Füyuzat 126 Tarix Yunis Orucov

Müstəqillik qədər önəmli

15 sentyabr 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunması Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisədir. Bu hətta 1918-ci il mayın 28-də Azərbaycan istiqlalının elan olunması qədər tarixi qələbədir. Bu, müstəqilliyin faktiki qazanılması və dövlətçiliyin əsaslarının yaradılması günüdür. Məhz Bakının azad olunmasından sonra Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin apardığı mübarizədə bütöv bir dövr qələbə ilə başa çatdı və qazandığımız qələbə Azərbaycanın müstəqilliyini qəbul etməyən qüvvələrə dərs oldu. Çünki ona qədər bolşeviklər hesab edirdilər ki, nefti əsl sahiblərinə vermək olmaz. Həmin vəzifəni yerinə yetirmək isə müsəlman-türk qanına susayan Şaumyana tapşırılmışdı. Azərbaycanlıların müstəqillik çağırışları, təbii ki, bolşevik-erməni alyansının planlarına uyğun gəlmirdi, onlar hər vəchlə bu niyyətin kökünü kəsməyə fürsət axtarırdılar. Planın icrasına isə 1918-ci ilin martında Bakıda müsəlmanların kütləvi qırğınına başlamaqla start verildi. Stepan Şaumyanın başçılıq etdiyi daşnaklar Bakıda bir həftə ərzində 12 mindən çox dinc azərbaycanlını qətlə yetirdilər. Sonradan qırğınlar bütün ölkəyə yayıldı, Quba, Şamaxı, Lənkəran, Salyan, Kürdəmir, habelə Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur əhalisinin də aqibəti faciəli oldu.

1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Respublikası – Azərbaycan Cümhuriyyəti quruldu. Azərbaycanın bütün siyasi qüvvələri Gəncədə müstəqillik naminə birləşsələr də, əsas vəzifələri həyata keçirmək Bakısız mümkün deyildi. O dövrdə danışıqlar aparmaq üçün İstanbulda olan Azərbaycan Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə baş nazir Fətəli xan Xoyskiyə yazırdı: “Bakını mütləq almaq lazımdır. Bakı olmasa, o zaman əlvida, Azərbaycan!..”

Hələ 1918-ci ilin əvvəlindən Osmanlı dövlətinin fəal dəstəyi ilə Qafqaz İslam Ordusunun yaradılmasına başlanmışdı. Hərb naziri Ənvər paşanın qardaşı Nuru paşa orduya baş komandan təyin olunmuşdu. Həmin ilin yayından ordu artıq Gəncədə idi. Ənvər paşa Nuru paşaya göndərdiyi gizli və şəxsi əmrlərdə Bakının düşməndən ən qısa müddətdə qurtarılması üçün çox sürətli hərəkət edilməsini tapşırırdı. Bolşevik-daşnak qüvvələri isə tezliklə Gəncəyə girib milli qüvvələrin axırına çıxmaqla Azərbaycanın müstəqillik yolunu birdəfəlik bağlamaq istəyirdi. Lakin Qafqaz İslam Ordusu Göyçay ətrafında bolşevik-daşnak birləşmələrinə sarsıdıcı zərbə vurandan sonra vəziyyət dəyişdi. Qaraməryəm ətrafında ciddi itkilər verən düşmən geri çəkilməyə məcbur oldu. Bakı Sovetinin süqutundan, avqustda isə general Denstervilin komandanı olduğu Britaniya qoşunlarının Azərbaycana gəlməsindən sonra Bakı məsələsi daha da ciddiləşdi. Bütün maneələrə baxmayaraq türk-Azərbaycan birləşmiş qoşunlarının zəfər yürüşü davam edirdi. Onlar Göyçaydan sonra Kürdəmiri, Ağsunu, ardınca Şamaxını azad etdilər, beləliklə, Bakıya yollar açıldı. Məhəmməd Əmin Rəsulzadə baş nazir Fətəli xan Xoyskiyə növbəti teleqramında: “Bakısız Azərbaycan başsız bədəndir, düşməni fakt qarşısında qoymalıyıq! Bakı uğrunda hərəkat Azərbaycan naminə olmalıdır, Azərbaycan qoşunları daxil olmalıdır Bakıya…” –yazırdı.

