Füyuzat 141

Dördgöz olmalıyıq

Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyinə ithaf edilir.

Paytaxtımızda Azərbaycan istiqlalına qarşı sui-qəsd əməliyyatının kəşf edilməsi bizi, yəni hökumətimizi də və əhalimizi də dördgöz olmağa vadar edir. Bundan sonra bizim hər bir cüzi də olsa fəqərədən [hadisədən] şübhələnməmiz lazım gəlir və hər bir istiqlalpərəst və vətəndost şəxsin borcudur ki, hər kəsdən və hər bir əhvaldan və hadisədən şübhə edərsə, həman dəm lazım olan yerlərə bildirib kəşf etdirsin və bu ayıqlıq, təbiidir ki, həm Bakıda və həm də Azərbaycanın sair yerlərində dəxi ibraz edilməlidir [nümayiş etdirilməlidir].

Şükürlər olsun ki, Azərbaycanın türk və islam əhalisi arasında istiqlal və azad yaşamaq fikri o qədər bərkiyib və o dərəcə dərinləşibdir ki, əhalimiz əksəriyyəti-əzəminin [böyük əksəriyyətinin] vətənpərəstliyi şəkk və şübhə xaricindədir. Baxüsus [xüsusilə] Nikolay dövri-mənhusundan [uğursuz, bəd dövründən] qalma bir taqım sui-idarələrin ləğvini, böylə idarə başında duran bürokrat tərbiyəli adamların yavaş-yavaş iş başından rəf edilmələrini [götürülmələrini, aradan qaldırılmalarını] görən əhali, hökumətimizin böylə müdəbbiranə [ağıllı] tədbirlərindən xoşhal olub öz-özümüzü özgələrdən yaxşı dolandırmaq iqtidarımıza iman və etiqad etməkdədirlər.

Bu gün Azərbaycan istiqlalı əleyhinə söylənən söz və icra edilən əməl hər bir Azərbaycan türk və islamının hissiyyatına toxunmaqla qəlbini pərişan edir və acığını tutdurur.

Əhalimizin hal və hissiyyatı bu gün o haldadır ki, şərəfə ölməyi qul və əsir olmağa tərcih edir və bunu deyil yalnız bir sözlə söyləyir, bəlkə, bütün ağıl və qəlbi ilə dərk edib anlayır.

Təəssüflər olsun ki, bizim sosialist firqələrimizdən bəziləri ifrat dərəcəyə varıb da özgə çəkməsinin bizim boynumuz üzərinə minməsini sosializm şüarlarının hüsulundan [əmələ gəlməsindən] ədd [hesab] edib, bu gunə [bu cür] xilafi-insaniyyət yollarda işləməyi özləri üçün caiz [uyğun] bilirlər. İstiqlallarını can və başla saxlamaq yolunda hər bir fədakarlıqlarda bulunan qoca gürcü sosialistlərindən ibrət almaq istəməyən cavan sosialistlərimiz böyük səhvdədirlər. Belə səhv ki, onun nəticəsi nəinki sosializm fikrinə xidmət göstərməz, bəlkə, bir millətin məhv və itlafına [tələf olmasına] səbəb ola bilər.

Biz ifrata varan cavan sosialistlərimizi bu gunə əməllərin sonki təhlükələrindən xəbərdar etməyi özümüzə borc bilirik və bunu deyirik ki, müstəqil yaşamayan bir millət içində ali fikirlər əmələ gələ bilməz…

Davamı…

Üzeyir Hacıbəyli