Füyuzat 141

Sancaq

Köksündə ay-yıldız səma misali,
Şanın çox yüksəkdir, rütbəndir ali.
Sənə baş endirər alivü-tali,
Xidmətində durar canü-mal ilə.

Rayəti-nüsrətsən, fatihi-kişvər,
Bayraqlar içində yox sənə bənzər.
Təməvvücün görcək buludlar titrər,
Öylə kim, dəryalar bir şimal ilə.

Vacib olmuş biz millətə hörmətin,
Həqq artırsın günü-gündən rəfətin.
Gər bilməsək sənin qədrü-qiymətin,
Yaşarız dünyada infial ilə.

Sayəndə ordumuz olmuşdur cəri,
Sözümüzün səninlədir kəsəri.
Hilalında vardır nüsrət əsəri,
Əsrlərlə, nə ki mahü-sal ilə.

Rəzmgah içində sabitqədəmsən,
Aləmlərdə şöhrətinlə ələmsən.
Cənnəti, sən əgər sahibqələmsən,
Yaz sancağın vəsfin xoş məqal ilə.

Əbdülxaliq Cənnəti