Çox az insan tapılar ki, ömründə, heç olmasa, bircə dəfə mavi səmada qanad çalan quşlara baxıb onlar kimi hürr olmağı xəyal etməsin. Bədənin dar qəfəsindən çıxıb onlar kimi qanadlanmağı, səmaya ucalmağı, buludların arasında sərbəstcə süzməyi arzulamasın. Bu arzunun kökündə bir həqiqət dayanır: insanın azad doğulması, fitrətən hürriyyətə aşiq, ruhən ülviyyətə vurğun olması həqiqəti… Elə bu səbəbdən də insan ruhunun sərhədsiz üfüqlərdə qanad açması onun üçün misilsiz bir səadətdir.
Hürriyyət bir kəlmədən ibarət olsa da, içində böyük bir həqiqəti saxlayan əsrarəngiz anlayışdır. O, bir yazıya sığmayacaq qədər dərin və əngin mənaya sahibdir. Onu hansısa bir tərifə sığdırmaq sanki dənizi bir ovucun içinə yerləşdirmək qədər mümkünsüzdür.
Hürriyyətsiz bir həyat cansız bədən kimidir: nə mənası var, nə dəyəri, nə də ruhu. Əxlaq, ədalət və məsuliyyət kimi yüksək mənəvi keyfiyyətlər belə hürriyyət olmadan heç bir məna kəsb etməz. Ondan imtina edən öz ruhunun işığını zülmət qaranlığa məhkum edib özünü mənəvi ölümə təslim edər. Halbuki insanı insan edən, ona dəyər və anlam qazandıran məhz onun hürriyyətidir.
Ona yüklənən mənalar fərdlərin dünyagörüşünə, ideologiyasına, mədəniyyətinə, habelə dini və əxlaqi düşüncə tərzinə görə dəyişir. Kimi onu düşmən əsarətindən qurtuluş kimi görür, kimi də qanun çərçivəsində olsa belə, heç bir təzyiqə boyun əymədən hər istədiyini həyata keçirmək kimi anlayır. Bəziləri üçünsə nəfsinin istədiyi hər şeyə çatmaq arzularının qarşısında heç bir sərhəd tanımamaqdır. Ancaq burada məqsədimiz fərqli baxışları təhlil etmək deyil, qısa da olsa, insan ruhunun hürriyyətə olan əbədi susuzluğuna toxunmaqdır.
İnsan üçün mütləq və sərhədsiz hürriyyət bir ilğım kimidir. İnsan hər nə qədər böyük iradə sahibi olsa da, maddi cəhətdən zaman və məkanla çərçivələnmiş fani bir varlıqdır. Ona görə də insan üçün azadlıq nisbidir. Habelə insanın hürriyyəti başqalarının haqq və hüdudları ilə sərhədlidir. Əgər hürriyyəti sərhədsiz və nəfsani istəklərin sərbəstliyi kimi qəbul etsək, o zaman insan azad olmaq yerinə, arzularının əsirinə çevrilər. Çünki insan sadəcə zəncirə vurulduqda deyil, nəfsinin əsarətində olanda da kölə olur. Həqiqi hürriyyət isə nəfsin köləliyindən ruhun azadlığına gedən işıqlı bir yoldur. İnsan bu yolda yalnız cismən deyil, ruhən də azad olmalıdır. Çünki nə qədər azad görünsə də, içində əsarət daşıyan bir ruh heç vaxt hürr ola bilməz. Bu səbəbdən də insan sərhədsiz hürriyyət tələb etmək yerinə nəfsi istəklərinin əsarətindən xilas olmağın yollarını axtarmalıdır.
Hürriyyət bütün insanlığın ortaq duyğusudur. Bu duyğu insan ruhuna ilahi sirr kimi bəxş edilib. Lakin təəssüf ki, müasir dövrün diktəsi ucbatından insanların hürriyyətə baxışları mənfi mənada xeyli dəyişib. Günümüzdə əksər insanların düşüncəsi həqiqi hürriyyət anlayışından çox uzaqdır. İnsanlar saxta azadlıq parıltılarının arxasınca qaçaraq qaranlıqların içində yollarını itirirlər. Əsl hürriyyət və mənəviyyatdan uzaqlaşaraq maddiləşən, dünyəviləşən həyat tərzinin təqdim etdiyi “azadlıq” şüarları ilə özlərini aldadırlar. İnsanlar hər şeyə maddi gözlə baxır, lakin qəlblərinin susqun əsarətini görə bilmirlər. Saxta və zahiri azadlıqları isə həqiqi hürriyyət kimi qəbul edirlər. Şərqin böyük mütəfəkkiri Məhəmməd İqbalın dilindən süzülən bu misralar dövrümüzün kədərli həqiqətini belə hayqırır:
Hazırkı zamanın ehsanı mənə hürriyyətdir,
Zahirdə bir hürriyyət həqiqətdə əsarətdir.
Hürriyyət məfhumunu yalnız zahiri mənasında görənlər, onu sadəcə fiziki sərbəstliklə ölçənlər ruhlarının ilham verən pıçıltılarını eşidə bilmirlər. Halbuki həqiqi azadlıq insanın içindəki zəncirlərdən qurtulmasıdır. Bu zəncirlər çox vaxt insanın özü ilə daşıdığı, içində böyütdüyü əsarətlərdir. Dünya sevgisi, mal-mülk arzusu, şan-şöhrət hərisliyi, təkəbbür və mənəmlik düşüncəsi kimi hürriyyəti məhdudlaşdıran ünsürlər insanın ruhunu zəncirləyən görünməz qandallardır. İnsan öz ruhunu bu kimi mənfi xislətlərdən təmizlədiyi ölçüdə azad, onlardan asılı olduğu müddətdə əsir və kölə sayılır.