Füyuzat 140 Muxtar Cəfərli

Məsuliyyət yükü

Dilimizdəki bir çox sözlər kimi “yük” kəlməsi də yerinə görə həm həqiqi, həm də məcazi məna daşıyır. Həqiqi mənada işlənən “yük” sözünü rahatlıqla ifadə edə bilirik. Məcazi və ya mənəvi yükün ağırlığını isə tam şəkildə nə sözlə ifadə etmək mümkündür, nə də hər hansı bir vasitə ilə. Ancaq hiss edən bir qəlb, yaxud susmamış vicdan onun həqiqi ağırlığını göstərə bilir. İnsandakı məsuliyyət hissi də belə ağır yüklərdən biridir. Elə ağır bir yük ki, ruhlar aləmində insanın vicdanına yüklənib və son nəfəsə kimi davam edir.

Bu yük bəzən insanın belini büküb iliklərini sızıldadar, bəzən şimşək kimi qəlbinə çaxar, bəzən də şirin yuxusuna elə haram qatar ki, evinin içərisində belə rahatlıq tapa bilməz, dərdli-dərdli o tərəf-bu tərəfə var-gəl edər. Lakin bu mənəvi yük nə qədər ağır olsa da, onu dərk edən insanın qəlbinə dirilik bəxş edər, ruhunu ümidsizlik girdabından çıxarıb ülvi aləmlərə ucaldar. Hətta bu qüvvə insanın ölmüş vicdanına elə bir nəfəs üfləyər ki, o birdən-birə mənəvi dərinlik qazanar, həyatın məqsədini və yer üzündəki vəzifəsini daha gözəl anlamağa başlayar. Mənəviyyat sultanlarından Həsən Bəsrinin ifadəsi ilə desək, həyatının hər anını Yaradanın rizasına uyğun şəkildə yaşamağa çalışar. Belə bir insan üzləşdiyi çətinliklər qarşısında qol-qanadı dəfələrlə qırılıb yanına düşsə də, dəyərləri uğrunda yaşamağı özünə ən böyük ideal qəbul edər. O, üzərinə düşən vəzifəsini qanunlardan qorxduğu və ya ictimai qınaqdan çəkindiyi üçün deyil, qəlbindəki şövq və sevgi ilə yerinə yetirər. Ona əmanət edilən bu yükü layiqiylə daşıdığı üçün dəyər qazanıb mükafatını alar…