Füyuzat 126 Həşim Səhrablı Tarix

Urmiyanı təbiət yox, siyasi şovinizm qurudur

Urmiya gölü (Güney Azərbaycan ləhcəsi ilə Urmi gölü) dünya gözü ilə baxanda, sadəcə, qapalı su hövzəsidir. Ancaq bu gölə Azərbaycanın gözü ilə baxdığımız zaman ortaya tam fərqli mənzərə çıxır. O bizdən ötrü mədəniyyət mərkəzi, yurddur; bizim ilk dövlətlərimizin yaranma simgəsidir; həm mədəni, həm siyasi kimliyimizdir; Azərbaycan dövlətçilik tarixinin əvəzedilməz bir parçası, millətimizin ən əsas, nadir simvollarından biridir.

Ümumiyyətlə, su hövzələri, xüsusilə göllər türk milli kimliyində önəmli məsələdir. Necə ki Xəzəri, Göyçə gölünü yada salanda içimizdə dərin hisslər yaranır, Urmiya gölü də eləcə.

Urmiya gölünün quruması Azərbaycanın istər Güneyində, istərsə də Quzeyində dərin yaralara səbəb olur. Millətimiz bu faciəni məyusluqla izləyir. Bu hövzədə yaşayan azərbaycanlılar isə tək faciəyə şahidlik etmir, həm də bu faciədən zərər görürlər.

Urmiya Yaxın Şərqin ən böyük duzlu gölü, quşların, digər canlıların yaşadığı cənnət sayılır. YUNESKO-nun biosfer qoruğunda yer alan göldə nadir flaminqolar belə məskən salır, insanlar burada müalicəvi vanna qəbul edirdilər. Ancaq təbiətin bu əvəzsiz guşəsi artıq faydalılığını itirib…

Zərərli, duzlu toz fırtınaları təxminən 60 mil məsafədə yerləşən və 1,5 milyondan çox insana ev sahibliyi edən Təbriz şəhərində insanların gözlərinə, dərisinə və ağciyərlərinə mənfi təsir edəcək hallar doğurur. Gölə daha yaxın şəhərlər də eyni vəziyyətdədir. Duz fırtınaları yaxın ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqların məhsuldarlığını aşağı salır, hətta məhv edir… Bu isə, şübhəsiz, bölgə əhalisinin yaşamına ciddi təsirlərlə yadda qalacaq.

Son illər Urmiyanın cazibədar firuzəyi suları bu sularda çiçəklənən yosun və bakteriyalardan təsirlənərək qanqırmızı rəngə boyanıb. Çünki suyun səviyyəsi azaldıqca təsirlənmə daha da asanlaşır.

“National Geographic”də yayımlanan məqalədə gölün quruması səbəblərindən bəhs edilərkən burada iki əsas səbəb göstərilmişdir; iqlim dəyişikliyindən doğan quraqlıq, buxarlanma və bu buxarlanmanı sürətləndirən yay temperaturu. Həmçinin adıçəkilən yarımquraqlıq bölgədəki göl minlərlə qanunsuz quyudan, bəndlərin və suvarma layihələrinin çoxalmasından əziyyət çəkir. Hətta İranın keçmiş prezidenti Həsən Ruhani gölün qurumasına səssiz qalınmayacağını, bunun üçün 5 milyard dollar vəsait ayrılacağını bildirmişdi. Görünən odur ki, bu açıqlama da gölün qurumasına əngəl olmamışdır.

“Times of Israel” Urmiya və Təbriz şəhərləri arasında yerləşən gölün həm də bölgədəki insanlar üçün böyük əhəmiyyətindən yazır. Qeyd edilir ki, onun quruması təxminən 6 milyona qədər soydaşımızın həyatını çətinləşdirəcək. Artıq bir neçə ailə ərazidən köçüb. Bu da onu göstərir ki, əgər belə demək mümkünsə, “qurutma əməliyyatı” bölgədəki soydaşlarımızın şüurlu şəkildə bölgəni tərk etməsinə hesablanmış addımdır.

