Azərbaycan ordusu qədim Xudafərin körpüsünün üzərində üçrəngli bayrağımızı ucaldıb onun işğalına son qoyan gün xalqımız müstəqilliyin bərpasının 29 yaşını qeyd edirdi. Azərbaycan əsgərinin müzəffər yürüşü təkcə torpağı yox, həm də tariximizi işğaldan qurtarmışdı. Həmin günlərdə şanlı tarix yazılırdı və bu əsərin müəllifi tarixçilər deyil, AZƏRBAYCAN ƏSGƏRİ idi. Bir-birinin ardınca sıralanıb Şuşa zirvəsində öz məntiqi nəticəsini tapan qələbələr seriyası bizə xalq olaraq bir daha keçmişə dönüb baxmaq, qazandıqlarımızı və itirdiklərimizi saf-çürük etmək imkanı vermişdi.
Bir əsrdə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası tarixi şansı dəyərləndirib öz hürriyyətinin, özgürlüyünün övladları üçün nə qədər əziz olduğunu bütün dünyaya göstərəndə həm də sübut edirdi ki, bizim üçün ən qiymətli sərvət TORPAQDIR. O torpaq ki, bir əsr öncə onun üzərində müsəlman Şərqinin ilk türk cümhuriyyətini quranların şanlı nəsilləri tarixi qələbəyə imza atmışdı. Bu zəfərin altında həm də bizə müstəqillik ideyalarını daddıranların, bu şanlı irsi bizə miras qoyanların imzası vardı.
Bu il Azərbaycan Cümhuriyyətinin yaradılmasının 104 ili tamam oldu. Böyük tarixdir. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə öz silahdaşları ilə birlikdə dövlət quranda onun ən böyük arzularından biri Vətəni bütöv görmək, Azərbaycan Cümhuriyyətini o dövrün qarışıq siyasi təlatümlərindən keçirib gələcək nəsillərə ərməğan etmək idi. Tiflisdən başlayıb Gəncədə, Bakıda kamilləşən müstəqilliyin ömrü uzun olmasa da, o, Azərbaycan xalqının hürriyyət və azadlıq duyğularını tarixdə heç vaxt olmadığı qədər qüvvətləndirdi. Biz istiqlalın nə olduğunu Azərbaycan Xalq Cümhuriyyəti ilə tanıdıq, qurduğu dövlətə AZƏRBAYCAN adını verən azadlıq aşiqlərinin əməllərində, işıqlı ideyalarında tanıdıq.
Ömrü qısa olsa da, əsrlərlə yaşayacaq hadisələrə imza atdı bu dövlət. Ana dilimizi dövlət dili elan etdi, milli ordu yaratdı, demokratik parlament qurdu, qadınlara səsvermə hüququ verdi, gəncləri xaricdə oxumağa göndərdi, dünya birliyi Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Əlbəttə ki, siyahını uzatmaq mümkündür, ancaq sadaladığımız nailiyyətlərin hətta bu qədəri belə müstəqil Azərbaycan Respublikasının öz şərəfli dövlətçilik keçmişi ilə öyünməyinə kifayət edir. Bu hadisələrin hər biri indi Azərbaycanın başucalığı, müstəqillik tariximizin parlaq səhifələridir.
Xalqımızın keçdiyi tarixi mərhələlər, milli ideologiyamızın əsas prinsipləri bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə tam mənası ilə ifadə olunub. Bu siyasətin təməlində qədim tarixə, şanlı keçmişə, zəngin mədəni irsə münasibət dayanır. Özünü Azərbaycan Cümhuriyyətinin siyasi varisi elan edən Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövrdə elə bir güc topladı ki, o, son 100 ildə buraxılmış səhvləri də düzəltdi, itirdiklərimizi yerinə qoydu.
