Min illərdir yola çıxan insanlıq karvanı XXI əsrin ilk rübündə elə bir sürət qazanıbdır ki, cahan dediyimiz bu böyük dünya bəlli surətin fonunda kiçilməyə məhkum qalıb. Dünya xalqları da icbari, yaxud iradi olaraq bu axına uyur. Halbuki bir çox millət öz kimliyini, mədəni və mənəvi dəyərlərini qorumağı, yaşatmağı da çağın tərəqqisindən hesab edir. Bu məşəqqətli mücadilədə özünün dərin kök və istiqbal düşüncəsi xətti ilə yüksəlməyə qədəm qoyan Azərbaycanımızı görmək hər bir vətəndaşımızı məmnun edir. Xalqımızın milli və mənəvi dəyərlərinin ülviləşməsi ümidli bir gələcəkdən xəbər verir. Çünki milli dəyər bizim birliyimiz, gücümüz və əsrlərdən bəri uğrunda can verilən kimlik şüarımızdır. Biz kor-koranə təqlidçi bir yolu tərcih etməmişik, əksinə, belə bir yolun tarix səhnəsindən bir çox xalqları necə sildiyini, yox etdiyini yaxşı bilirik. Ürf, adət, ənənə kimi milli düşüncəmizi mətinləşdirən yüzlərlə dəyəri əsrin fırtınalarından, təlatümlərindən qorumağı da şərəf borcumuz bilirik. Açığını söyləsək, mədəni görünən bir çox yırtıcı zehniyyət xalqa içdən nüfuz etməyi daha asan yol hesab edir. Dəyərləri unutdurmaq, insanları ümidsizləşdirmək, milli gücü kiçik göstərmək, inamı qırmaq kimi onlarla çirkin metodla yeni nəslin dünyasını bulandırmaq düşmənlərimizin hədəfləri arasındadır. II Qarabağ savaşında biz hər nailiyyətin maddi güclə həll olunmadığına bariz şəkildə şahid olduq. Bu savaşda ibrət almağımız üçün o qədər dərslər var ki, bizə əsrlər boyu lazım olacaq. Yüksək hərb əxlaqına, davranış məsuliyyətinə sahib, cəsarəti ilə tarixə damğasını vuran, Haqqa səmimiyyətlə bağlı olan ordumuz zəmanəmizin ən qüdsi dastanını yazdı. Bizə biçilən acı taleyə boyun əymədiyimizi, zərrə qədər də olsa haqqımızdan vaz keçmədiyimizi bəyan etdi. Tək çarənin kiməsə oxşamaq deyil, özün kimi qalmaq olduğunu isbatladı. Beləcə, Qarabağdakı araf halı sona çatdı. Bundan sonra nə tariximiz təhrif, nə mənliyimiz təftiş, nə də kimliyimiz təhdid edilməz. Ayıq millət can evindən bir dəfə vurular. Nəhayət, bizi dirilişə çağıran məktəbimizi yenilədik. Bu məktəb 44 gündə 3 min şəhid və minlərlə qazi yetişdirdi; yeni nəsli dərin kültür dəryası ilə qovuşdurdu. Öz gözləri ilə həyatı seyr etməyi öyrətdi: zehni köləliyi, surəti Haqqdan görünən düşmənləri tanıtdı və mədəniyyətin ruhundan axıb gələn irfani çeşmələri bəyan etdi. Daha sonra özə dönüş qayəli, zəfər nəşəli Azərbaycanı sevdirdi. Bundan sonra imperialist basqılara məhəl qoymadan tərəqqinin təmininə yönələn ölkə olacağına zəmanət verdi. Bu məktəbin diriliş adlı dərsi bayraqlaşdı. Diriliş, mənəviyyat dili – xeyir körpülərini inşa edən bir dil oldu. Bu dil bizə son 28 ilin dərd-sərini, çilələrini unutdurdu. Ancaq milli dirçəliş ruhuna, idrak üfüqünə çatmamız naminə nə bədəllər ödədik. Artıq zəfərimiz böyüyür, xalqımızı böyük ideallara aparır. Təbii ki, bu sancılı doğuş üçün zaman çox zəruridir. Böyük iradə, yenilməz ruh və zəfərə inanmışlar… Milli mücadilə nə qədər səmimiyyət görərsə, bir o qədər səmaviləşər. Əlbəttə, burada dirilişin ümid işığı qədər onu körükləyəcək nəfəs də önəmlidir. Zəfərin qazanılması qədər qorunması da mühümdür. Millətimizin ümid və niyazı olan bu zəfərdən kiminsə şəxsi mənfəəti və qazancı üçün istifadə etməsi yolverilməzdir. Hər hansı bir səhv minlərlə bədəl tələb edir.
