmləndirmək üçün ermənilərin müxtəlif coğrafiyalardan Azərbaycan toprlaqlarına köçünü təşkil etdilər. Qısa münaqişə sadəcə bir qrup seperatçı erməninin kənardan aldıqları dəstəklə Qarabağ küçələrindəki nümayişləri ilə başlamadı. Məsələnin kökü Azərbaycan türklərinin on doqquzuncu əsrdən etibarən Şuşa və Xankəndidə tam hakimiyyəti itirməyinə dayanmaqdadır. İki illik Cümhuriyyət Azərbaycan türklərinin məkan üzərində hakim olub öz müqəddəratını həll etmək haqqını təmin etmək istiqamətində milli bir təşəbbüs idi. Lakin varlığını mühifazə edə bilməyən Cümhuriyyət Qırmızı ordunun işğalına “boyun əyməli” oldu. Bunun nəticəsində Azərbaycanda qurulan Sovet hakimiyyəti erməni köçündən sonra Qarabağda əsrin sonundakı münaqişənin də səbəblərindən olacaq DQMV-ni yaratdı. Beləliklə, tarixə qovuşan SSRİ münaqişəni miras qoyub getdi. Nəticədə müstəqilliyini bərpa edən Azərbaycan torpaqlarının bir qisminin işğal faktı ilə üzləşməli və mübarizə aparmalı oldu.
Münaqişə/müharibə: işğal və zəfər
XX əsr bitərkən dəmir pərdənin də sonunu gətirdi və SSRİ tarixdə öz yerini aldı. Lakin dağılan SSRİ Cənubi Qafqazda Ermənistan–Azərbaycan münaqişəsini miras qoyub getdi. Siyasi olaraq müxtəlif yozumlar etmək mümkündür. Ancaq əsas məsələ və reallıq Azərbaycan torpaqlarının işğalı və işğala son qoyulma ehtiyacı idi. Bunun üçün ilkin addım yenicə müstəqilliyini bərpa emtiş Azərbaycan dövlətinin toparlanması, atəşkəsin imzalanması və bütün göstəricilər etibarilə regionun əsas dövləti ola biləcək Azərbaycanın iqtisadi strategiyasını müəyyən etməsi idi. Zəfərin qazanılıb işğala son qoyulması üçün atəşkəslə yanaşı, iqtidasi resurslar də zəruri idi. Bu məqsədlə mərhum prezident Heydər Əliyevin öndərliyində atəşkəsin, imzalanmasının ardınca əsrin müqaviləsinin imzalanması XXI ərsdə İlham Əliyev öndərliyindəki zəfərin alt yapısını hazırlamışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, türklər tarixən çıxardıqları liderləri ətrafında birləşərək güclü dövlətlər qurmuşdurlar. Bu çərçivədə Heydər Əliyev və ardınca İlham Əliyev kimi millətə ümid verə biləcək liderliyə sahib dövlət adamları müstəqil Azərbaycan üçün böyük hadisədir.

Heydər Əliyevin tarixi ABŞ səfəri, 1997
Atəşkəsin imzalanmasından sonra ikinci müharibəyə qədərki illər ərzində həyata keçirilən mediasiya fəaliyyətləri bir nəticə vermədi. Bunun nəticəsidir ki, Vaşinqton sammitinin nəticəsi olaraq MİNSK qrupunun ləğvinə dair ortaq qərar formalaşdı. Mərhum xalq şairi Bəxtiyar Vahabzadənin son müsahibələrinin birində dediyi kimi: “Qanla verilən ancaq qanla [zəfərlə] alınar”.
Atəşkəs imzalandıqdan qısa müddət sonra çağdaş Azərbaycanın formalaşmasında həlledici rolu olacaq “əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan qonşu dövlətlərin də maraqlarına xidmət edəcək qlobal bir layihənin regiona gətirilməsinə müvəffəq oldu. Əsrin müqaviləsi Azərbaycanın regional liderliyinin formalaşmasında həlledici rol oynamışdır.
Avropa İttifaqı ikinci müharibədən sonra müəyyən addımlar atmağa çalışdı. Lakin Aİ-nin ciddi siyasi və hərbi gücü olmadığından Vaşinqtonun müəyyən etdiyi istablişmentə inteqrasiya olacaqdır.
II Qarabağ müharibəsi ərzində və sonrasında Türkiyə–Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır. Bu münasibətin zirvəsi isə, heç şübhəsiz, Şuşa Bəyənnaməsinin (2021) imzalanması və hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilməsidir.
