Füyuzat 134

Hindistanda türk dövlətinin memarı – Bayram xan

Hikməti-hökumət

Əməvilərin hakimiyyətə gəl­məsi ilə başlayan iqtidar böhranı müsəlmanlar arasında “iqtidarın hüquqi əsasları”na dair geniş mübahisələrə yol açdı. Bu mübahisələr ancaq xəlifə Hişam ibn Əbdülməlik zamanında (724–743) özünün elmi həllini tapmağa başladı. Belə ki, 731-ci ildə “Əhdi-Ərdəşir” (Sasani hökmdarı I Ərdəşir tərəfindən hazırlanmış dövlət idarəsi haqqında əsərin ərəb­cə adı) əsərinin ərəbcə tərcüməsi ilə başlayan elmi fəaliyyətlər xəlifə Məmun dövründə (813–833) özünün elmi-nəzəri formasını tamamladı. Bu elmi araşdırmalara əsasən, müsəlman siyasət teologiyası teorik olaraq üç təmələ söykənirdi:

Quran: siyasi hakimiyyətin hü­quqi əsası kimi;

Hədis: hakimiyyət idarəetməsinin əsası kimi;

Xəbər: hökmdar kimliyinin əsası kimi.

945-ci ildə Bağdadın Büveyhilər dövlətinin (932–1062) əlinə keçməsi və həmin tarixdən etibarən müsəlman coğrafiyasının qeyri-ərəb dövlətlər tərəfindən idarə edilməsi müsəlman siyasət anlayışının təkmilləşməsinə səbəb oldu. Təməllərini türk, əcəm və hind dövlətçiliyindən alan müsəlman siyasət teologiyasına ümumi mənada hikməti-hökumət adı verildi.

Müsəlman siyasət teologiyasının fikri bazasını X əsrdən etibarən ərsəyə gələn siyasi-əxlaq janrında yazılan əsərlər təşkil edirdi. Adına ümumi mənada nəsihətnamə deyilən bu əsərlərin yazılmasının başlıca səbəbi müsəlman siyasət teologiyasının əsaslarını hazırlamaq idi. “Mərzubannamə”, “Qabusnamə”, “Siyasətnamə”, “Nəsihətnamə”, “Oğuznamə” kimi adlarla yazılan həmin əsərlərin XIII əsrdən etibarən türkcə variantları ortaya çıxmağa başladı. Məzmun etibarilə Göytürk kitabələrinin (Kül Tigin, Bilgə xaqan və Tonyukuk kitabələri) davamı mahiyyətində olan oğuznamələrin Səlcuqilərdən etibarən yazıya köçürülməsiylə orta əsrlər müsəlman-türk si­yasət əxlaqı külliyyatı ortaya çıxdı. Onlarla, nüsxələri ilə birlikdə yüzlərlə sayı olan belə əsərlərin başlıca məqsədi adına hikməti-hökumət deyilən “dövlət ağlı”nın əsaslarını təsbit edib meydana çıxarmaqdır. Nəzəri olaraq öz elmi məzmununu qazanan hikməti-hökumət anlayışının zamanla ədəbi, əxlaqi və hüquqi əsasları da yazılmağa başlandı. Ədəbi baxımdan “Şahnamə”, “İsgəndərnamə”, “Bəhramnamə”, əxlaqi baxımdan “əxlaqnamə”lər, hüquqi baxımdan isə “ədalətnamə”lər hikməti-hökumət anlayışının hərtərəfli öyrənilməsini tələb edir (“Siyasetname: İslami Bir Devlet İdaresi Teorisi (Modern Orta Doğu`nun Fikri ve Siyasi Tarihi)”, Editör: Mehrzad Boroujerdi, Çeviren Salim Kokmaz, İstanbul: Albaraka, 2021, s. 29–50).