Diriliş yükünü ancaq özünü düşünən insanlar daşıya bilməz. Sözsüz ki, böyük Azərbaycan məfkurəsi hər bir vətəndaşımızın könül dərdi, vicdani iztirabı olmalıdır. Bu iztirab kültür kodlarımıza da sirayət etməli, yenilənməli və milli məktəbimizin simasında şəkillənməlidir.
Qələbə xəbərini ölkəmizin hər tərəfində qürurla qeyd edirik, yenilməz qəhrəmanlarımızı qazi, ya da şəhid olaraq ehtiramla anırıq. Düşmənə aman verməyən, ona meydan oxuyan igidlərimizi, qazilərimizi sevməli və ömrümüzün sonuna qədər onlara xidmətlər ərz etməliyik…
Diriliş əzmini ruhunda daşıyan xalqımız 44 günlük savaşda gecə-gündüz demədən, gənc-yaşlı fərqi qoymadan, kişisindən qadınına hər kəs zəfər uğrunda çalışdı. Bu birlik Qarabağı terroristlərə dar etdi, digər tərəfdən də qəsbkarların bel sütununu qırıb onu süründürdü. Əziz xalqımız hər gün cəsarətlə vuruşan oğullarına dəstək verdi, ön cəbhənin hayqırtısını ruhunda duydu. “Övladsız qalarıq, ancaq vətənsiz qalmarıq” düşüncəsi hər bir ailənin alın yazısı oldu. Cəbhədə fədakarlıqlar nümayiş edilir, ordumuz mətanətlə irəliləyir, vətənimizə uzanan naməhrəm əl kökündən qoparılırdı. 28 ilin şər atəşi 44 gündə söndürüldü. İlahi həqiqət təcəlli edirdi. Dastan yazan ərlər təltif olunur, Rəbbimiz əbədiyyətin cənnət çiçəklərini ailə bağçamızdan dərib Özünə mehman edirdi. Əlbəttə ki, millətimizin belə bir dirəniş gücünə qarşı əlbir olan qüvvələr gah peşman, gah da pərişan olurdu. Nəhayət, zəfər müjdəsi gəldi. Qarabağ zəfəri istiqbalımız üçün yeni və geniş qapılar açdı. Sərhədlərimiz bərpa edildikcə Cənnət vətənimizin gülüstana çevrilməsi, şəhid əmanətlərinin qorunması, doğma Qarabağımızın gözoxşayan gözəlliklərinin şahidi olduq. Şanlı qələbəmizdən sonra millətin liderinə bağlanaraq quruculuq işlərində dövlətimizə xidmət etmək dişini sıxıb səssizcə mürgüləməkdən daha əfzəldir. Axı qazi millətimiz ölümsüzlük sınağından çıxdı, böyük Azərbaycan qurmaq naminə hər cür fədakarlığa can atdı. Millətimizin bu duruşu və dirilişi əslində rəhmət yağışına bənzəyir. İllərdir könüllər bu rəhmətə möhtacdır. Bu yağış abi-həyatı ilə nəsillərimizə ərməğan olacaq Xızır çeşməsini xatırladır. Bəli, bu qardaşlıq ruhu ilə bəslənən nəsillərimiz şər qüvvələr qarşısında daha güclü, qüvvətli və qürurlu dayanacaq.
