Cavid İsmayıl Füyuzat 130 Tarix

Cümhuriyyət qatillərinin acı sonu

100 il əvvəl – 28 aprel 1920-ci il tarixində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzünə məruz qaldı. Müstəqil Azərbaycanın işğal planı əvvəlcədən hazırlanmış və Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən təsdiq edilmişdi.

İşğalın qısa tarixçəsi

1920-ci il aprelin 27-də Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradıldı. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov (və ya A.Əlimanov) və Əliheydər Qarayev daxil idi.

Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması, təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Belə ki, həmin gün Nərimanov Moskvada, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində – rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verildi. Bolşeviklər bu məsələdə də hiylə işlətdilər, bəyan olundu ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.

Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verdi. Ultimatumu özünü “Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis” kimi təqdim edən Çingiz İldırım imzalamışdı: “Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma, milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda atəş açılacaq”.

Halbuki həmin vaxt Cümhuriyyət donanmasının komandanı olan Çingiz İldırımı heç kim belə bir vəzifəyə təyin etməmişdi. Aprelin sonunda hələ təyin olunmamış bu vəzifəni may ayında Fyodor Raskolnikov tutacaqdı.

Cümhuriyyət parlamentinin həmin gün saat 20:45-də başlayan iclasında 3 saat davam edən müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarıldı. İşğaldan sonra tale Cümhuriyyət liderlərinin üzünə gülmədi; kimisi həbs olunaraq güllələndi, kimisi mühacirətə getdi. Maraqlıdır ki, hakimiyyətin qəsb olunmasında və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalında vasitəçi kimi iştirak edən yerli bolşeviklər də bu taleyi yaşadı, onlara heç mühacirət etmək haqqı və imkanı da tanınmadı.

Cümhuriyyət qatillərini unutmayaq!

Bu yazımızda Azərbaycanın müstəqilliyinə son qoyulmasında can-dildən iştirak edən Müvəqqəti Hərbi İnqilab Komitəsinin üzvlərinin sonrakı taleyindən söz açacağıq (Təəssüf ki, sənədlərdə A.Alimov və ya A.Əlimanov kimi təqdim olunan şəxs barədə heç bir məlumat əldə edə bilmədik). Beləliklə…

Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanov Bakıya işğaldan 15–20 gün sonra gələ bilir. Biləcəri dəmiryol vağzalında onu hərbi məktəbin kursantlarından ibarət fəxri qarovul qarşılayır. Elə həmin gün Nərimanov Azərbaycanda baş verənlər, xüsusən bolşeviklərin ürəkləri istəyən adamı sorğu-sualsız güllələməsi barədə eşitdiklərindən şoka düşür. Həmin gün və ondan sonra baş verənləri Nərimanovun öz dilindən eşidək: “Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar, görünür, mənim gəlişimə çox sevinirdilər. “Bəlkə, Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır”. Onlar belə dedilər. Mən onları sakitləşdirdim və gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim. İnqilab Komitəsinin Rəyasət Heyəti o zaman məndən (sədrdən), Mirzə Davud Hüseynovdan (müavindən) və bir nəfər üzvdən Qarayevdən ibarət idi. “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”. Bəzi yoldaşlar məni (onların arasında nə Qarayev, nə Hüseynov var idi) bu sözlərlə qarşılamışdılar.

İşlərlə tanış olduqdan sonra mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yoldaş Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin. Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar. Beləliklə, hər şey əvvəlki kimi davam edirdi”.

Nərimanovla məsləkdaşları arasında növbəti fikir ayrılığı Azərbaycanın müstəqilliyi məsələsində yaranır: “Sonra Moskvaya yola düşməzdən əvvəl yol. Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu: “Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?” MK üzvləri Qarayev, M.D.Hüseynov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına birləşdirməliyik”.

Nərimanovu silkələyən üçüncü hadisə isə siyasi yox, məişət zəminində baş verir: “Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara, Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim. Bir dəfə məşhur hörmətli bir qadın gözüyaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş etdi. O, aşağıdakıları danışdı: “Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif etmiş, lakin qızım ona rədd cavabı verib başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. İndi hər gecə Fövqəladə Komissiyanın agentləri evimə girib axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu, M.D.Hüseynovun işləridir, xahiş edirəm, məni müdafiə edin”. Onu sakitləşdirib Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım. O, qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu təkrar olmayacaqdır”. Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi. Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir?”

