Mənəviyyat

Ailədaxili hüzuru necə qoruyaq?

İnsanlar hər gün yaşadıqları ailədə və cəmiyyətdə müəyyən problemlərlə üzləşirlər. Problemlər uzandıqca və həllini tapmadıqca isə hüzursuzluğa səbəb olur. Hətta bu problem son zamanlarda ailədaxili bir çox məsələlərdə ciddi münaqişələr yaratdığından insanlar hüzurlu olmaq ehtiyacı duyur. Bəzən rahatlıq anlayışı ilə hüzuru qarışdırıb yanlış davrana, ailədədaxili problemi böyüdə, beləcə, xoşagəlməz nəticələrlə qarşılaşa bilirik. Bəs hüzur nədir? Necə yaranır? Hüzur axtaran şəxs ilk olaraq bu sualların cavabını bilməlidir. Hüzur çətinlik və sıxıntı içərisində də tapıla bilər. Bəs bu rahatlığa necə nail olmaq olar? Ailədə hüzur olması üçün nə edilməlidir? Hüzur olmadıqda, ailədəki hüzursuzluqlar nələrlə nəticələnə bilər?

“Füyuzat” sözügedən mövzu ilə bağlı fəlsəfə üzrə elmlər doktoru, professor Mətanət Abdullayevanın fikirlərini öyrənib. O bildirib ki, ailədə hüzuru qorumaq kənar şəxslərin deyil, elə ailə üzvlərinin özlərindən asılıdır:

“Hər kəs öz ailə üzvünü qoruya bilər, yaxud da qoruya bilməz. İlk olaraq o parametrləri göstərmək lazımdır ki, ailədə hüzurun təməli nədir? Bunlar, təbii ki, qarşılıqlı sevgi və hörmət, mənəvi dəyərlər və mütləq şəkildə imandır. Ailə üzvlərindən birinin Yaradana sevgisi yoxdursa, dünyanın nemətlərinə, oyunlarına aldanıbsa, imansızdırsa, şeytanın, yəni nəfsin oyununa girmiş olur, beləliklə də ailədə hüzur gec-tez pozulur. İnsanlar düzgün yolla gedən zaman düzgün həyat sürürlər.

Nizami deyir ki, “72 yol var qarşımda, biri güllə döşənib, qalan 71-i tikanlıdır, o 71 yol dünya yoludur”. Bir düz yol iki nöqtə arasındakı düz xəttdir, o güllə döşənib, həmin xətt insanın ağlı ilə qəlbinin arasındakı düz xəttdir. Ağıl və qəlb birləşəndə iman yaranır, çünki ağıl dünyanı, fiziki aləmi, qəlb isə mənəvi aləmi öyrənir, qəlbdə yerləşir can. “Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir” (“Əl-Əhzab” 72). Cana sahib çıxan zaman insanla ailə üzvləri arasındakı sevgi möhkəm olur. Problemi ailə məsələsini sınaqdan keçirən böyük bir test kimi qəbul edə bilərik. Ailə ruhla ağlın testidir. Nə dərəcədə ağılla idarə olunur, yaxud nə dərəcədə ağılla can birləşir, ruhun keyfiyyəti yüksəlir, ruh daha dərin idraka girir. O zaman kənardan nə qədər təzyiq olursa olsun, heç kim ailə üzvlərinin hüzurunu poza bilməyəcək.

