Mənəviyyat

Bir-birimizi anlamaqda niyə çətinlik çəkirik? – AÇIQLAMA

Son zamanlar cəmiyyətdə insanlar arasında bir sıra anlaşmazlıqlar özünü qabarıq şəkildə büruzə verir. Bu daha çox sosial-mənəvi mövzularda özünü göstərməkdədir. Niyə insanlarımız bir-birini anlamaqda çətinlik çətir, aramızda dərin uçurumlar yaranır? Bunun qarşısını necə almalıyıq?

Anlayış bir cəmiyyəti formalaşdıran, onu inkişaf etdirən əsas amillərdəndir. Dostu anlamaq, ata-ananı, bacı-qardaşı anlamaq cəhətdən bəzən problemlər yaşasaq da, yekunda yaxın bağlarımız anlayış göstərməyimizi asanlaşdırır. Bəs tanımadığımız, yaxın bağlarımız olmayan, cəmiyyətin digər fərdlərinə anlayış göstərmək üçün insanlar nə etməlidir?

“Füyuzat” mövzu ilə bağlı psixoloq-yazar Rövşən Abdullaoğlunun fikirlərini öyrənib. O hesab edir ki, son zamanlar insanlar eqoistləşməyə başlayıb:

“Hər kəs özünü düşünür, ətrafdakı insanları anlamır. Materialist düşüncənin artması cəmiyyət arasında anlaşmazlığı artırır. Biz kriminal və digər bir çox problemlərə baxanda da görürük ki, problemlərin əksəriyyətinin kökündə maddi səbəblər var. İnsanlar bir-birini deyil, maddiyyatı düşünür, sərvət axtarışı konfliktləri artırır. Mənəvi düşüncə arxa planda qalır. Halbuki insanlar mənəvi düşünəndə güzəştə getməyə, anlayış göstərməyə daha maraqlı olurlar. Sosial problemlərin artması ilə cəmiyyət və fərdlər arasında da uçurumlar yaranmağa başlayır. Digər problem isə ailə dəyərlərinin zəifləməsidir. Ailə dəyərləri zəifləməyə başlayanda isə sosial problemlər daha qabarıq görünür. Hər şey ailədə başlayır. İnsan ailədə sevgi görmürsə, o, kənar yerlərdə, yaxud da öz ailəsini quranda və ya fərqli bir mühitdə ailədə görüb-götürdüklərini tətbiq etməyə başlayır. Sevgisiz böyümüş biri atdığı bütün addımlarda bunu büruzə verir. Son zamanlar internetin və sosial şəbəkələrin həyatımızın ayrılmaz bir parçasına çevrilməsi bu kimi problemlərin daha da qabarmasına səbəb olub. Ancaq əksinə, internet qaynaqlarını daha faydalı istifadə etmək olardı. Sosial məcradakı bir çox axımlar eqoizmi daha çox təbliğ edir, əxlaqa zidd və zərərli vərdişləri daha çox yayır. Şiddəti və zərərli vərdişləri təbliğ edən informasiya vasitələri cəmiyyətin problemlərinin artmasına səbəb verirlər. Ancaq informasiya mənbələri insanları doğru vərdişlərə yönəltsə, onları anlayışa və səbrli olmağa dəvət etsə, şiddətə qarşı informasiyalar yaysa, cəmiyyətdə insanların bir-birini anlaması və mülayim davranması kimi müsbət keyfiyyətlərin artdığını görərik. Beləcə sosial problemlər azalar, insanlar güzəştə meyilli olar və sağlam cəmiyyət quruculuğunda effektiv nəticələr əldə edilər”.

Psixoloq-yazar hesab edir ki, istər qohum, istər yad olsun, insan qarşısındakı şəxsi anlamaq üçün gərək əvvəlcə özünü analiz etsin:

“Bir insanın özünü analiz edib anlama qabiliyyəti nə qədər yüksəkdirsə, bir o qədər problemlərin həllinə daha yaxın olur. İnsan gərək qarşı tərəfi günahlandırmazdan əvvəl səhvin nə olduğunun, hansı məsələdə anlaşmazlıq yarandığının fərqinə varsın. Səhvin kimdə olduğunu düşünsün və özünü qarşısındakı şəxsin yerinə qoya bilsin. Bax bu zaman problemlərin həllinə varmaq asanlaşır. Bir çox hallarda bir-birimizi anlamamağımızın səbəbi düşüncələrimizin yanlış olmasıdır. Bu yanlışlarla hərəkət edir və problemlər yaşayırıq. Məsələn, “mən həmişə haqlıyam!” – düşüncəsi bu yanlışlardan biridir. Əgər bir insan problemin əvvəlindən belə düşünürsə, demək ki, sona qədər bu düşüncəsini dəyişməyəcək və müzakirələr nəticəsiz olacaq. İnsan əvvəlcə bu düşüncəsini dəyişməlidir. Eyni zamanda, “hamı mənim kimi düşünməlidir!” – fikri də yanlışdır. Bu kimi düşüncələr tamamilə yanlışdır və dəyişilməlidir. Bu dəyişiklikləri edə bildiyimiz zaman daha anlayışlı olmağa, qarşımızdakılara dəyər verməyə, onların fikirlərini önəmsəməyə başlayırıq”.

