Füyuzat 131 Mənəviyyat Muxtar Cəfərli

İnsanın yolunu aydınladan işıq – səbir

Əsrlərdən bəri bir çox millətlərin yaxşı-yaman günündə dilindən düşməyən, o cümlədən həmin insanların həyat fəlsəfəsini özündə əks etdirən belə bir deyim var: “Bu da keçər”. Dünyadakı hər şeyin müvəqqəti olduğunu bariz şəkildə xatırladan bu ifadə insanın qəlbinə qəribə şəkildə rahatlıq verən bir güc daşıyır.

İnsan həyatı boyu bəzən bahar, bəzən də qış mövsümü yaşayır. Bəzən rahat və sevincli anlar, bəzən də maddi və mənəvi çətinliklərlə dolu hüznlü günlər, ümidlə sabahını gözlədiyi məşəqqətli gecələr keçirir. Bəzən rəvan, bəzən də enişli-yoxuşlu yollarda addımlayır. Bəzən hüzur içərisində ömür sürür, bəzən də başına gələn bir müsibətdən ürəyi dağlanır, rahat nəfəs almağa belə bir yer tapa bilmir, kimsəyə səsini eşitdirməyə də gücü çatmır, öz səssiz fəryadında boğulub qalır. Yunus Əmrənin ifadə etdiyi kimi:

Bir dəm gələr – şadan olar,
Bir dəm gələr – giryan olar.

Lakin insan başına gələnlər qarşısında “Bu da keçər” deyib boğazında düyünlənən bəla tikəsini udmağa, səbirlə sükunətini qorumağa çalışarsa, Rəbbi hər çətinlik və iztirabın müqabilində ona neçə-neçə xeyir və ümid qapısı açar. Beləcə, kədərini sevincə, hüznünü fərəhə çevirər.

İnsanın kamilləşməsində ən təsirli amillərdən sayılan çətinlik və iztirabların, əslində, iki tərəfi var: görünən və görünməyən tərəflər. Görünən tərəfi ağrı-acılı və məşəqqətli olduğu üçün bizə xoş gəlmir. Görünməyən tərəf isə mənəvi dünyamızla bağlı olan hissəsidir. Bu cəhəti Cəlaləddin Rumi belə ifadə edir: “Qəm və kədərin varsa, sevin! Qəm-kədər könül aynasının üzərindəki tozları təmizləyən mənəvi lütf əsintisidir…” Eləcə də ağrı-acı və kədər təktərəfli olsaydı, uca Allah sevdiyi insanlara müsibət və bəlaları rəva görməz, onların dərd-bəla çəkmələrinə izin verməzdi. İnsanların ruh və qəlb dünyasında sıxıntıların, müsibətlərin yaratdığı əsrarəngiz gözəlliklər olmasaydı, bu iztirabı onlara yaşatmazdı. Həzrət Əyyubu səbir timsalına çevirən, həzrət Nuhu Allaha sirdaş edən, həzrət İbrahimi Haqqın xəlilinə çevirən, həzrət Musanı Rəbbinin həmsöhbəti edən, həzrət Muhəmmədi (s) Allahın həbibi məqamına ucaldan da elə bəla və müsibətlərin görünməyən tərəfidir. Bu səbəbdən də peyğəmbərlik səmasının günəşi həzrət Muhəmməd (s) buyurur: “Bəlanın ən şiddətlisinə məruz qalanlar peyğəmbərlər, sonra övliyalar, ondan sonra isə onların bənzərləridir”.

Peyğəmbərimiz (s) bəla və müsibətin ilk anında göstərilən dözümü əsl səbir adlandırır. Əks təqdirdə insan başına gələnləri bir müddət sonra çarəsizlikdən öz nəfsinə qəbul etdirə bilər. Bu da bir növ səbir sayılır, lakin hadisənin ilk anında göstərilən səbir kimi dəyərli deyildir. İlk anda göstərilən səbir insanın kamillik zirvəsinə yüksəlməsinə və ən böyük ibadətlərin savabından daha çox savab qazanmasına vəsilə olar.

Səbir – bəla və müsibətlərə sinə gərmək, çətinlik və məşəqqətlərə şikayət etmədən dözə bilməkdir…

Səbir – bir hədəfə çatmaq üçün çalışıb çırpınmaq və həmin bu müddəti təlaş etmədən gözləməkdir…

Səbir – başa gələn hadisələr zamanı Rəbbinin qarşısında ədəbə riayət etmək, Ondan gəldiyi üçün qəhri də, lütfü də eyni ruh halı ilə qarşılamaqdır…

Təbii ki, səbir təkcə bəla və müsibətlərə dözməkdən ibarət deyil, eyni zamanda günahlar qarşısında tab gətirmək, habelə ibadətlərdəki davamiyyəti də qorumaq onun başqa mərhələsidir. Həyatının hər mərhələsi məşəqqət və iztirabla keçən, səbri də bütün bunların bəzəyi kimi görən Allah Rəsulu (s) bu üstün məziyyəti üç növə ayırır: “Bəla və müsibətlər qarşısında səbir, Allaha itaətdə səbir və günahlardan çəkinməkdə göstərilən səbir”.

Bəla və müsibətlər, ümumiyyətlə, insanın iradəsi xaricində başına gəlir və Yaradanın imtahan sirrinin təcəllisidir. Müsibətlərə şikayət və üsyan etmədən səbir etmək Rəbbin təqdirinə razılığın əlamətidir. Ona görə də kainatın Fəxri (s) “Səbir rizadır” buyurur. Əgər insan şikayət edəcəksə də, Allahı insanlara deyil, başına gələn müsibəti Rəbbinə şikayət edər. Ondan bir çıxış qapısı açmasını gözləyər və nəticədə səbir imtahanını qazanmış olar.

İbadətlərə davamiyyətdə göstərilən səbir isə Allahın əmrlərini həyata keçirərkən qarşıya çıxan çətinliklərə müqavimət göstərməkdir. Bu da insanın Rəbbinə sevgi və ehtiramını göstərir. Həmin səbir insanı dünyada da, axirətdə də səadətə çatdırır. Böyük mütəfəkkir Muhəmməd Qəzali bu səbri “nəfsin istəkləri qarşısında Allahın əmr və istəklərini yerinə yetirmə səyi” kimi ifadə edir…

Davamı…