“The Guardian” xəbər agentliyində bir məqalə gölün quruması ilə nəticələnən əsl səbəbləri daha yaxşı izah etməkdədir. Belə ki, agentlikdə “Journal of Great Lakes Research” jurnalında yayımlanan akademik araşdırmadan sitat gətirilir. Bildirilir ki, Urmiya gölünün qurumasına iqlim dəyişikliyinin göstərilməsi heç də tutarlı səbəb deyil. Çünki göl bundan əvvəl də daha ciddi istilərə məruz qalıb, ancaq qurumaq təhlükəsi ilə üzləşməyib. Xəbərin sonrakı hissələrində Urmiya gölünə yaxın ərazilərdə inşa edilən su anbarlarına diqqət çəkilir və qeyd edilir ki, əgər İran rejimi gölün qurumamasını istəyirsə, həmin su anbarlarının inşası və iş mexanizminə ciddi diqqət yetirməlidir. Aral gölü nümunəsində Urmiya gölünün də eyni aqibəti yaşadığı bildirilib. Çünki Aral gölü də şüurlu şəkildə gölün su qaynağını təşkil edən Amudərya və Sırdərya çaylarının kənd təsərrüfatı məqsədilə nizamsız istifadəsi nəticəsində quruyub. İndi İran rejimi də Urmiya gölünün su qaynağını təşkil edən çaylar üzərində qurulmuş su anbarlarının nizamsız istifadəsinə biganə qalır və nəticədə, demək olar ki, Urmiya gölü quruyub.

Göründüyü kimi, Urmiya gölünün quruması tamamilə süni səbəblərdən doğub. İran rejimi bunları aradan qaldırmaq üçün tədbirlər gördüyünü açıqlasa da, əslində, problem həll edilməyib. Artıq keçən hər saat, hər gün min illərin gölü – Urmiya xəzinəsinin məhvinə işləyir…

Araşdırmaçılar Səid Həbibi Alagöz və Mehdi Yasinin 2017-ci ildə qələmə aldıqları “Urmia Lake Enviromental Water Right From Gadar River” başlıqlı akademik məqalələrində Urmiya gölünün qurumaması üçün mövcud təkliflər planı irəli sürülür. Belə ki, ətrafdakı 10 çaydan gölə suyun axıdılması və 24 su anbarının istifadəsinə ciddi nəzarətin tətbiqi nəzərdə tutulur. Araşdırmaya görə, təkcə 10 çayın suyu ilə Urmiya gölünə illik 1 milyard kub metr su əlavə edilməsi mümkün hesab edilir. Ancaq görünən odur ki, İran rəsmiləri bu və bu qəbildən olan digər araşdırmalara ciddi yanaşmırlar, yaxud yanaşmaq istəmirlər.

Türkiyənin “Cümhuriyet” qəzetində də bəhsi keçən mövzuya toxunulub. Burada yenə ekspertlərin fikirlərinə yer verilib və səbəblər iqlim dəyişikliyi, su anbarlarının qurulması göstərilməklə yanaşı, gölün ortasından magistral yolun çəkilməsinin də gölə ciddi zərər verdiyi açıqlanıb. Çünki son illər gölə axan su hövzələrinin üzərində 43 su anbarının tikilməsi buraya su axınını ciddi azaldıb. Eyni zamanda Urmiya və Təbriz şəhərləri arasında çəkilən həmin yol İran rejiminin istəyi ilə Urmiya gölünün ortasından keçir. Yolun inşası zamanı dağıdılan dağların qırıntıları gölə atılıb ki, bu da yeraltı su qaynaqlarına zərərdir.

İstənilən halda göstərilən məlumatlardan aydın olur ki, İranda iqtidar rejim Urmiya gölünün faciəvi qurumasına qarşı ciddi tədbirlər həyata keçirməkdə maraqsızdır. Bu isə sadəcə sosial deyil, milli səbəblərlə də izah edilməlidir. İranda mövcud rejim uzun illərdir ölkədə yaşayan bütün etnik qrupları assimilyasiya etməyə və zorla farslaşdırmağa çalışır. Burada əhalinin yarısı türkdür, hətta İran tərəfinin rəsmi məlumatlarına görə, İranda yaşayan Azərbaycan türklərinin sayı ölkənin ümumi əhalisinin üçdə birini təşkil edir və Azərbaycan türkləri dağınıq halda ölkənin fərqli bölgələrində deyil, özlərinin tarixi yurdu – Azərbaycanda kompakt halda yaşayırlar. Bu isə o deməkdir ki, kompakt halda yaşayan on milyonlarla Azərbaycan türkünü assimilyasiya etmək mümkünsüzdür. Adıçəkilən prosesi sürətləndirmək üçün kompakt yaşayan əhalini ölkənin fərqli bölgələrinə dağıtmaq lazımdır. Çünki bu qədər geniş kütləni zorla yaşadığı ana vətənindən çıxarmaq qeyri-mümkün olduğundan geriyə yalnız təbii yollarla dağıtmaq versiyası qalır. Urmiya gölünün qurudulması bu nöqtədə əvəzedilməz vasitədir. Çünki türklər üçün müqəddəs olan su hövzəsinin quruması sadəcə sosial həyata mənfi təsir etməklə qurtarmır, həm də onun mənəvi dəyərlərinə ağır zərbə vurur. Urmiya gölü min illərdir hər bir azərbaycanlı üçün müqəddəs sayılır…

Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, göl tamamilə quruyarsa, bölgəyə yaxın ərazilərdə yaşayan təxminən 6 milyondan çox soydaşımızın dolanışığı ağırlaşacaq və onlar yaşayış şəraiti daha yaxşı olan bölgələrə köç etmək məcburiyyətində qalacaqlar. Bu halda isə Azərbaycan türklərinin kompakt halda yaşaması mümkünsüzləşəcək və assimilyasiya prosesi sürətlənəcək. Bunu da nəzərə almaq lazımdır ki, Urmiya gölünün quruması ilə ən çox zərər çəkən ərazilər məhz Urmiya və Təbriz bölgələri olacaq. Həmin şəhərlər isə fars şovinizminin ayaq açıb qalib gələ bilmədiyi, Azərbaycan sevdasının bitmədiyi və milli kimliyini həmişə hər şeydən üstün tutan əzmkar soydaşlarımızın yaşadığı əsas şəhərlərdir. Demək, Urmiya gölünün təbiət hadisəsi olaraq quruması fonunda çox məkrli planların gizlədildiyi görünür…

İran iqtidarının anti-Azərbaycan siyasəti tək bununla da bitmir. Məsələn, Zəngəzur dəhlizi də bir başqa misaldır. Nə zaman ki dəhlizin açılması məsələsi gündəmə gəlir, anında İrandan idarə edilən radikal dini mərkəzlər Azərbaycanda fəallaşmağa başlayır. İranın özündə isə iqtidar səviyyəsində “Ermənistan bizim qırmızı xəttimizdir” fikirləri açıq şəkildə səsləndirilir. İran dövlətinin Ermənistan sevdasının qaynağı isə tək amilə – anti-Azərbaycan siyasətinə bağlıdır. Bunun tarixi köklərinə ensək, min illərdir bölgədə yaşayan etnik türklərlə və farsların bölgənin siyasi həyatını əlində cəmləşdirmək üçün milli ədavət içində olduğunu görərik. Hazırkı İran rejimi tamamilə fars şovinizmi ilə yoğrulmuş və insanlara sadəcə məzhəbçilik qiyafəsində xoş göstərilməyə çalışılır. Təəssüf ki, dini inanclı bir çox soydaşımız bu kimi oyunların fərqinə varmır, nəticədə İrandakı şovinizm Azərbaycandakı sekulyar dəyərlər üzərində təzyiq vasitəsinə çevrilir. Bu həm də İran iqtidarının anti-Azərbaycan, anti-türk addımlarının daha rahat reallaşdırılmasına zəmin hazırlayır. Xatırlayırsınızsa, bir müddət əvvəl etnik Azərbaycan türklərinin yaşadığı bölgələrə fərqli ölkələrdən etnik kürdlər köçürülmüş, burada yeni kürd-türk qarşıdurması yaradılmışdı. Bunu edən məhz İran iqtidarı, seçilən ərazilər də yenə Urmiya hövzəsinə yaxın Azərbaycan bölgələri idi.

İran kürdlərlə yanaşı, ermənilərdən də məharətlə istifadə edə bilir. Diqqət etdikdə açıq şəkildə görünür ki, bölgədə güclənən türk kimliyi sadəcə bir əngəl – erməni məsələsi ilə ləngiyir, zaman itirir və parlaq gələcək üçün tək əngəl Ermənistan dövləti olur. İşin əsli isə nə ermənilərdir, nə də Ermənistan dövləti, yaxud da hansısa separatist “Artsax dövləti”. Təməldə Rusiya və İranın anti-türk politikaları dayanır ki, erməni problemi də özünü bu politikaların bir davamı olaraq göstərir.

Bu yaxınlarda Azərbaycanın Londondakı səfirliyi radikal dini qruplaşmanın hücumuna məruz qaldı. Bununla bağlı mediada bəzi fikirlər dolaşmaqdadır: bu, Qərb dairələrinin, xüsusilə İngiltərənin Azərbaycana gözdağı vermək üçün planlaşdırdığı ssenaridir. Ancaq həqiqətdə məsələnin kökündə tam başqa reallıqlar gizlənir.

