Füyuzat 128 Mənəviyyat Muxtar Cəfərli

Toxmaqsız qapı

Həyatımızda xüsusi məna daşıyan “qapı” məfhumu keçmiş, gələcək və bu günün arasında sirli ünsiyyət vasitəsidir. Qapılar bəzən fiziki, bəzən də mənəvi keçid kimi iki məkanı və ya iki dünyanı bir-birinə bağlayır. İnsanın daxili dünyası ilə xarici aləm arasındakı əlaqəni yaradan, bir məkandan digər məkana keçərkən körpü funksiyası daşıyan qapılar, əslində, yaşadığımız həyatın açarı hesab olunur.

Həyat insan üçün bu dünyaya açılan bir qapıdır. İnsan bu qapıdan keçməklə dünyadakı qısa həyat səfərində qarşısına çıxan müəmma və sirr dolu müxtəlif qapılarla qarşılaşır. Qarşısına çıxan hər bir qapının arxasında nə olduğu sualı onu daim düşündürür. Bir çox hallarda bu qapıları açıb-açmamaqda tərəddüd edir. Açdığı zaman bəzən nə üçün indiyə kimi bu qapını açmadığına görə təəssüflənir, bəzən də açdığı üçün peşmanlıq hissi keçirir. Beləcə, mütəmadi olaraq bir qapıdan keçərək digərinə çatır. Və nəhayət, bir gün son qapı kimi görünən, əslində isə yeni bir dünyanın qapısını aralayır.

Hər qapının arxasında özünəxas gizli bir hekayət dayanır. Onların danışan dili olmasa da, səssiz-sözsüz dayansalar da, bir çox xatirə ilə dolu keçmişə şahidlik edirlər. Bəzən o qapıların arxasından sevincli və ya hüznlü olduğuna əmin olmadığımız səslər eşidilir, bəzən də ruhumuzun dərinliyində hiss edilən göz yaşı və təbəssümlər görünür. Bu baxımdan “qapı” sözü bizim üçün xüsusi məna daşıyır və bizi uzun-uzadı düşüncələrə qərq edir.

Bəzən qarşımıza sanki tərk edilmiş köhnə qapılar çıxır. Bu qapıların zahiri görkəminə baxıb onların haqqında müəyyən qənaətə gəlirik. Həmin köhnə qapıların arxasında necə dəyərli ruhların olduğunu düşünmürük. Onları açmağa belə cürət etmirik. Bu cəhətdən qapının insanla bənzərliyi çoxdur. Açıb arxasında nə olduğunu bilmədiyimiz qapı haqqında da, zahiri görünüşünə görə tanımadığımız insan haqqında da rahatlıqla fikir yürüdə bilirik. Halbuki o qapını açsaq və ya o insanı tanısaq, arxasında yalançı ümidlərin olmadığı, yalnız həqiqətə açılan qapılar olduğunu görərik.

Əslində, “qapı” ifadəsi təmsil etdiyi varlığa və məfhuma görə dəyər qazanır. Yaradana nisbət edilən rəhmət və bağışlama qapısı bütün qapıların ən alisidir. Mütləq bağışlamaq qüdrəti Ona aid olduğu üçün inanan insanlar əfv qapısı sayılan İlahi dərgaha üz tuturlar. Ümid və sədaqətlə Onun rəhmət qapısının eşiyində dayanırlar. İlahi eşqin dillərə dastan zərif təmsilçisi Rabiə əl-Ədəviyyə kimi böyük insanlar gecələr sübh işıqlanana qədər belə niyaz edərlər: “İlahi! Ulduzlar parladı, gözlər yuxuya daldı. Bütün padşahlar qapılarını bağladı. Təkcə Sənin uca dərgahının qapısı hər zaman açıqdır. Bütün sevənlər sevdikləri ilə baş-başa qaldı. Mən də Sənin hüzuruna gəldim…” Onlar elə bir sarsılmaz inama sahibdirlər ki, döyülən qapı gec açılarsa və yaxud qəbul edilib açılmazsa, dərhal ümidsizliyə düşməzlər. Çünki rəhmət qapısının eşiyində səbirlə gözləmək belə insan üçün böyük qazancdır. Eşqin danışan dili Mövlana Cəlaləddin Rumi döyülən qapının bir gün mütləq açılacağını belə ifadə edir:

Qapı açılar,

Sən yetər ki, döyməyi bil.

Nə vaxt? Bilmirəm.

Yetər ki, o qapıda dayanmağı bil.

Döyülən hər qapı dərhal açılsaydı,

ümidin, səbrin və istəyin

dərəcəsi bilinməzdi.

Mühüm olan o qapını döyərkən “kimdir?” sualına “mən” deməməkdir. “Mən” dediyimizdə içəridən: “Gələn sənsənsə, get, bir az daha yan, sonra gəl!” – xitabını eşidə bilərik. Yalnız Məcnunun Leylaya söylədiyi kimi “o mən ki, başdan ayağa sən olmuşam” dediyimiz zaman qapı taybatay açılar.

Davamı…