Aktual

Üçüncü dünya müharibəsi? – Politoloqlar açıqladı

Hazırda dünyanın hər bölgəsində münaqişələr, gərginliklər var. Bunlara Rusiya–Ukrayna müharibəsi, İsrail–Fələstin münaqişəsi, Pakistanla İran arasındakı gərginlik, Sakit okean hövzəsində baş verənlər, Afrikada siyasi natarazlıqların yaşanması, ABŞ-la İran arasında gərginlik nümunə ola bilər. Hələ 2023-cü ildə ən azı 183 regional münaqişə baş verib. Bu rəqəm son 30 ildə ən yüksək göstəricidir. Bütün bunların nəticəsində “Biz III Dünya müharibəsindəyikmi?” sualı meydana çıxır.

Düşüncələri məşğul edən bu sualın təsdiqlənmə ehtimalı varmı? Əgər belə olacaqsa, müharibədə hansı dünya dövlətlərinin iştirak edəcəyi gözlənilir? Bəs dünyadakı bu müharibələrin səbəbkarı kimdir? Milyonlarla dollarlıq silah satışından kimlər daha çox gəlir əldə edir?

“Füyuzat” mövzu ilə bağlı politoloq Əlimusa İbrahimovun fikirlərini öyrənib. O bildirib ki, bu gün dünyanın demək olar ki, hər yerində qanlı müharibələr gedir:

“Əvvəllər, yəni ikiqütblü dünyanın mövcud olduğu müddətdə heç də belə deyildi. Ara-sıra lokal səciyyəli proksi müharibələr baş versə də, bu müharibələrin inkişaf edərək qlobal müharibələrə çevrilməsinin qarşısı alınırdı. Soyuq müharibə bitdi, SSRİ dağıldı, birqütblü, sonra isə çoxqütblü dünya düzəni yaranmağa başladı. Qütblərin artması və ya azalması həmişə müharibələrlə, dünya müharibələri ilə müşayiət olunub. I və II Dünya müharibələri və ondan qabaqkı müharibələr məhz bu səbəbdən baş vermişdir: Yeni qütblərin meydana gəlməsi, hakimiyyətdə olan hər hansı bir qütbün zəifləyərək beynəlxalq siyasət meydanından çıxması və ya çıxarılması və nəhayət dünyanın yenidən bölüşdürülməsi. Hazırda da elə həmin proses gedir. İki il bundan qabaq hamımızın yaşadığı COVİD-19 pandemiyası da düşünürəm məhz III Dünya müharibəsinin funksiyasını həyata keçirməli idi. Amma gözləntiləri doğrultmadı və qlobal güclər yeni yollara baş vurmaq məcburiyyətində qaldı və müharibələr başladı. Hazırda qeyd olunduğu kimi Rusiya–Ukrayna arasında və Yaxın Şərqdə çox ağır müharibələr gedir. Dəhşətli döyüşlərin və insan tələfatının olmasına baxmayaraq, dünyanı yenə də dünya müharibəsi ilə qorxudurlar. Bir tərəfdən ABŞ başda olmaqla 60-a yaxın ölkə Rusiyaya qarşı müharibə aparır və Rusiya da öz növbəsində ətrafında olan müttəfiqləri ilə bu dövlətlərə qarşı dayanıb. I və II dünya müharibələrində mənzərə məgər fərqli idimi? O zamanlarda da bir koalisiya digər koalisiyaya qarşı müharibə aparırdı və bütün dünya dövlətləri bu və ya digər dərəcədə müharibədə iştirak edirdi. İndi vəziyyət fərqlidirmi? Amma indi baş verənləri III Dünya müharibəsi adalandırmaqdan çəkinirlər”.

Politoloq artıq III Dünya müharibəsinin içində olduğumuzu qeyd edib:

“Məgər hazırda gedən müharibənin III Dünya savaşı adlandırılması üçün mütləq nüvə silahından istifadə olunmalıdırmı? Qlobal güclər hesab edirlər ki, bu gün davam edən müharibələr hələ III Dünya müharibəsi səviyyəsinə qədər inkişaf etməyib. Amma artıq bu müharibənin getdiyini vurğulayanların da sayı artmaqdadır. Amma mən düşünürəm ki, biz artıq III Dünya müharibəsinin içindəyik”.