Əvvəla, həmin ekstremist qüvvələr hər hansı bir şəkildə İranla əlaqəsi olan qüvvələrdir və onlar heç vaxt “kafir ingilis”in sözü ilə hərəkət etməzlər. Həmçinin hadisələr yenə Azərbaycan və Ermənistan arasında hərbi gərginlik yaşandığı dönəmə təsadüf edir. Gündəmdə isə Azərbaycanın ərazi bütövlüyündən ziyadə Zəngəzur dəhlizi məsələsi var…

Dəhlizin açılması isə Rusiya, Azərbaycan və Türkiyə ilə yanaşı, İngiltərə tərəfinə bu və ya başqa formada sərfəlidir. Təkcə İranın milli maraqlarına ziddir. Üstəlik, Azərbaycanın hazırkı xarici siyasəti ingilislərə zərərli heç bir mahiyyət daşımır. Elə buna görə də 44 günlük müharibədə Böyük Britaniya hakimiyyəti birmənalı şəkildə Azərbaycanı müdafiə etdi. İran isə Azərbaycanın xarici siyasətini özünə təhlükəli hesab edir və bu səbəbdən də heç bir şəkildə güclü Azərbaycan istəmir.

Həm Urmiya gölünün qurumasına göz yumulması, həm də Zəngəzur dəhlizi məsələsi bir-biri ilə birbaşa əlaqəsi olan siyasi gedişlərdir. İran iqtidarı yaxşı anlayır ki, Azərbaycan dövləti gücləndikcə cənubdakı soydaşlarımızın milli mübarizə əzmi daha da artacaq və Azərbaycan onların güman yerinə çevriləcək. Ona görə də İran şovinist rejimi iki planın reallaşmasında xüsusilə maraqlıdır:

1. Azərbaycan dövlətinin böyük bir dövlətə çevrilməsinin əngəllənməsi mümkün olmazsa, ən azından Cənubi Azərbaycanda assimilyasiya prosesini gücləndirmək, bununla da Cənubi Azərbaycanda milli duyğuları məhv etmək. Çünki güclü Azərbaycan fonunda Güneydəki soydaşlarımızın cəsarəti daha da artacaq və onlar öz milli haqlarını tələb edəcəklər. İran tərəfi Urmiya gölünü qurutmaqla yuxarıda vurğuladığımız kimi Azərbaycan türklərinin kompakt yaşayışını dağıtmaq və assimilyasiya prosesini sürətləndirmək istəyir.

2. Zəngəzur dəhlizi məsələsini uzatmaqla, dolayısıyla Qarabağda yekun sülhü əngəlləməklə Azərbaycan dövlətinin güclü dövlətə çevrilməsinə mane olmaq istəyirlər. Ona görə ki Cənubi Azərbaycanda assimilyasiya prosesinin tamamlanması üçün Azərbaycan dövlətinin maksimum zəiflədilməsi lazımdır. Dövlətimizin güclənməsi Cənubdakı soydaşlarımıza da stimul verir və onların mübarizə əzmini artırır, milli duyğularını alovlandırır. Həm də İranda yaxşı hesablayırlar ki, Cənubi Azərbaycanda assimilyasiya prosesini tamamlamaq mümkün olmasa, fars şovinizmini ayaqda tutmaq üçün tək yol Azərbaycanı zəif və istiqrarsız etməkdir. Belə olduqda Azərbaycan Cənubdakı həmvətənlərimizə mənfi təsir edəcək və onların mübarizə əzmini azaldacaq, yaxud tamamilə sıradan çıxaracaq.

Bu iki planın ikisi də uğursuz olarsa, bölgədəki türk kimliyi əvvəlki gücünə qovuşacaq və yenidən bölgədəki bütün xalqların ədalət və sülh içində yaşayışının təminatına çevriləcək. Hadisələr hələlik bu məcrada davam edir. Çünki İran tərəfinin qurduğu ssenarilər hədəfə çatmır. İndiyədək nə Güney Azərbaycanın assimilyasiya edilməsi mümkün olub, nə Azərbaycan Zəngəzur dəhlizindən imtina edib, nə də Azərbaycandakı radikal dini cərəyanlar dövlət təhlükəsizliyinə zərbə vuraraq istiqrarsızlığa səbəb olub.