Nuru paşa Bakı yürüşünə birbaşa rəhbərlik etmək üçün sentyabrın 8-də Gəncədən Bakı ətrafına gəldi. Şərq Orduları qrupunun komandanı Xəlil paşa da Bakı hücumunda şəxsən iştirak edirdi. Nuru paşa sentyabrın 14-ü gecə saat 2-də orduya hücum əmri verdi. Bakı uğrunda ölüm-qalım mübarizəsi başladı. Hücuma hazırlaşan düşmən birləşmələri güclü top atəşinə tutularaq məhv edildi. General Denstervil 1925-ci ildə çap olunan memuarında yazır ki, osmanlılarla Britaniya qoşunları arasında ilk döyüş “Palçıq vulkanı” deyilən yerdə baş verdi. Qanlıgöl çökəkliyindən Bakının mərkəzi görünmürdü, lakin əlbəttə, türklərdə şəhərin dəqiq xəritəsi ola bilərdi. Amma top atəşləri bundan da dəqiq idi. Onlar artıq generalın kabinetini və yataq otağını vururdular. Britaniya qoşunları sentyabrın 15-i axşam saat 17:00-dan etibarən türk-azərbaycanlı birləşmələrinin bombardmanı altında Bakını tərk etdi. Şəhəri türklərdən qorumağın mənasızlığını anlayanda general Denstervil Bakı diktatorlarına son məktubunda yazırdı: “Dünyada heç bir qüvvə Bakını türklərdən qoruya bilməz. Biz bura sizə kömək etmək üçün gəlmişdik, sizin əvəzinizə döyüşmək üçün yox. Mən öz əsgərlərimin qiymətli həyatını boş yerə qurban verə bilmərəm”.

Sentyabrın 15-də Bakı artıq Qafqaz İslam Ordusunun əlində idi və bu hadisə ilə Azərbaycan təbii, tarixi paytaxtına, milli-mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Qədim Azərbaycan şəhərinin azad edilməsi ilə sanki bədənlə baş birləşdi. Bu hadisə millətin milli ruhunu yüksəltdi. 1918-ci il sentyabrın 15-də Bakı öz tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu aldı. Azərbaycan və türk xalqlarının qardaşlığının rəmzinə çevrilən bu zəfər bayramı “bir millət, iki dövlət” fəlsəfəsinin təntənəsini yaşayaraq gələcək nəsillər üçün əvəzolunmaz örnək oldu.

Çox sonralar Bakı fatehi Nuru paşa öz xatirələrində yazırdı: “Biz Bakıya hücum edən gün, sentyabrın 14-də türk ordusunun sayı çox az – 5 min nəfərə qədər idi. Bakıda isə düşmənin 30 mindən çox silahlı qüvvəsi, 9 zirehli maşını var idi”.

Təsəvvür edin ki, Qurd qapısı istiqamətində adi şəkildə yuxarı dırmanmaq çox çətindir. Amma Qafqaz İslam Ordusu qarşısında belə bir vəzifə qoyulmuşdu ki, bütün şəxsi heyət ağır texnika, silah-sursat, mərmilər, toplarla dırmanmalı və həmin istiqamətdə mövqe quran erməni, ingilis qüvvələrinin səngərlərini ələ keçirməli idi. Onlar məhz belə də etdilər və qalib gəldilər. Sizcə, bu həmin hadisədən düz 102 il sonra bizim qəhrəman ordumuzun silah-sursatsız, əliyalın dağlara dırmaşaraq Şuşanı azad etməsini xatırlatmırmı?..