İmanlı olmaq dedikdə dindarlıq nəzərdə tutulmur, yəni insan ədalətli olmalıdır. Ədalətə kimisi şəxsi olaraq dırnaqarası, kimisi də daha qlobal mənada baxır və o cür ədalətə, yüksək bir düşüncəyə gəlib çatmaq üçün Nizaminin bir gözəl tövsiyəsi var: “Yalnız dinpərvərlikdir sənə tapşırılan iş, ədalətli kimsələr belə tapmış pərvəriş”. Dinpərvərlik çox gözəl bir ifadədədir, dinpərvərlik və dindarlıq fərqli anlayışlardır. Dindarlığın içərisində qorxu var, qorxu olan yerdə də yalan, riyakarlıq, aldatma və s. keyfiyyətlər olur. Amma dinpərvərlik dərin anlayışdır, bu həm də işlənməyən bir sözdür, bunu ancaq Nizami istifadə edib. Dinpərvərlikdə sevgi, imana aparan bir yol var. Burada qətiyyən qorxu yoxdur, sevgi olan yerdə qorxu ola bilməz. Azad ruh var dinpərvərlikdə və bu da o deməkdir ki, burada ədalət var. İnsanların əxlaqında dinpərvərlik olarsa, insan daxili bir azadlıqda mövcudluğunu taparsa, o zaman insan ədalətli olar. Ədalətli insan heç vaxt əxlaq, mənəviyyat qanunlarını pozmaz, qarşılıqlı güzəşt və böyük sevgiylə yaşayar. Məhz ailə üçündə bu keyfiyyət hər şeydən önəmlidir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, sosioloq Səmra Əliyeva bildirib ki, hüzur son zamanlarda insanlar tərəfindən çox işlədilən bir kəlmədir:

“Eyni zamanda da çox axtarılan bir hissdir. Anlayışla bağlı bütün izahları ümumiləşdirsək, mənası rahat olmaq, insanın qəlbinin rahatlıq tapması və özünü qayğısız hiss etməsidir. Bəs insanın hüzurlu olması üçün ona nə lazımdır? Əlbəttə ki, sağlam olması, ailəsinin və sevdiklərinin yanında olması, sosial vəziyyətinin normal olması, yaşadığı cəmiyyətdə özünə yer tapa bilməsi, özünə güvənməsi və s. faktorlar”.

Səmra Əliyeva qeyd edib ki, araşdırmalara görə, son zamanlar boşanan cütlüklərin əksəriyyəti boşanma səbəbini xarakter uyğunsuzluğu və ailədə hüzurlu mühitin qalmaması ilə əlaqələndirirlər:

Əlbəttə, ailə həyatını öncədən yalnız xoş anlarla təsəvvür edən cütlüklərdə bu hüzursuzluq olduqca ciddi təlaş yaradır. Bu təlaş yavaş-yavaş ailənin yaxın üzvlərinə də təsir edir, onların da ailə münasibətlərini düzəltmək üçün göstərdikləri səylər öz töhfəsini vermədikdə artıq ailədə ciddi problemlər yaranır. Cütlüklərin bir-birlərini anlamaması, ortaq məxrəcə gələ bilməmələri və digərinin müəyyən qərarlarına hörmətlə yanaşmamaları, birlikdə vaxt keçirməmələri, sosial şəbəkələrə meyilli olmaqları, ailədə uşaqlar varsa, bütün bu problemləri uşaqlara da yansıtmaları sonda, əlbəttə ki, boşanma prosesinin təməlini qoyur. Sözsüz ki, bütün dünyada problemsiz ailə yoxdur. Lakin bu problemlər nəticəsində hər bir ailə boşanmaq üçün məhkəməyə müraciət etsə, o halda ailə institutu tamamilə məhv olar. Ailə həyatında əsas olan problemlərin həllinə birgə əmək sərf etmək, biri-birinə dəstək olmaq və əsla qarşıdakı insana hörmət etməkdən vazgeçməməkdir. Hüzurlu ailə mühiti üçün əmək vermək, səbr etmək və ailə üzvlərini mənimsəmək lazımdır. Ailə üzvlərinin qərarlarını anlamaq, lazım olduğu və istədikləri təqdirdə məsləhət vermək, nə olursa olsun hər zaman ailənizin yanında olacağınızı hiss etdirmək olduqca önəmli faktordur. Ailənin təməlini möhkəmlətmək üçün yaxşı ünsiyyət, birlikdə keyfiyyətli zaman keçirtmək, ailə məsuliyyətini paylaşmaq, problemləri açıq aydın müzakirə etmək lazımdır”.

Mövzu ilə bağlı psixoloq Arzu Qədizadə “Füyuzat”la fikirlərini bölüşüb. O bildirib ki, hüzur insanın sağlamlığı və daxili harmoniya hissi ilə əlaqələndirilən bir vəziyyətdir:

“Hüzur insanın özü ilə barışıq olma vəziyyətidir. Hüzur stress və gərginlik olmadan ruhsal və fiziki olaraq rahat hiss etməkdir. Bu vəziyyət, insanın bütün tələblərinə, daxili vəziyyətinə və ətrafındakı mühitə uyğunluğuna görə dəyişə bilər. Hüzurun mənbəyi şəxsi təcrübələr və müstəqil fəaliyyətlərə bağlıdır”.