Hikməti-hökumət (dövlət ağlı) anlayışının məqsədi “ideal hökmdar” tipini formalaşdırmaqdır. İdeal bir hökmdar insanların səadətinin, yəni dünyəvi xoşbəxtliyinin təminatı hesab olunurdu. Bu mənada hikməti-hökumət müsəlman cəmiyyətinin sosial rifahını formalaşdırmağa, qorumağa və davamlılığını təmin etməyə xidmət edən siyasət əxlaqı düşüncəsinin ümumi adıdır.

X əsrdən etibarən müsəlman cəmiyyətlərində iqtidar münasibətləri hikmət çərçivəsində qiymətləndirilməyə başlandı. Bu anlayışı XVI əsrdə Nikolo Makiavelli (1469–1527) “Hökmdar” əsəriylə Avropa siyasi düşüncəsinə gətirdi. Ancaq müsəlman dövlət nəzəriyyəçilərindən fərqli olaraq Makiavelli iqtidar anlayışını hikmət əsasında deyil, güc münasibətləri çərçivəsində əsaslandırdı. XVI əsrin sonları ilə XVII əsrin əvvəllərində Qərb siyasət düşüncəsində bu anlayış “ratio etate” və ya “machtstaat”, yəni “dövlət ağlı” adlanmağa başlandı (d`Entreves Alessandro Passerin “Devlet Fikri (Siyaset Kuramına Giriş)”, Çeviren Furkan Kararmaz, İstanbul: Zoe, 2021, s. 64–70).

Hikməti-hökumət anlayışında hökmdar kimliyi mərkəzi mövqe tutsa da, bu kimlik təkbaşına bir məna kəsb etmirdi. Mühüm olan hikmət və ya fəzilət sahibi hökmdar xarakterini formalaşdırmaqdır. Bu missiyanı Səlcuqlu dövlətçiliyində atabəylər, Səfəvi və Osmanlıda lalalar, Baburlarda xani-xanan adlanan hökmdar tərbiyəçiləri icra edirdilər. Onlar arasında Nizamülmülk və Rəşidəddin kimi dövlət anlayışının əsaslarını hazırlayan böyük dövlət adamları da yer alırdı. Belə şəxsiyyətlərdən biri də Baburlu, “dövlət ağlı”nın memarı Baharlı Bayram xan idi.

Ağ moğollar

İngilis səfirlərinin əsərində “ağ moğollar”, Qərb tarixşünaslığında “Böyük Moğol” adlandırılan və üç əsrdən çox Hindistanı idarə edən Baburilər dövləti şah titulu daşıyan və Əmir Teymurun nəslindən gələn Zahirəddin Babur tərəfindən 1526-cı ildə təsis edilmişdir. Babur şahın öz xatirələrində “Türk” adlandırılan bu dövlət Hindistanda Qəznəvilərdən (962–1187) bəri davam edən türk hakimiyyət ənənəsinin son həlqəsi idi. Babur şahın dördillik hakimiyyəti yaratdığı dövlətin ancaq təməllərini atmağa yaradı.

Babur şah vəfat edəndə dövlətin varlığı sual altında idi. Taxta varisi olaraq oğlu Humayun (1530–1556) keçsə də, köhnə Ludi xanədanının nümayəndələri onu hakimiyyətdən uzaqlaşdırdılar. Şir xan adlı Ludi hökmdarı paytaxt Aqranı ələ keçirib Ludilərin hakimiyyətini yenidən bərpa etdi.

Taxtını geri almaq üçün çırpınmaqdan başqa əlindən bir iş gəlməyən Humayun şahı ağıllı bir dövlət adamı olan Bayram xanın diplomatik qabiliyyəti, siyasi manevrləri və politik zəkası xilas etdi.

