Füyuzat 141 Samir Ramizoğlu

İnsanı yaşadan nədir?

Müdriklər söyləyirlər ki, insanı yaşadan, onu ayaqda tutan ən önəmli dəyər sevgidir. Həmin müdriklərdən feyz alan “Füyuzat” da deyir: “Dünyanın xilası sevgidədir. Sevgi bir hədiyyədir – böyüklüyün böyük hədiyyəsi…”

Bəs hansı sevgi, hansı dəyərdir insanı yaşadan?
İlk göz açıb hiss etdiyi ana sevgisimi?
Bağçada, məktəbdə, böyüdükcə yaşanan ötəri sevgimi?
Yaş artdıqca doğmaları arasında bölüşdürdüyü sevgimi?
Vəzifəyə, şan-şöhrətə olan sevgimi?
Nədir bu ali duyğu?..
Nədədir bu sevgi?..
Bəlkə də, biz tam anlamadıq aqilləri, yarım anladıq sevgini.
Bəlkə də, sevgidən də mühüm, vacib onun üslubu və necəliyidir?
Bəs həqiqi aşiqlərin anlatdığı, yaşadığı sevgi nə idi?
Onlar həqiqətə hansı sevgi ilə çatıblar?
Axı sevgidən daha ali bir dəyər kimi və necə sevməkdir!
Bəs bizim sevgimiz nəyədir, kimədir? Bəlkə, mərhəmət yolunun ünvanını səhv salmışıq, ona görə?
Nədən biz həqiqətə vara bilmirik?
Nədən “sev” deyib baş kəsirik?
Nədən “sev” deyib can alırıq?
Nədən “sev” deyib körpələri, uşaqları ana sevgisindən, ata nəvazişindən məhrum edirik?
Nədən “sev” deyib sevə bilmirik?
Nədən vətən sevgisindən danışıb vətənin “daşı” ola bilmirik?
Nədən öz övladımızın sevgisini qazanmaq naminə nifrəti yayırıq?
Nədən rüşvəti “sevərək” alırıq?
Nədən yalanı “sevərək” danışırıq?
Nədən sevgini anlamadan sevgidən danışırıq?
Nədən?..
Kaş…
Kaş bizə verilən ömrümüzü sevərək yaşaya biləydik.
Kaş sevgisiz qəlblərə məhəbbət toxumu səpə biləydik…
Kaş həqiqi eşqi tapa, bir ömür onunla yaşaya biləydik.
Onda dünyamız cənnətə dönərdi. Yalnız onda bilərdik ki, insanı yaşadan nədir…