Politoloq bildirib ki, müharibədən qazanan silah tədarükçüləri artıq hamıya məlumdur:

“Əvvəllər silah istehsalı və ixracı üzrə iki ən böyük dövlət var idi: ABŞ və SSRİ. Hazırda SSRİ yoxdur, onun yerində olan Rusiya Federasiyası isə özünün Ukraynada apardığı müharibədə hərbi sursat və silah baxımdan ciddi problemlərlə üzləşir və onun digər ölkələrə silah ixrac etməsi müharibə bitənə qədər mümkün olmayacaq. Qaldı bütün davam etməkdə olan müharibələrdə bu və ya digər formada iştirakı olan ABŞ. Bu gün bu ölkə, həqiqətən, silah ixracından nəhəng gəlir əldə edir. Amma bu hələ başlanğıcdır. Yaxın illərdə onun bu sahədə əldə edəcəyi gəlir milyardlarla deyil, trilyon dollarla ölçüləcək. Amerikanın daxili və xarici borclarını məhz bu yolla ödəmək mümkündür. ABŞ tərəfindən bu gün atılan addımlar da qeyd olunan məqsədə xidmət edir”.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə də fikirlərini bölüşüb. O bildirib ki, ümumiyyətlə dünyada yeni bir siyasi nizam formalaşır:

“II Dünya müharibəsindən sonra formalaşan soyuq müharibə artıq bitib və yeni bir qütbləşmə ortaya çıxmaqdadır. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra artıq dünya dəyişib. Həm yaxın Şərq, həm də Şərqi Avropada təhlükəsizlik arxitekturası tamamilə pozulub. Qlobal güc olmaq yolunda Rusiya, ABŞ və Çin mübarizə aparır. Regional güc uğrunda İran öz proksi qüvvələri ilə çəkişmələrə qatılmaq istəyir. Demək olar ki, III Dünya müharibəsi başlamasa da, lokal mübarizələrin baş verməsi dünya nizamının dəyişməsinə gətirib çıxaracaq. III Dünya müharibəsi baş versə, bu, Rusiya–ABŞ, Çin–ABŞ qarşıdurmasına səbəb ola, bu da nüvə fəlakəti ilə sonlana bilər. Ona görə də tərəflər açıq şəkildə dünya müharibəsini başlatmırlar. Hazırda “vəkalət müharibəsi” gedir desək, yanılmarıq. Tərəflər öz proksi qüvvələri ilə mübarizə aparırlar. Rusiya və Qərb Ukraynada qarşıdurma içindədir, artıq Almaniya da silahlanır, İran öz proksi qüvvələri ilə Yaxın Şərqdə İsrail və ABŞ-a qarşı hərbi əməliyyatları genişləndirir. Nəqliyyat yolları uğrunda qızğın mübarizə başlayır. Husilərin öz sərhədləri yaxınlığındakı boğazlara nəzarəti dünya gəmiçiliyinə böyük zərbə vurur. ABŞ və Böyük Britaniyanın Husilərə qarşı hərbi əməliyyatları artıq genişlənir, İsrailin HƏMAS-a qarşı mübarizəsi bütün Yaxın Şərqi ağuşuna alır. Eyni zamanda Hizbullah da artıq aktivləşir və ABŞ hərbi bazalarına hücumlar edir. Həmçinin Pakistanla İran arasında yaşanan gərginlik də buna bir misaldır. Qafqazda da vəziyyət böhranlı şəkildə davam edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Düşünürəm ki, III Dünya müharibəsinin başlaması üçün əlverişli şərait yranıb. Ancaq əgər tərəflər soyuqqanlı davranacaqsa, əlbəttə ki, bu baş verməyə bilər. Ukraynadakı müharibə sonsuza qədər davam edə bilməz. Burada hər hansı bir tərəf bir gün məğlub olmalı və yeni dünya nizamı qurulmalıdır. Avropada elə bir siyasi nizam yaradılıb ki, buna görə Rusiya məğlub olmalıdır”.

Politoloq əlavə edib ki, ABŞ başda olmaqla Qərb koalisiyası ilə Rusiya, İran və Çin koalisiyasının mübarizəsi artır: “Əlbəttə ki, bu, yeni bir siyasi nizama gətirib çıxaracaq. Bu nöqtədə Azərbaycandan da tələb olunur ki, balans siyasətini tərk edib tərəf tutsun. Qərb Azərbaycanı ondan yana olmağa məcbur edir. Hətta Gürcüstan və Ermənistan artıq seçimini Qərbdən yana edib. Beləcə dünya çox gərgin siyasi münasibətlər sisteminə daxil olub. Çin–Tayvan münasibətləri hansı müstəvidə davam edəcək, ABŞ-da seçkilərin nəticəsi necə olacaq bilmirik. Tramp yenidən hakimiyyətə gələrsə, NATO parçalana bilər. Yəni dünyanın gələcəyi ciddi müəmmalarla üz-üzədir. Rusiya–Ukrayna müharibəsinin başladığı zamandan əvvəlki dövr deyil. Siyasi gərginlik və qarşıdurmalar hələ qarşıdakı 4-5 il ərzində də davam edəcək kimi görünür. Amma bunun nüvə qarşıdurmasına gətirib çıxaracağı gözlənilmir”.