Baharlı Bayram

Bayram xan Qaraqoyunlularda hakim boy olan Baharlı tayfasından idi. Ata tərəfdən Qara Yusifin oğlu Qara İsgəndərin qızı ilə evlənən Əli Şükrü bəyin nəslindən idi. Əli Şükrü bəyin Qara İsgəndərin qızı ilə evliliyindən Bayraq və Əsəd adında iki övladı vardı. 1480-ci ildə Əli Şükrü vəfat edəndə oğlanları Ağqoyunlu ölkəsini tərk edib Bədəxşana köç etdilər. Həmin vaxt Bədəxşanın idarəsi dayıları Sultan Mahmud Mirzənin nəzarətində idi. Bayraq bəyin Seyfəli adlı bir oğlu vardı. Seyfəli bəyin Nəqaibi xanımla evliliyindən 1504-cü ildə bir oğlu dünyaya gəldi. Uşağın adını Məhəmməd Bayram qoydular (Gültəkin İlhamə, “XVI əsr Azərbaycan şairi Məhəmməd Bayram xanın həyatı və yaradıcılığı”, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı 2013, s. 10).

Bədəxşan və Bəlxdə yaxşı təhsil alan Bayram hələ gənc yaşında elm və hərb sahəsindəki zəkasıyla diqqətləri özünə cəlb etmişdi. Onun bu xüsusiyyətlərini diqqətə alan Şah İsmayıl gənc Bayramı himayəsinə aldı.

XVI əsrin əvvəllərində Teymuri taxtını ələ keçirmək uğrunda Orta Asiyada şiddətli mübarizə gedirdi. 1500-cü ildə bölgənin Cuçi ulusundan Məhəmməd Şibək xan tərəfindən istila edilməsi ilə Teymurilərin əvvəlcə Mavəraünnəhrdə, 1508-ci ildə isə Xorasandakı hakimiyyəti sona çatdı. Ulu babalarının səltənətini geri qaytarmaq uğrunda mübarizəyə qoşulan Babur hərbi yardım məqsədilə həmin tarixdə yeni yaranan Səfəvi dövlətinin hökmdarı Şah İsmayıldan kömək istədi. Qızılbaş hökmdarının Babura kömək məqsədilə göndərdiyi orduda Məhəmməd Bayram da var idi. Bu hadisə Bayramın tarix səhnəsinə çıxmasında ilk mühüm hadisə idi.

Beləliklə, Bayram Baburlu dövlətinin yaranış prosesində yer alan əmirlərdən biri oldu. Babur şaha xidmət etməyə başlayanda o, hələ 16 yaşında idi. Lakin Mavəraünnəhrdə gedən siyasi-hərbi proseslər Baburun əleyhinə cərəyan etdi. Səfəvilərdən hərbi dəstək almasına, hətta qızılbaş ordularının köməkliyi ilə Səmərqənd və Buxaranı ələ keçirməsinə baxmayaraq, Babur Orta Asiyada qala bilmədi. Şeybanilər qarşısında yerli ünsürlərin dəstəyini itirən Teymuri hökmdarı Hindistan torpaqlarına hərəkət etdi. Qəndəhar ilə Pəncab bölgəsində yerləşən Babur üst-üstə təşkil etdiyi səfərlərin altıncısında Hindistanı ələ keçirdi. Bütün bu proseslərdə Bayram da onun yanında yer almış və 1526-cı ildə Baburlu dövləti qurulanda mühüm əmirlərdən biri kimi ad çıxarmışdı. Ancaq Babur şahın hakimiyyəti qısa sürdü. 1530-cu ildə vəfat edən Baburun ələ keçirdiyi ərazilərdə hakimiyyət mübarizəsi qızışdı və nəticədə taxta keçəcək Humayun səltənət haqqını itirdi.

Həmin vaxt Bayram Humayunun məsləhətçisi və eyni zamanda əmirülümərası (baş əmiri) vəzifəsini icra edirdi. Baş verən hadisələr qarşısında çarəsiz qalan Humayun çıxış yolu axtarırdı. Niyyəti ona qarşı çıxan qardaşlarının mülklərini ələ keçirib Hindistandakı hakimiyyətini yenidən bərpa etmək idi. Lakin Humayun şahın bunun üçün kifayət qədər hərbi gücü olmadığı kimi, güclü siyasi dəstəkdən də məhrum idi…

Davamı…