Anar Pənahov Füyuzat 126 Təhlil

Dünya enerji böhranının səbəbləri

Müasir dünyada enerji bir çox ölkələr üçün həm sənaye, həm iqtisadi, həm də sosial baxımdan vacib əhəmiyyət kəsb edir. Ona görə də yanacaq-energetika kompleksi dövlətlərin xüsusi nəzarətindədir. Bununla yanaşı, enerji şirkətlərinin mülkiyyət formasından asılı olmayaraq o, dövlət tərəfindən kifayət qədər ciddi şəkildə tənzimlənir. Dövlətin milli təhlükəsizliyi onun iqtisadi gücü ilə yanaşı, həmçinin yanacaq-energetika kompleksindən asılıdır.

XXI əsrin əvvəllərində dünya energetikası inkişafına iki proses təsir edirdi. Birinci səbəb dünya enerji bazarında rəqabətin güclənməsi idi. Məhz buna görə də milli dövlətləri tərəfindən dəstək verilən kompaniyalar arasında rəqabət güclü idi. İkinci səbəb o idi ki, dünya energetikasına dövlətlərarası əlaqələrin təsiri və eyni zamanda tənzimlənməsi daha da aktivləşirdi. Bu baxımdan enerji təhlükəsizliyi anlamını vacib saymaq olar.

Dünyada ilk enerji böhranının prototipi kimi 1945–­50-ci illərdə Böyük Britaniya ilə İran arasında baş verən neft münaqişəsini göstərə bilərik. Bu iki dövlət AROS adlı müəssisəyə birgə sahiblik edirdi. İran tərəfinin böyük həcmdə neft hasil etdiyi halda Böyük Britaniya tərəfindən əldə edilən mənfəətin bərabər bölüşdürülməsi qaydası pozuldu. Nəticədə Böyük Britaniya üç dəfədən artıq gəlir götürdü. İran tərəfi belə qərarla razılaşmayaraq neft sənayesinin milliləşdirilməsi haqqında qanun qəbul etdi, nəticədə Britaniya mütəxəssisləri İranı tərk etmək məcburiyyətində qaldılar. Yaranmış böhranın həlli məqsədilə ABŞ və Böyük Britaniya belə bir təklif irəli sürdülər: İran, Böyük Britaniya, ABŞ arasında yeni üçtərəfli şirkət qurmaq. Şirkətin yaradılması ilə bağlı müqavilənin şərtlərinə görə onun iştirakçıları hesab olunan ölkələr (ABŞ və Böyük Britaniya) İranın hasil etdiyi nefti alıb müstəqil şəkildə dünya bazarında satacaqdılar. Lakin ölkənin neft sənayesinə olan faktiki nəzarət tam olaraq konsorsiumun nəzarətinə keçdi.

Tarixi konteksti baxı­mından İran neft böhranı daha faydalı nəticələr doğurmuşdur. Məhz həmin illərin hadisələri neftin ilk dəfə olaraq strateji əhəmiyyət daşıdığını göstərməklə yanaşı, ona nəzarət üçün mübarizə üsullarını da yaratmış oldu. 1945–50-ci illər İran neft böhranının üç nəticəsi oldu: 1) Böyük Britaniya yeni partnyorlarla bazarı bölüşdürməli olduğu halda belə İran neftinə çıxışını bərpa etdi; 2) ABŞ daha bir resurs bazası əldə etməklə yanaşı, regionda mövqeyini möhkəmlətdi; 3) İran tərəfi (şah istisna olmaqla) faktiki olaraq heç nə əldə etmədi, çünki neft şirkətləri xarici sahibləri tərəfindən idarə olunmağa başladı.

Dünyada baş verən enerji böhranının müxtəlif səbəbləri var. Hazırkı böhran 1970–80-ci illərin enerji böhranından daha genişmiqyaslıdır. Bununla bağlı Beynəlxalq Enerji Agentliyinin başçısı Fateh Birol bəyanat da vermişdir. Onun fikrincə, əgər 70-ci illərin ortalarında yaranan enerji böhranı təkcə neftlə əlaqəli idisə, hazırda bu, neft, qaz və elektrik enerjisi ilə bağlıdır. Böhranın səbəbləri fərqli olsa da, ilkin səbəb kimi enerji daşıyıcılarına olan tələbin təklifi üstələməsi kimi göstərmək lazımdır. Bu isə, öz növbəsində, dünya bazarında qaza, kömürə olan tələbatın artması ilə yanaşı, qiymətlərinə də təsir göstərdi. Və nəticə etibarilə Avropa dünya enerji böhranının episentrinə çevrildi.

Son dörd ildə Avropada qaz hasilatı durmadan azalmağa doğru gedir. Buna misal olaraq 2021-ci ilin onuncu ayının yekununu göstərmək olar. Böyük Britaniya, Niderland, Almaniya, Polşa, Danimarka, eləcə də Rumıniyada hasilat 55,2; 2018-ci ilin sonlarında 94,6; 2019-cu ildə 88,4; 2020-ci ildə isə 78,4 mlrd. kubmetr təşkil edirdi. Qaz yataqlarının bağlanması siyasəti də davam etməkdədir.