Şuşa döyüşlərində düşmənə ağır zərbələr endirən ordumuz zalım bir çağa yekun vurub Vətənə hürriyyət və fərəh hissini yaşatdı. Qafqazın incisini, Qarabağın tacını və döyünən qəlbini azad etdi. Bu təbii istehkamın qurtuluşu savaşın qədərini və seyrini tamamilə dəyişdi. Bəli, beləcə, üçrəngli bayraq altında milli duruş sərgiləyən qəhrəmanlarımız səbirlə, əzmlə soysuz hay nəslinin fasiq və təcavüzkar ünsürlərini söküb atdılar. Qazanılan zəfər mənliyimizi, varlığımızı, mənəviyyatımızı taclandırdı. Qardaş ölkələr də zəfərin gül ətrini dünyaya yayaraq ordumuzun cəsarətini, zalıma verdiyimiz unudulmaz dərsi anlatdı. İşğal sona çatdı, sevinc könüllərə hakim kəsildi. Artıq erməni mifi “Dəmir yumruq” altında əzildi və rəzilləşdi. Fitnə-fəsad atəşləri söndü. Düşmən tərəfin bütün plan və hesabları tar-mar oldu. 28 ildən sonra minarədən azanlar oxundu, Vətən torpağı üzərində qurbanlar kəsildi və yurd canlandı. İç hüzur ruhlarda pərvaz etdi, gözlər sevinc yaşları ilə doldu və əcdadımızın ruhu belə sevindi.
Hal-hazırda düşmən informasiya savaşında da məğlubdur. İllərdir dünya ictimaiyyətinə ötürülən yalan və əsassız məlumatlar dövlətimiz tərəfindən anında təkzib edilərək dəqiq və tutarlı cavablarla susdurulur. Sağlam məntiq və inkaredilməz arqumentlər informasiya cəbhəsində öz səmərəsini verir. Xalqın dövlətə sədaqəti erməni propaqandasını çürüdür. Çünki xalqımız işğalı, istilanı heç bir zaman qəbul etməyib və etməyəcək.
Bəli, dəfələrlə sülh yolu ilə münaqişənin həlli dilə gətirilsə də, düşmən nəzakət dilini anlamadı. “Dəmir yumruq”un diliylə anlamalı oldu. Bu yumruq fırtınalar törətdi, düşmənin bağrını yardı, şah damarını qopardı, varlıq işığını söndürdü. Torpaqlarımıza soxulan ilanın başını əzdi və havadarlarını şiddətlə təhdid etdi. Bəli, bu sehirli yumruq səmaya açılarkən dua, meydanda vuruşarkən dəmir, masada önəmli qərarlara imza atarkən güclü əl olur. Pəncəsi düşmənə qorxu, dosta güvən verir. Vətənə xor baxanı kor, xoş baxanı isə məsrur edir. Uzun illər müzakirə masaları quruldu, savaş meydana daşınmasın deyə danışıqlar aparıldı. Yüz illərdir ki, yaşadığımız dədə-baba torpaqlarımızı kimsəyə verə bilməyəcəyimizi hayqırdıq. Lakin cəhalət döşəyində yatanın cəhənnəm vadisində ayılması erməni vandallarının aqibəti oldu. Gənc dövlətin dəmir yumruğu və dərin zəkası qonşularımızı daha səmimi olmağa səslədi. Bizim sülh və ədalətin tərəfində olduğumuz mesajını bildirdi. Diriliş ruhu ən böyük silahımız olan milli birliyimizin ar və qeyrət damarına çevrildi. Belə bir damardan bəslənən millətin dəyərləri çeynənməz, qarşısındakı düşmən nə qədər güclü, hiyləgər olsa da, tərəqqisinə əngəl ola bilməz. Milli məfkurədəki diriliş elə güclü bir işığa sahibdir ki, təkcə zəmanənin deyil, əsrlərin qaranlıq üzünü aydınladar. Tarixin özəyindən toplumun həyat səhifələrinə qədər hər şeyi həqiqət mehrabında göstərər. Diriliş millətin iqbal ulduzudur. Diriliş xalqın könül torpağındakı iman xəzinəsidir. O, fitrət sözləşməsi, haqqı hakim edən dəyərdir. Diriliş ruhu dərdli bir nəsli ümidli yetişdirməkdir. Diriliş millət ağacını kökü, gövdəsi və qol-budağı ilə sevməkdir. Canı bahasına cənnəti satın alan, vətən naminə sinəsini sipər edən, hər səfəri zəfərə çevirməyə niyyətlənməkdir. Diriliş zalım dövrün qapılarını aşaraq adil bir zəmanəyə addımlamaqdır. Tariximizdəki bütün varidatımız bu möhtəşəm ruhun əsəridir. Əcdadımız da bu dəyərə sahiblənərək vətəni xainlərdən, üsyan çuxuruna məhkum olunmuşlardan və şər güclərdən xilas etmişdir.