Psixoloq ailə daixilindəki hüzur mövzusuna da toxunub:

“Ailədə huzurun qorunması üçün əlaqələrin qurulması, həmsöhbətliyin təmin edilməsi, bir-birini dəstəkləmə, münasibətlərin hörmət baxımından qurulması vacibdir. Həmçinin, problemlərin açıq və səmimi şəkildə müzakirə və həll edilməsi, bir-birilə anlaşmaq üçün əhəmiyyətli rol oynayır. Ailə üzvlərinin bir-birinə vaxt ayırması, birlikdə zaman keçirməsi də hüzurun qorunmasında önəmlidir. Bəzi ailələr hüzuru qoruya bildikləri halda, bəziləri də ailə daxilində hüzurun olmamasından əziyyət çəkir və bunun nəticəsində xoşagəlməz hallarla qarşılaşırlar. Ailə daxilində huzursuzluğun nəticələri çoxsaylı ola bilər. Bu nəticələr arasında əlaqələrin zəifləməsi, münasibətlərin pozulması, güvənin itirilməsi, psixoloji və fiziki səhhətin zədələnməsi, uşaqların davranış problemlərinin artması, sosial və psixoloji problemlərin artması kimi məsələlər sayıla bilər”.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosioloq Humay Axundzadə də fikirlərini bölüşüb. O bildirib ki, insanın davamlı və dərin hüzur içində yaşaması yalnızlığı və birgəliyinin vəhdətindən yaranır:

“Yəni bir tərəfdən insanın daxili aləmi yalnız özünün müyəssər ola biləcəyi, yaşaya biləcəyi bir gerçəklikdir. Ancaq eyni zamanda insan ictimai bir varlıqdır. Kimliyindən asılı olmayaraq başqa insanlarla nəinki təmasda və əlaqədə olur, həm də onlardan müəyyən mənalarda aslılıdır”.

Humay Axundzadə ailədə hüzurun qorunması ilə bağlı bildirib ki, burada ünsiyyət və anlaşma əsasdır:

“Danışmaq, ünsiyyət qura bilmək, ailə daxilində özünü ifadə edə bilmək, öz hisslərini ifadə edə bilmək sərbəstliyi kimi faktorlar da çox önəmlidir. Ailə elə bir məkandır ki, orada asan və çətin, bütün məsələlər ətrafında fikir mübadiləsi aparmaq mümkün deyilsə, o halda tərəflərin mənəvi təlabatları ödənilməyəcək. Bu isə gec-tez münasibətlərin daha da pisləşməsinə, ailə hüzurunun itməsinə gətirib çıxaracaq. Bu baxımdan ailədaxili ünsiyyət çox vacib amillərdən biridir.

Bundan başqa, ailədə hüzuru qorumaq üçün sərt qaydaların tətbiqi, sərt meyarlardan uzaq durmaq lazımdır. Müasir ailənin həyatında elə amillər var ki, onlar sərt davaranış və yanaşmalarla uyğun gəlmir. Sonuncu amil kimi, nəsillərarası anlayış və güzəşti göstərə bilərəm. Ailə həm də nəsillərarası fərqlilikləri özündə ehtiva edir. Bizim yaşadığımız zamanın reallıqları ilə, ata-analarımızın yaşadığı zamanın reallıqları arasında fərqlər mövcuddur. Ona görə də bu fərqləri görmək, həmin fərqlərə daha dözümlü yanaşmaq lazımdır. Bu həm gənc nəslə aiddir: böyüklərə hörmət, yaşlılara ehtiram göstərmək, ümumi dəyərləri qoruyub saxlamaq lazımdır, eyni zamanda yaşlı nəsil özündə də müdriklik göstərməlidir. Gənclərin fərqliliklərinə müdrikcəsinə və anlayışla yanaşmaq çöx önəmlidir. Bu dediyim amillər birlikdə ailə hüzurunun təmin olunmasında, ailə fərdlərinin daha xoşbəxt və hüzurlu yaşamasında önəmli amillərdir”.