Füyuzat 135 Mübariz Yunus

Baş redaktordan

Bütün dünyanın dili bir, sözü bir idi…

Ulu babalarımızın, müdriklərimizin hikmətlə yoğrulmuş idrakından süzülüb günümüzə çatan kəlamları var. Söz xəzinəmizi itib-batmağa qoymayan xalqımızın söz-sənət ustadları bu kəlamları dastanlar, bayatılar, deyimlər, laylalar, ağılar, dildən-dilə dolaşan nəsihətlər vasitəsilə günümüzə qədər çatdırmışlar. Qədim zamanlardan bəri bütün insanlıq, əslində, sözə aşina olmuş, varlığını, keçmişini, dəyərlərini sözlə tərənnüm etməyə çalışmışdır… Bu sözlər, kəlamlar Adəm oğlunun zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü göstərmiş, öz çağını aydınlatdığı kimi, zəmanəmizə də işıq salıb bizlər üçün qəndilə çevrilmişdir.

Görəsən, sözdən əvvəl nə vardı?..

Öncə sükut vardı!.. Sükunəti hərəkətə gətirən söz oldu. Varlıq aləmi bir Sözlə yarandı. İlk insan sözlə can tapdı, canlandı. Sözün maddi və mənəvi təsiri onun varlığında şəkilləndi. Onun ruhuna sözlə hikmət damlaları səpildi. Qəlbində pakizə hisslər sözlə riqqətə gəldi.

Eşq sultanı Mövlana Cəlaləddin Rumi də bu riqqətin təsiri ilə belə söyləyir: “Dərk edə bilən üçün Yerin və onun üzərindəkilərin, göylərin hamısı Sözdür…”

Söz – Uca Yaradanın xəlq etdikləri ilə ünsiyyətinin başlanğıcı… Onun tükənməyən kəlmələrinin sirrinin açarı, hikmət xəzinələrinin kəşfinə aparan yolun qapısı… Bilinən və bilinməyənlərin yaranmasının möhürü…

Söz gizlin olanı aşkar edər, təfəkkürün dilinə çevrilər…

Səmavi söz iksirdir, sehrlidir. Elə bir sehr ki, təkcə insana deyil, bütün canlılara, hətta əşyaya belə təsir edər, ona anlam və dəyər qazandırar.

Yaradan insana sözlə xitab etdi və bu xitabla onun qəlbində, ağlında feyz işığını yandırdı. Ona hər şeyi sözlə ilham etdi. İlham edilənlərin içində sözə tökülə bilənlər kəlama çevrildi. Mənəvi qətrələrlə zənginləşdi, rəhmət qapısının toxmağına toxundurdu. Bu Sözün qüdrəti, hünəri ilə insan oğlu Yaradandan əfv diləyə bildi… Və bir gün o əfvlə müjdələndi…

Sözlə ifadə edilənlər və ya edilə bilinməyənlər…

Sözə bu pəncərədən baxdıqda sözlə ifadəsi mümkün olmayanın nə olduğunu anlamaq daha da çətinləşir.

Sükutda var olan dərinlik, dilə gətirilə bilməyən yaşantılar, hallar… Sükutun da öz dili var, ondakı sevincin də, nisgilin də…

İnsan sözlə sərhədsizliyin hüduduna vardı, sözlə vəd verib vəd aldı… Ərənliyə, kamilliyə sözün ipi ilə ucaldı. Söz əbədiyyətlə insan arasında qopmaz, qırılmaz bağa çevrildi.

İpin vədə çevrilməsi…

Sözü, kəlamı ipə, vədə çevirən güc…

“Hamınız birlikdə Allahın ipinə möhkəmcə sarılın, parçalanıb bölünməyin…” 

O ipin hörgüləri sözlə toxundu, naxışları sözün hikməti ilə rəngləndi, möhkəmliyi səmadan endirilən dəmirlə, poladla bərkiyib qüvvətli hala gəldi, bir əhdə çevrildi. O ip əsla və əsla qopmaz, ayrılmaz sağlam bir bağdır.

Səmadan yerə uzadılmış qurtuluş ipi…

Şifahi xalq ədəbiyyatımızda, folklor nümunələrimizdə quyuya düşənlər, çuxurda olanlar hər zaman bir əl vasitəsilə uzadılan ip ümidi içində olublar. Bəslədikləri bu ümidin və göstərdikləri mətanətin nəticəsində o qaranlığın sonunda yenidən işıqlı dünyaya mütləq qovuşublar. Doğru ipə sarılmaq insanın qurtuluşu olub…

Doğru ip – doğru insan…

Əsildə, özdə doğruluq ruhda, qəlbdə, ağılda doğruluqdur. Bu doğruluğun nəticəsi sözün də doğruluğuna mütləq işıq saçar. İnsanlığa sevgi işığını daşıyan Həzrət Muhəmməd nə gözəl ifadə edib: “Ən sevdiyim söz doğru sözdür”. 

Həqiqətdən qaçanlar boyunlarına yanlış ip keçirmiş bəxtsizlərdir. Həqiqətdən qaçmaq ipə-sapa yatmamaq, nizam və intizama uymamaqdır, bir növ yolsuzluq, istiqamətsizlikdir, istiqamətdən uzaqlaşmaq vədə xilaf çıxmaqdır…

Söz vermək bulud kimidir, onu yerinə yetirmək isə yağış, yağmur… “Ən gözəl söz (vəd) yağmurla qanadlanmış olandır”.