Baş redaktordan Füyuzat 134 Mübariz Yunus

Baş redaktordan

Bəzi kəlmələr var, mənası dərindir, yüklüdür, ancaq yüklü olduğu qədər də tapıntıdır, sehrlidir, bəzən çarədir, bəzən də dərddir.

İnsanın daxili aləmini silkələyən, sarsıdan, bəzən də xoşhal edən, feyzləndirən, dərununa səs salan avazdır. Bəzən də “İnsan” adlı xəzinənin gizli, gözə görünməyən açarıdır… Belə kəlmələr haqqında söz söyləmək, qələm çalmaq, təhlil etmək də çətin və məsuliyyətlidir.

Bu kəlmələrdən biri, bəlkə də, birincisi vicdandır. Mənası “tapmaq”, “hiss etmək”, “dadını bilmək”, “səsini duymaq”, “qoxusunu almaq” kimi anlamları ehtiva edən “vicdan” sözü insanın daxili aləmini incələmə, anlama, təhliletmə bacarığını, gücünü ifadə etmək üçün istifadə edilir. Vicdan insanın maddi və mənəvi aləminin qovuşduğu ana xətti təşkil edən, yaxşını pisdən, gözəli çirkindən ayıran, yaxşılıqdan ləzzət alan, pislikdən peşmanlıq duyan bir mexanizmdir.

Özəyi, qaynağı həqiqətdən gələn, Haqqın insan daxilindəki səsi olan vicdan insana öz-özünü hesaba çəkdirən, özünə güzgü olan, mühakimə edən mənəvi bir gücdür.

İnsan oğlunun qarşısındakı ən böyük əngəl onun maddi aləminin kəşfindən çox, daxili aləminin kəşfidir. Onun sirlərlə dolu maddəyə baxan tərəflərindəki hissiyyatından da (görmə, eşitmə, dadbilmə, iybilmə, toxunma) ziyadə, varlığının mənaya baxan (qəlb, ruh, ağıl, vicdan) tərəfləridir.

İnsan, bəlkə, gördüyünə “yanlış gördüm”, ağlına da “yanlış anladım” deyə bilər. Amma vicdanıyla bağlı belə bir tərəddüdə düşə bilməz, çünki vicdanın səsi hissdən də, duyğudan da, bilgidən də üstün olan, heç bir şübhə qəbul etməyən “Yəqin” həqiqətidir.

Davamı…