Füyuzat 141

Legion ədəbiyyatı

Azərbaycan mühacirət ədəbi-kulturoloji irsinin indiyədək yetərincə öyrənilməmiş qollarından birini də legion ədəbiyyatı oluşdurmaqdadır. Sovet imperiyası dönəmində Azərbaycanda legionerlərin fəaliyyəti haqqında məlumat ya mövcud olmamış, yaxud da yanlış, birtərəfli səciyyə daşımışdır. Buna səbəb isə onların istər ictimai-siyasi, istərsə də ədəbi-kulturoloji fəaliyyətinə sovet ideologiyası prizmasından yanaşılması, “vətən xaini” damğası altında sərt yasaqlar qoyulması olmuşdur.

Azərbaycan mühacirət ədəbi-kulturoloji irsinin ayrılmaz bir qolu olan legion ədəbiyyatının öyrənilməsi istər dövrün tarixi-siyasi proseslərinin aşkarlanması, istərsə də qürbətin yeni bir dalğasını formalaşdıran bu nəslin yaradıcılıq potensialının çözümü baxımından əhəmiyyətlidir. “Legion ədəbiyyatı nədən mühacirət ədəbiyyatının bir qolu, parçası hesab edilməlidir? Hər şeydən əvvəl, legionçular da siyasi mühacirətin bir hissəsi kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdılar. Zorən cəlb olunduqları müharibədə cəbhəni dəyişdirərək iyirmi il əvvəl itirdikləri istiqlalı qazanmaq uğrunda çalışırdılar. Legion ədəbiyyatı da öz qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı” (Bədirxan Əhmədli. “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri”, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2017, s. 91).

Lakin Azərbaycan sovet ədəbiyyatşünaslığından fərqli olaraq mühacirət elmi-nəzəri fikrinin problemə tamamilə fərqli yöndən yanaşması bu unikal irsin unudulmasına imkan verməmişdir. İstər müharibə dönəmində, istərsə də savaşdan sonra Azərbaycan mühacirəti təmsilçilərinin legionçularla sıx əlaqəsi, birgə fəaliyyəti onların vətən naminə aparılan mübarizə cəbhəsinə qoşulmasına gətirib çıxarmışdır.

Azərbaycanın tarixçi alimi Məmməd Cəfərlinin bu sahədə apardığı araşdırmaları xüsusilə əhəmiyyət daşımaqdadır. Onun II Dünya müharibəsi illərində Almaniyada əsirlikdə olan azərbaycanlıların yaradıcılıq irsinin toplanıb yayımlandığı “Azərbaycan legion ədəbiyyatı” əsəri bu baxımdan diqqəti cəlb etməkdədir…

Davamı…

Vaqif Sultanlı