Müharibədən sonra sülh danışıqlarını Ankara da daxil olmaqla proses, əsasən, Moskva, Brüssel və Vaşinqton platformalarında davam etdi. Lakin xüsusilə Trampın ikinci dövründən etibarən Vaşinqtonda münaqişələrin sonlandırılmasına dair formalaşan siyasi iradə danışıqları Amerikaya yönləndirdi.
Nə üçün Vaşinqton?
2007–2008 maliyyə böhranından etibarən 3-4 əsrlik modern siyasi-iqtisadi istablişmentin təməllərinin sarsılmağa başladığı mütəxəssislər tərəfindən ifadə edilməyə, siyasi qərarvericilər tərəfindən də qəbul edilməyə başlandı. Buna əlavə olaraq II Dünya müharibəsindən sonra formalaşan və SSRİ-nin dağılması ilə kulminasiya mərhələsinə çatan ABŞ liderliyindəki liberal nizamın sarsıldığı da məlumdur. Buna səbəb kimi iqtisadi böhran, texnoloji inkişaf, iqlim dəyişikliyi, münaqişələr və yaratdığı köç göstərilə bilər. Lakin əldə olan nəticə dövlətləri refleks göstərməyə vadar edir.
ABŞ liderliyindəki “Qərb” bloku uzun müddətdir ki, liderlik əskikliyini hiss edir. ABŞ prezidenti Donald Trampın səhnəyə çıxması qərb üçün bu əskikliyi aradan qaldırmağa başladı. Daha doğrusu, ABŞ (anqlo-sakson bloku) yeni nizamın inşası üçün qurulmasına öncülük etdiyi prinsip və qurumlardan ilkin ayrılmağa və tərk etməyə başladı. Birləşmiş Krallığın “Brexit” deyərək Aİ-ni tərk etməsi bu prosesin ilk işarəsi kimi qəbul edilə bilər. Lakin ənənələrinə sədaqəti ilə məşhur krallığın açıq şəkildə qlobal liderliyi öhdəsinə götürməyə imkanı olmayacağı bəlli idi. Bunun üçün də ABŞ siyasi rəhbərliyində liberal ənənənin formalaşdırdığı klasik liderlərdən fərqli bir lider fiquru lazım idi. Çünki transmilli şirkətlər dövlətlərin səlahiyyət və avtoritetini ciddi şəkildə sarsmağa başlamışdı. Trampın ilk prezidentlik dövründəki “uğursuzluq” dövlətlərin transmilli şirkətlər qarşısında ilk imtahanı idi. Lakin mütəxəssislər Trampın (dövlətin) geri dönəcəyini bildirirdilər. Trampın ikinci dövrünü fərqləndirən iki nüansa diqqət çəkmək olar. Belə ki, köhnə Twitter şirkətini alan Mask qısa müddət sonra həm şirkətin mahiyyətində ciddi dəyişiklik etdi həm də Trampın hesabını silən şirkət mənsubunu radio canlı yayımında işdən kənarlaşdırdı. İkinci nüans isə Trampın andiçmə günü arxasına transmilli şirkətlərin rəhbərlərini yerləşdirməsi oldu. Beləliklə, şirkətlər dövlətlə əməkdaşlığa razı olmuşdular. Bəlkə də, keçmiş Yunan nazir Yanis Varufakisin iddia etdiyi kimi, “texnofeodal” mərhələ başlamışdır.
Qısası Trampın ikinci dövrünün fərqli olacağı andiçmədən hiss olunmağa başladı. Tramp ikinci dövründə münaqişələrə son qoymağı qarşısına əsas hədəf kimi qoydu. Əlbəttə, Nobel mükafatı almaq bu işin cazibəsini daha da artırırdı. Beləliklə, ABŞ qlobal dominantlılığını itirsə də, münaqişələrin həll edilməsində ciddi bir platforma olduğuna dair mesajlar verməyə başladı.
II Qarabağ müharibəsindən sonra sülhə dair müzakirələr, əsasən, Brüssel və Moskva çərçivəsində cərəyan etdi. Lakin Ukraynada gücünü itirən Rusiya və təhlükəsizlik təşvişinə düşən Avropanın Cənubi Qafqaza sülh müqaviləsinin imzalanmasında həlledici rol oynaya bilmədilər. Beləliklə, deklarasiyanın Vaşinqtonda imzalanması iki ölkə arasında yekun sülhün imzalanmasından əvvəlki son addım kimi qiymətləndərilə bilər.

Vaşinqton Sammiti, 8 avqust, 2025