Tarixə nəzər salsaq görərik ki, XX əsr boyunca xalqımızın yaşadığı hər üç respublika torpaq itirməkdə bir-birinə varislik edib: Azərbaycan Cümhuriyyəti yarananda İrəvanı itirdik, Azərbaycan SSR yarananda Zəngəzuru, Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşanda isə torpaqlarımızın 20 faizi işğal olundu. 30 il davam edən işğal dövründə bir addım da öz məqsədlərimizdən kənara çəkilmədik, Qarabağı unutmadıq! Nəhayət, biz müstəqilliyin ən böyük tapşırığını elə şərəflə yerinə yetirdik ki, bu, XX əsrdə xalqımızın başına gətirilən faciələrin, ağrılı itkilərin də cavabı oldu. Prezident İlham Əliyev müstəqilliyin övladlarından yaratdığı qüdrətli ordu ilə tarixin gedişatını dəyişdi. Azərbaycan Respublikası tarixdə ilk dəfə itirdiyi ərazilərinə qovuşdu.
Bizim əvvəllər də Vətən, müstəqillik, milli dəyərlər barədə təsəvvürlərimiz var idi. Amma indi bu Qələbə ilə həmin dəyərlər artıq başqa məna və mahiyyət kəsb etməyə başlayıb. Bu Zəfər müstəqillik fədailərinin də bir əsr bundan əvvəl yerinə yetirdiyi missiyaya yenidən nəzər salmaq, onun dərin mənasını anlamaq imkanı yaradıb. Bəli, onların hər birinin irsi xalqımızın milli sərvətidir, amma indi bu irsi bir qədər fərqli baxış bucağından yenidən və daha dərindən dərk edirik və anlayırıq ki, bu insanlar nədən bu qədər istedadlı, vətənpərvər, nədən bu qədər fədakardırlar!..
Müstəqilliyin şah əsəri olan Qələbəmiz hədəflərimizə, məqsədlərimizə, dövlətimiz, xalqımız, dünya və region üçün etdiklərimizə və edəcəklərimizə yeni bir baxış formalaşdırdı. Biz indi hər yerə 44 günlük qələbənin tacı olan ŞUŞA rakursundan baxırıq.
Bundan sonrakı Azərbaycan tamam başqa Azərbaycan olacaq. Bizim həmişə qürur duyduğumuz Azərbaycan, bütöv bir Vətən olacaq. Bu gün Vətənin bütövləşməsi prosesi gedir. Çünki ruhumuzun, yaddaşımızın hələ də gedəcəyi yerlər var. Axı insanlar doğulduqları yerə getməyəndə enerji ala bilmir. Ona görə də torpağa qayıdış yenilik deməkdir. İndi ruhumuzun yenilənməsi prosesi gedir və biz bu tarixi prosesin şahidləriyik. Artıq tariximizdə yeni – dördüncü respublikanın təməlləri də atılıb, onun banisi və qurucusu Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Dünyada xalqlar çoxdur. Ancaq onların heç də hamısı müstəqil dövlətə sahib deyil. Xalqımızın xoşbəxtliyi ondadır ki, müstəqillik, azadlıq, milli dirçəliş, milli oyanış məfhumlarını 104 il əvvəl yaddaşımıza yazanlar bizə var olmaq, uğrunda ölüb-dirilmək üçün əbədi ünvanı – Azərbaycanı bəxş ediblər. İndi Azərbaycan Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan Respublikası dünya xəritəsində öz layiqli yerini tutub, onunla hesablaşır, ona hörmət və ehtiram göstərirlər. Azərbaycan xalqı, dövləti və ordusu bütün zamanların ən şanlı hadisəsinə imza atıb, əziz oxucu! Elə bir vəzifənin öhdəsindən uğurla gəlib ki, illər keçəcək, amma onun əhəmiyyəti heç vaxt azalmayacaq. Çünki onun mahiyyətində duran əsas amil BİRİNCİ RESPUBLİKANIN xalqımıza yadigar qoyduğu şanlı irsdir.