Füyuzat 134

“Leyli və Məcnun” operası necə yarandı?

XX əsrin əvvəllərində bir çox sahələrin inkişafı cəhətdən Avropadan geridə qalmış müsəlman ölkələri içərisində ilk musiqili tamaşa məhz Azərbaycanda yaranmışdır. Mən də öz məqaləmdə sensasiya xarakterli bu hadisənin maraqlı yaranma tarixçəsindən söhbət açmaq istədim…

Qədim zamanlardan Şərq mədəniyyətinin Qərbə ötürülməsində körpü rolu oynamış Qafqazın cənubunda yerləşən Bakı şəhərində 1908-ci ildə ilk opera tamaşasının yaranması dövrün mədəni inkişafının tələblərindən irəli gəlmişdir. Müasir tipli pərdəli teatrın yaranmasından sonra digər formalı tamaşaların yaranmasında da maraqlı olan Azərbaycan ziyalıları hər zaman olduğu kimi, mədəni cəhətdən Şərqin seçilən təfəkkür sahibləri kimi tanınırdılar. Zəngin təbiəti və milli-mənəvi dəyərləri ilə tanınan bu diyarın sakinlərinin qəhrəmanlıqları, məharətləri, mənəvi və cismani özəllikləri haqqında tarixi şəxsiyyətlərin maraqlı fikirləri vardır. XIX əsrin sonları, XX əsrin əvvəllərində müsəlman dünyasında ideoloji fikirlərində özünəməxsus mövqeyi ilə seçilən Əli bəy Hüseynzadənin Qafqaz xalqları haqqında yazdığı fikirlər də maraqlıdır. Dahi ideoloq 1905-ci ildə “Həyat” qəzetinin 143-cü sayında dərc edilmiş “Kuhi-Qaf və Simurq” adlı məqaləsində yazırdı: “Qafqaz xalqı dünyanın ən cəmil və hürriyyətsevər xalqıdır. Onların cismani və ruhani gözəlliklərinin mayasında azadlıq eşqi dayanır!..”

Özünəməxsus fikirləri ilə seçilən siyasi ideoloq qafqazlıların maraqlı xüsusiyyətlərini əks etdirən nağıl və əfsanələri yada salıb yazırdı: “Qafqazla bağlı mövcud olan maraqlı nağıl və əfsanələrdən iranilər və turanilərdən daha çox yunanilər bəhrələnmişlər”.

Ə.Hüseynzadənin məqaləsində diqqət çəkən əsas məqam ondan ibarət idi ki, Şərqin bütün maddi və mənəvi sərvətini mənimsəyib özününküləşdirməkdə mahir olan qərblilər görüb-götürməyin və mənimsəməyə meylin sayəsində irəli getməyi bacardıqları halda, bu sərvətlərin sahibləri olan qafqazlılar onlardan geridə qalmışlar… O, məqaləsində cəhalət və ətalətin ağuşunda mürgüləyən şərqlilərin ayılması və özünün zəngin mədəni-mənəvi sərvətlərinə sahib çıxması üçün yollar göstərərkən Esxilin “Zəncirlənmiş Prometey” faciəsini yada salıb yazırdı: “3-4 min illik tarixinə nəzər salarsınızsa, bu xalqın heç kəsə qul olmadığını görərsiniz! Onlar ölərlər, ya da hicrət edərlər, lakin qul olmazlar!”

Sözügedən məqaləsində Əli bəy Hüseynzadə Prometey və Zal oğlu Rüstəmin adlarını paralel çəkərək hər ikisinin eyni mifik süjetin qəhrəmanları olduğunu göstərərkən “yunanların iranlılardan və turanlılardan” fərqli olaraq Qafqazla bağlı miflərə daha çox maraq göstərdiklərini və onlara sahiblənməklə özlərinin mədəniyyətlərinə daha cazibədar rəng qatdıqlarını yazırdı. O, adəti üzrə bu məqaləsində də həmyerlilərini özlərinin maddi və mənəvi nemətlərinə laqeyd qaldıqları üçün məzəmmət etməklə yanaşı, “irani və turaniləri” oyanıb mənəvi sərvətlərinə sahib çıxmağa dəvət edirdi.

Haqqında söhbət açdığımız “Kuhi-Qaf və Simurq” adlı məqaləsində Hüseynzadə milli ədəbiyyatda azadlıq ideyalarını təbliğ və tərənnüm edən yeni ruhlu bədii ədəbiyyatın, dramaturgiyanın və teatrın yaranmasının vacibliyini göstərib yazırdı: “Nə ingilisin, nə fransızın, Avstriya və Germaniyanın ədəbiyyatı İran və Türkiyəni oyandıracaq bir azadlıq-hürriyyət ədəbiyyatı yazmadılar. Çünki onların dili İran və Türkiyə dillərindən fərqlidir. Lakin Rusiyada hürriyyət sayəsində bir millət tərəqqiyə başlıyor ki, onun dili Türkiyə və İran xalqına biganə deyildir. Bu millət Kazandan, Ufadan, Səmərqənddən, məvarayi-Baykaldan Krıma qədər yaşayan türk və tatar millətidir. Bunların oyanıb hasilə gətirəcəkləri hürriyyət ədəbiyyatı sel olub İran və Türkiyəni hərəkətə gətirəcəkdir! Bu selin də mərkəzi, şəksiz və şüb­həsiz, Qafqaz ölkəsi olacaqdır! İştə, görünür ki, Qafqaz hürriyyəti-aləmin tarixində mühüm rollar oynayacaqdır. Bu rolların ən böyüyü Qaf və Azərbaycan türklərinə aiddir!..”

Məqalədən seçdiyimiz hissələrdən aydın görünür ki, XX əsrin əvvəllərində Azərbaycanda başlanmış mədəni intibahın tezliklə bütün Qafqaz türklərini əhatə edəcəyinə əmin olan Hüseynzadə yeni başlanan demokratik hərəkatın mərkəzinin Azərbaycanın paytaxt şəhəri Bakı olacağını əvvəlcədən proqnozlaşdırmışdı. O, başladığı genişmiqyaslı ideoloji təbliğatın tezliklə müsbət nəticələr verəcəyinə əmin idi. Çünki Qafqaz türklərinin xarakterinə, mənəvi-idraki özəlliklərinə, cəsarət və əzmkarlıqlarına yaxşı bələd idi…

Proqnozları həmişə doğru çıxan siyasi ideoloqun yazdığı hər bir məqalədə ziyalılar mədəni inkişafa dəvət edilirdilər. Mətbuat, ədəbiyyat və teatr prosesinin yenilənməsi və inkişafı üçün konkret yollar göstərən Əli bəy bu məqaləsində də ziyalılara Qərb mədəniyyətinə çatmağın münasib yollarını göstərirdi. Müstəmləkə rejiminin ağır şərtləri altında mədəni sferada yeniliklər yaratmaq, təbii ki, çətin məsələ idi. Lakin mütərəqqi ziyalıların əzmkarlığı sayəsində milli mədəniyyətin bütün sahələrində islahatlar başlanmışdı. “Leyli və Məcnun” operası da həmin yüksəliş ərəfəsinin məhsulu olaraq yaranmışdır…

Davamı…