Tələbin təklifi üstələməsindən əlavə, digər ciddi səbəblər də vardır. Bunlara “Covid-19”, hava, yaşıl inqilab, yəni iqlim dəyişikliyi ilə əlaqədar alternativ enerji mənbələrinin axtarışını göstərmək olar.

“Covid-19” dünyaya trilyon dollara başa gəldi. Xəstəlik səngiyən kimi zavod-fabrik, idarələr, müəssisələr yenidən işə düşdü və bu baxımdan enerji resurslarına tələbat sürətlə artdı. Bu isə deyildiyi kimi, “defisit”i yaradan birinci səbəb kimi göstərilə bilər.

Qış fəslinin sərt keçməsi isə təbii qaz ehtiyatlarının tükənməsinə gətirib çıxardı. İqlim dəyişikliyi ilə əlaqədar alternativ enerji mənbələrinin axtarışına gəldikdə qeyd edə bilərik ki, dünya, demək olar, neft-qaz hasilatının artırılmasına investisiya qoymur və eyni zamanda kömürlə işləyən elektrik stansiyalarını təcili bağlamaqla yanaşı, atom-elektrik stansiyalarından da imtina edir. Həm də enerji daşıyıcılarına qoyulan sərmayələr ləngidiyindən tələbat artımına da çatmır.

Avropa “Covid-19” pandemiyasının törətdiyi fəsadlardan tam özünə gəlməmiş yeni enerji böhranı ilə üzləşdi. Daha doğrusu, qlobal iqtisadiyyatda baş verən oyanış qazın qiymətində bahalaşmaya gətirib çıxardı. Bu isə yaşıl enerjiyə keçidin zəruriliyini gündəmə gətirdi.

Bəllidir ki, 2021-ci ilin oktyabrından baş verən qlobal dünya enerji böhranı səngimir, əksinə, daha da güclənir.

Şimal yarımkürəsinə qış gəlməzdən öncə təbii qazda yaranan azalma, həm də qiymətinin beşqat artması ilə yanaşı, neft qıtlığı da yarandı. Beləliklə, dünyada neft-qaz qıtlığı hiss olunmağa başladı. Bəzi dövlətlər çirkli yanacaq növlərinə – kömür və digər neft məhsullarına keçməyə məcbur oldular. Qıtlığın ciddi şəkildə hiss olunması enerji daşıyıcılarının qiymətinin rekord həddə qalxması ilə nəticələndi.

Əhalinin çoxalması da enerji daşıyıcılarına olan tələbata ciddi təsir etdi. Proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisi 2 milyarda çatacaq.

Avropa neftə olan tələbatın 25%-ni və qaza olan tələbatın 40%-ni Rusiyadan alır. Məhz buna görə Avropa Rusiya enerji daşıyıcılarından asılı vəziyyətdədir. Rusiya qaz klapanını işə saldığı üçün Avropa böhranla üzləşməli olub.

Enerji böhranının səbəblərindən biri kimi enerji bazarında disbalansı göstərmək lazımdır ki, bu da neft, qaz və kömürdən yan keçməmişdir. Qlobal enerji böhranının ilk fazası təbii qaz çatışmazlığı ilə əlaqədar olsa da, hazırda dünya kömür böhranı yaşayır. Cənubi Afrikadan kömürlə dolu gəmilərin Avropaya yola salınmasının özü Avropanın kömür böhranı ilə üzləşməsindən xəbər verir. Almaniya və İtaliyada fəaliyyətini dayandırmış kömür elektrik stansiyaları yenidən işə salına bilər.

Əvvəlki illərlə müqayisədə dünyanın kömürə olan ehtiyacı qaz qıtlığından sonra daha da artmışdır. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar kömür bazarına ciddi təsir göstərib. Bu isə “Domino effekti” yaradır. Nəticə olaraq elektrik enerji istehsalçıları təchizat uğrunda mübarizə aparmaqla qiymətləri qaldırdılar. Kömür istehsalının pik həddə çatması isə dünya iqtisadiyyatı üçün ağır fəsadlar törədə bilər.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, elektrik stansiyaları 2021-ci ildə kömür istehsalını keçən illə müqayisədə 9% artırmışdır. Proqnozlara əsasən, bu göstərici gələcəkdə 2% təşkil edəcək.

2021-ci ildə dünyanın pandemiyadan çıxışından sonra elektrik enerjisinə tələbat daha da artmışdır. Avropada son illər kömür enerjisinə üstünlük verilirdi. Çünki Avropa iqlim dəyişikliyinə görə qaz qıtlığı ilə üzləşməli oldu ki, bu da onun kömürdən yenidən istifadə etməsini gündəmə gətirdi.

Rusiya–Ukrayna müharibəsi dünya enerji bazarına, həmçinin təbii qaz ticarətinə təsir etdi. Hazırda Avropaya verilən qazın 75%-i Rusiyadan alınır. Ümumiyyətlə, Avropa İttifaqına üzv olan 10 dövlət qazı Rusiyadan alır.

Kömürdən uzunmüddətli istifadə nəzərdə tutulmasa belə, qeyd edək ki, bunun özü də ekologiyaya təsirsiz ötüşməyəcək.