Rövşən Abdullaoğlu qeyd edir ki, bu nöqtədə düzgün ünsiyyət qurmaq çox vacibdir: “Ünsiyyəti pozitiv notlarla başlamaq bu nöqtədə ən faydalı tərəfimizə çevrilə bilər. Əgər birinin davranışını doğru hesab etmiriksə, buna irad bildirmək istəyiriksə, o zaman iradımıza pozitiv notlarla başlamalıyıq. Qarşı tərəfə fikirlərimizi pozitiv tonda çatdırdığımız zaman bu daha anlayışla qarşılanır və müsbət nəticə verir. Bundan başqa çalışmalıyıq ki, fikirlərimizi düzgün izah edək. Bəzən fikirlərimizi düzgün izah edə bilmirik, ancaq qarşı tərəfdən söylədiklərimizi anlamağını tələb edirik. Aydındır ki, bir-birimizin fikirlərini oxuya bilmirik. Ona görə də fikirlərimizi izah etməliyik. Ailədə valideyn belə övladına nəyisə aşılayanda mütləq onu izah etməlidir. Əmr tonunda deyilən sözləri və verilən məsləhətləri heç kəs bəyənmir. Məhz bu sadalananlar olsa, o zaman hər kəs bir-birini daha asan anlayar və ixtilaflar azalar”.

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəylinin də fikirlərini öyrəndik. O bildirib ki, insanlıq tarixi boyunca anlaşmazlıq insan cəmiyyətinin, Adəm nəslinin vazgeçilməz bir yönü olub:

“Hələ tarixən baxanda, yer üzündəki ilk ailələrdən birinin daxilinində, Habil və Qabil arasında anlaşmazlıq olub. İnsanlıq tarixi inkişaf etdikcə, insanların sayı artdıqca anlaşmazlıq daha da artmağa başlayıb. Yer üzündə nə qədər insan varsa, təbii ki, o qədər fərqli xarakter, dünyagörüşü var. 21-ci əsrədə də insanlar yalqızlaşır, tənhalaşır, bu qədər texniki tərəqqinin olduğu dövürdə anlayış baxımından cəmiyyətlər böyük çöküş və qopuqluq yaşamağa davam edir. Sevgili peyğənbərimiz bir hədisi şərifində buyurur ki, “Allah təala sizin surətlərinizə, malınıza, sərvətinizə baxmaz. Onun baxdığı yer sizin qəlbiniz və əməllərinizdir”. Deməli, bizim cəmiyyətin bir üzvü, millətin bir fərdi olaraq yaşadığımız dövrün insanlarına qarşı ilk vəzifəmiz onları gözəl şəkildə dinləməkdir. Böyük ölçüdə ailələrin dağılmasına səbəb də onların qarşılıqlı şəkildə anlayış göstərə bilməməkləridir. Bir insan başqasına dediyi sözləri öncə özünə deməlidir. Düşünməlidir ki, o söz onun özünə deyilərsə, həmin söz qarşısında necə rəftar edər, bu davranış ona edilərsə, o davranış qarşısında necə hərəkət edər. Baxın, dərin anlayış əslində cəmiyyətin bir fərdinə böyük bir kültürü qazandırmaq gücündədir”.

İlahiyyatçı insanların bir-birini anlamama səbəblərindən də danışıb: “İnsanlar bir gözəllik ətrafında, bir iman, bir elmin, bir bayrağın, bir dəyərin ətrafında toplaşanda orada Allahın rizası ilə bütün dünyəvi bağlar qopur, tək bir bağ qalır. O da Haqqın bağı, Yaradanın yoludur. Ona görə də Haqqa doğru gedən insanlar istiqamətindən ayrılmamalıdırlar. İstiqamət üzrə gedən insanlar nə qədər ağır, çiləli yol olsa belə, hədəfinə vararlar. Bərabərliyini, birliyini qoruyanlar bir-birilərini anlayar, bir-birilərini sevib bağrına basar, bütün qaranlıqlara işıq saçar, beləcə, böyük məsafələri qət edib gedərlər”.

Ağa Hacıbəyli tanımadığımız, yaxın bağlarımız olmayan, cəmiyyətin digər fərdlərinə anlayış göstərmək üçün etməli olduğumuz məsələlərə də diqqət çəkib:

“Bir insan Vətənini bağrına basıb ona ülvi məhəbbət bəslədiyi kimi, Vətəninin insanlarına da eyni cür məhəbbət bəsləməlidir. Millətini sevməyən Vətəninə fayda verə bilməz. Bu baxımdan tanımadığımız, qohum-əqraba əlaqələrimiz olmadığı fərdlər də əslində bir Azərbaycan ailəsinin üzvləri, Azərbaycan vətəndaşıdır, bu ölkənin bir fərdidir. Buna görə də milli şüurun dərinləşməsi bizə fərqli bir düşüncə qazandırır. Zərərli düşüncələr artıq son qalamız – ailə dəyərlərimizin də içinə sirayət edir, onu işğal edir. Bütün bunlardan xilas olmağın tək yolu milli şüurda, milli təfəkkürdə bütünləşməkdir”.