Tarix boyu belə olub… Hər biri bir xəzinə dəyərində olan elmi əlyazmalarımız buradan-oraya, oradan da buraya daşınıb… İndi məşhur bir ifadəyə çevrilən “beyin köçü” termini o zaman mütəfəkkirlərlə yanaşı, həm də o əlyazmaların diyar-diyar daşınması ilə həyata keçib.
Azərbaycan əlyazmaları Asiyada ən çox İran, Türkiyə kimi ölkələrin, Avropada isə Moskva, Sankt-Peterburq, London, Paris, Dublin, Berlin, Drezden, Vatikan, Vyana, Praqa, Sarayevo, Upsala kimi bir sıra şəhərlərin ən məşhur kitabxana və muzeylərində saxlanılır. Həmçinin Qahirə, Daşkənd, Düşənbə, Kəlküttə, Lakhnau, Dəkkə, Pəncab kimi şəhərlərin arxivlərində də Azərbaycanın orta əsrlər dövrünə aid nadir əlyazmalar var. Həmin əlyazmaların bu gün bizdə yox, digər Şərq-Qərb arxivləri və kitabxanalarında olmasının bir neçə səbəbi var. Birinci səbəb budur ki, XII–XIX əsrlərdə hansısa azərbaycanlı şair, alim, filosof, xəttatın Şərqin mədəni cəhətdən inkişaf etmiş şəhərində yaşaması adi hal hesab edilirdi. Tarixdən də məlum olduğu kimi, neçə-neçə mütəfəkkirimiz Azərbaycan sərhədlərindən kənarda yaşayıb və orada da vəfat edib. Deməli, qürbətdə yaşayıb-yaradan şairimizin əlyazmalarının bizdə yox, başqa diyarda olması təbii haldır. Həmçinin orta əsrlərdə alimlər arasında öz əsərlərini əlyazma şəklində bir-birinə bağışlamaq ənənəsi də olub.
1828-ci ildə Rusiya–İran müharibəsi sona çatdıqdan sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsində Səfəvi hökmdarlarının uzun illər topladığı və zənginləşdirdiyi kitabxananı ruslar bütövlükdə ələ keçirərək Sankt-Peterburqa apardılar. Həmin əlyazmalar əsasında XIX yüzilliyin əvvəllərində Rusiyada şərqşünaslıq elmi meydana gəldi və inkişaf etdi.
Ən ağrılı məqam budur ki, həmin qiymətli əlyazmalar öküz arabaları ilə dəyərsiz əşya kimi yad diyarlara daşınıb. Səfəvi kitabxanasından Rusiya Dövlət Ermitaj Muzeyinə daşınan mədəni sərvətlərimizdən biri də Nizaminin “Xəmsə”sinin əlyazmasıdır. Əlyazmanın üzü 1430-cu ildə məşhur azərbaycanlı xəttat Cəfər Təbrizi tərəfindən Heratda köçürülüb. “Xəmsə”nin bu variantı üçün 38 orijinal miniatür çəkilib. Əlyazmanın son səhifəsində onun Ermitaja gəlib çatana qədər keçdiyi yol qeyd olunub. Həmin qeyddən məlum olur ki, qiymətli nüsxə Nadir şahın sərkərdələrindən birinə məxsus olub.
Uzun müddət yoxa çıxan əlyazmanın sonrakı taleyi araşdırmaçılar üçün də qaranlıq qalıb. Məlum olan budur ki, “Xəmsə”nin nadir əlyazması iranlı tacir tərəfindən Sankt-Peterburqa aparılaraq şəxsi muzeyi olan Ştiqlis adlı almana satılıb və yalnız 1917-ci il inqilabından sonra Ermitaj muzeyinə verilib. Bu cür faktları sadalamaqla qurtarmaz. Dünyanın arxiv və kitabxanalarında saxlanılan əlyazmalarımızın dəqiq sayı bilinməsə də, bu rəqəmin 10 000-dən artıq olduğuna heç bir şübhə yoxdur…