Az sonra Nərimanova aydın olur ki, əslində, Azərbaycanı ətrafındakı satılmış soydaşları yox, ruslar, gürcülər və ermənilər idarə edir. Anlayır ki, keçmiş daşnak Anastas Mikoyan “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin” deyərkən nəyi nəzərdə tuturmuş. Elə ona görə də Mərkəzi Komitəyə və Stalinə müraciətində Kremlin ermənipərəst siyasətini açıq dilə gətirir: “Mikoyandan sonra BEKA-nın (Bakı şəhər Partiya Komitəsinin – C.C.) katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a. Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm: bir çox mülahizələrə görə, hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir”.

Getdikcə Lenin tərəfindən vəd edilən müstəqilliyin formal xarakter daşıdığını anlayan Nərimanovu ətrafındakı azərbaycanlı kommunistlərin satqınlığı da məyus edir. Üstəlik, onu tərcümeyi-halına 1 dekabr 1920-ci il tarixli bədnam bəyanatı da yazmağa məcbur edirlər: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Qarabağın dağlıq hissəsində isə referendum nəticəsində ermənilər öz taleyini müəyyən etməlidir”. Atatürkün ciddi tapşırığı və Türkiyə nümayəndə heyətinin israrı nəticəsində Naxçıvan Ermənistan SSR-ə birləşdirilmir, 1921-ci ilin iyulunda isə Nərimanov Qarabağla bağlı bəyanatından imtina edir və Qarabağ da Azərbaycanın tərkibində qalır, əvəzində Zəngəzur əldən gedir.

Öz milli dövlətini erməni və gürcü kommunistlərindən daha tez Sovet Rusiyasının ayağına verən Nərimanov artıq aldandığını başa düşür və bunu Leninə məktubunda açıq dilə gətirir: “Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” Sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz”.

Bakını işğal edən XI Qızıl Ordunun komandiri Levandovskiyə üzərində “Minnətdar Azərbaycan xalqından hədiyyə” yazılmış qılıncı da Nərimanov hədiyyə etmişdi. “Şərqin Lenini” ordunu gətirən zirehli qatarın komandiri Yefremova isə Gəncə üsyanını yatırdığına görə “Qızıl Ulduz” ordeni vermişdi.

Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi-mənəvi nə varsa, həpsini təslim etdilər”.

1922-ci ilin martından Nərimanov “yüksək vəzifəyə təyinat” adı ilə Azərbaycandan uzaqlaşdırılır. Əvvəlcə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri, SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyasında isə ZSFSR təmsilçisi kimi SSRİ MİK-in dörd sədrindən biri seçilir. 1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunur. Amma vətəni Azərbaycanda deyil, Moskvada, Tiflisdə və Həştərxanda. Əleyhdarları belə tədbirlərin Bakıda keçirilməsinə imkan vermirlər. Stalinə ünvanladığı məktubda “Sınanılmış adam” kimi qiymətləndirdiyi Mövsüm İsrafilbəyov Qədirli Nərimanova teleqram vuraraq vəziyyəti anladırdı: “Bakı şəhərində yubileyinizin qeyd olunması qeyri-mümkündür. İclaslarda adınızın çəkilməsinə yol verilmir”.

Nərimanov Stalinə məktub yazaraq ailəsini dolandırmaq üçün sırf ədəbiyyatla məşğul olmaq istədiyini bildirir və Azərbaycana qayıtmasına icazə verilməsini istəyir. Lakin bu istəyi də qulaqardına vurulur. Aldadılmağa, xəyanət və sat­qınlıqlara dözməyən Nərimanov 19 mart 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edir, Kreml divarları yanında dəfn olunur. Bundan sonra Nərimanov 30 ildən çox müddət ərzində tarixdə sadəcə ədəbiyyat xadimi kimi qalmağa məhkum edilir. Yeganə övladı Nəcəf Nərimanov isə 24 yaşında ikən II Dünya müharibəsində həlak olur.

Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov aprel işğalından sonra Azərbaycan SSR xalq xarici işlər komissarı, xalq maliyyə komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR Xalq Komissarları Sovetinin sədr müavini, ZSFSR xalq maliyyə komissarı, Tacikistan KP MK-nın birinci katibi, RSFSR Xalq Maarif Komissarlığında qeyri-rus natamam və orta məktəblər idarəsi rəisinin müavini kimi vəzifələr tutur. 1937-ci ildə repressiya olunaraq həbs edilir və 1938-ci ilin Novruz bayramı günü – martın 21-də güllələnir.

Davamı…