Füyuzat 129 Mənəviyyat Muxtar Cəfərli

Qəlbin qüvvət qaynağı – Təvəkkül

Həyatı boyu bir çox hadisələrlə qarşılaşan insan onları öz nəzarətində saxlayıb idarə etməyə çalışır. Əksər hallarda isə baş verənləri idarə etməyə və təkbaşına mənalandırmağa gücü çatmır. İnsan yaradılış cəhətdən zəif olduğu (“Nisa” – 28) üçün cərəyan edən bir çox hadisənin sonunu görə bilmir, həll edə bilmədiyi məsələlər qarşısında çarəsiz və aciz qalır. Bu səbəbdən də daim kiməsə güvənib arxalanmaq, dəstəklənmək, xüsusilə də özündən daha üstün bir güc sahibinə sığınmaq ehtiyacı duyur. Təbii ki, bu ehtiyaclar arasında Uca Yaradana sığınıb güvənmək insanda ən dərin ehtiyac hissidir. Məhz ona görə də Qurani-Kərim bir çox ayədə “İnananlar yalnız Allaha təvəkkül etsinlər” (“Ali-İmran” – 122) bəyanı ilə insanları, xüsusən də inananları Uca Yaradana təvəkkül etməyə çağırır.

Nə üçün məhz Allaha təvəkkül bu qədər əhəmiyyətlə vurğulanır? Çünki Allahdan başqa üz tutulanların özlərinin də təvəkkülə ehtiyacı vardır. Onlar da sığınıb güvənəcəkləri və ümid bağlayacaqları mütləq güc sahibinə möhtacdırlar. Bu səbəbdən də “təvəkkül edən hər kəsə kifayət edən” (“Talaq” – 3) və insanların etibarını boşa çıxarmayan yeganə sığınacaq Uca Yaradandır.

İnsanın üzərinə qoyulan vəzifələri icra edərkən əlindən gələn səyi göstərməsi, sonra isə işin nəticəsini Allaha həvalə etməsi təvəkkül adlanır. Digər bir ifadə ilə desək, təvəkkül hədəfə çatmaq üçün maddi və mənəvi səbəblərə riayət edib tədbir gördükdən sonra işlərin nəticəsini Yaradanın təqdirinə həvalə etmək şüurudur.

Təvəkkül hissi eyni zamanda qəlbə hüzur, sakitlik, əminlik bəxş edən bir duyğudur. O, insan üçün qalxan rolunu oynayan qəlbdəki qüvvət mənbəyidir.

Təvəkkül – Allah xatırlandığı zaman qəlbləri ürpərib titrəyən, Onun ayələri oxunduğunda imanlarını artıran (“Ənfal” – 2), “Allah mənə yetər” (“Tövbə” – 129) deyən insanların şüarıdır.

Təvəkkül – yaranmışın acizlik və çarəsizliyini etiraf edərək Yaradana qeyd-şərtsiz təslimiyyətidir.

Böyük İslam mütəfəkkiri Muhəmməd Qəzali təvəkkülü belə bir bənzətmə ilə ifadə edir: “Təvəkkül edənin Allaha güvənməsi eynilə uşağın anasına münasibəti kimidir. Uşaq anası qədər heç kəsə güvənib sığınmaz. Anasını görən kimi ətəyindən yapışıb buraxmaz. Anasının olmadığı yerdə başına bir iş gəlsə, dilindən çıxan ilk söz “ana” olar. Çünki uşağın ağlına hər zaman ilk gələn anası olur…”

“Təvəkkül” məfhumu tarixən ən çox müzakirə edilən və çox vaxt səhv anlaşılan mövzulardan biridir. O, məsuliyyətsizlik, tənbəllik, zəiflik göstərmək, habelə tərəddüd etmək, bəhanə gətirmək, tədbir tökməmək kimi insanı ümidsizliyə sövq edən bir məfhum deyil. Əksinə, insanların həyat mübarizəsində sabitqədəm və müvazinətli qalmaqları üçün böyük dəstək və ümid qaynağıdır.

Təvəkkül insanın öz üzərinə düşən vəzifəni Allaha həvalə etməsi yox, bacardığını etdikdən sonra işin nəticəsini Onun öhdəsinə buraxmasıdır. Eynilə həkimin xəstəsini xilas etmək üçün əlindən gələni etdikdən sonra nəticəni Allahdan gözləməsi kimi… Bir çox insanlar bunu düzgün anlaya bilmədikləri üçün təvəkkülü vəzifəni tərk etmək kimi qəbul edirlər. Bu isə Allaha təvəkkül və etimad deyil, əksinə, Onun əmrinə itaətsizlik və etibarsızlıqdır. Peyğəmbərimizin (s) dəvəsini bağlamayıb Allaha təvəkkül etdiyini söyləyən bir bədəviyə “bağlayaraq təvəkkül et” buyurması buna ən gözəl örnəkdir.

Bir xüsusu qeyd etmək lazımdır ki, çox vaxt “birdən” sözü ilə başladığımız və gələcəyə aid narahatlığı ifadə edən bütün cümlələrin kökündə təvəkkül şüurundan uzaq qalmaq dayanır. “Birdən istədiyim kimi olmaz”, “birdən işim alınmaz”, “birdən xəstələnərəm”, “birdən ölərəm” kimi narahatlıqlardan xilas olmağın yeganə yolu təvəkküldür. Mövlana Cəlaləddin Rumi “Məsnəvi”də bu həqiqətə diqqət çəkərək insanın gələcək narahatlığından xilas olması üçün təvəkkülün şərt olduğunu vurğulayır:

“Yükü gəmiyə yüklədikdən sonra edəcəyin iş Haqqa təvəkkül etməkdir.

Bu səfərdə batacaqsan və ya xilas olacaqsan, məlum deyil.

“Nəticəni bilmədikcə gəmiyə addım atmaram.

Bu yolda xilas olacağam, yoxsa boğulacağam?

Bu iki haldan hansı olacağını anlamalıyam.

Mən başqaları kimi şübhə içində, sahil ümidiylə bu yola gedə bilmərəm” desən,

Onda tacirlik edə bilməzsən.

Onlar qeybə aiddir, sirdir, gizlidir”.

 

Digər tərəfdən təvəkkül təkcə gələcək narahatlığı üçün deyil, insanın hər gün üz-üzə gəldiyi çətinliklərin həllində də köməkçi olur. O, insan həyatında meydana gələn hadisələrin psixoloji böhranlara gətirib çıxarmasının qarşısını alır. İnsanın inancını daim canlı saxlayır. Bu səbəbdən də insan yüksək mənəvi ruh halı ilə yorulub-usanmadan çalışır və nəticədə daha böyük müvəffəqiyyətlər üçün zəmin hazırlayır.

Davamı…