Əfqan Vəliyev Füyuzat 125 Şəxsiyyətlər

Azərbaycan Cümhuriyyətinin quruluşu və fəaliyyəti

28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə, Türk dünyasında və müsəlman Şərqində Azərbaycan ilk Xalq Cümhuriyyətini quraraq tarixə adını yazdıran dövlət oldu.

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. Həmin ilin oktyabrında baş verən çevriliş nəticəsində hakimiyyətdən getdilər. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflis şəhərində Azərbaycan, Gürcüstan, Ermənistan və Qafqazın digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini qurdular(Cümhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə tərtib edilmiş toplu. 28 may 1919-cu il. Bakı. Hökumət mətbəəsi, s.13). Seymdə müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin aparıcı və fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də seymdəki Azərbaycan fraksiyası iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldi. İclasda Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə müavinləri seçildilər. Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi (28.05.1918). Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı dövləti ilə danışıqlar aparması səbəbi ilə iclasda iştirak edə bilmədiyi üçün onun yerinə iclasa sədr müavini Həsən bəy Ağayev sədrlik etmişdir. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla  Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etmişdir. Bu bəyannamə Azərbaycan millətinin varlığını dünya-aləmə bəyan demək idi (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond №51, siyahı №1, 1918–1920-ci illər, s. 1, 3). Həmin iclasda eyni zamanda Fətəli xan Xoyskinin başçılığı ilə AXС-nin birinci hökuməti qurulmuşdur. Müstəqilliklərini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq 4 iyun 1918-ci ildə ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan “Dostluq və əməkdaşlıq müqaviləsi”ni Azərbaycan adına Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məhəmməd Həsən Hacınski imzalamışdır. Müstəqilliyimizi ilk tanıyan Türkiyə ilə imzalanan müqavilənin üçüncü maddəsi – Azərbaycanın torpaq və ərazi bütövlüyü, dördüncü  maddəsi isə Türkiyənin Azərbaycana siyasi və  əsgəri köməyi ilə əlaqəli idi. Müstəqilliyi qorumaq, daşnak, eser, menşevik, bolşevik və başqa qüvvələrdən təmizləmək məqsədilə Azərbaycan hökuməti 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə imzalanan müqavilənin dördüncü maddəsini əsas götürərək Osmanlı dövlətindən hərbi kömək istəmişdi. Bu istək 3-cü ordu komandanı Məhməd Vəhib paşaya da bildirilmiş və vəziyyəti yerində araşdırmaq üçün 6-cı ordu komandanı 3 zabitlə  bölgəyə göndərilmişdi. Qafqaz və Azərbaycana Muzaffər Əfəndi rəhbərliyində göndərilən bu heyətin tədqiq və araşdırmaları nəticəsində hazırlanıb təqdim edilən raporta əsasən, Azərbaycana kömək üçün ordu göndərmək qərara alınmışdı.

Gəncədə vəziyyət qismən sabit idi. Buna baxmayaraq erməni-daşnak dəstələri və Bakı Sovetinə bağlı könüllülər Gəncənin rus və erməni məhəllələrində barrikada quraraq şəhərin bir hissəsinə nəzarət edirdi. Nuru paşanın komandanlığı altında Gəncəyə gələn Qafqaz İslam Ordusundan bir qrup və Azərbaycan birliklərinin apardıqları döyüş əməliyyatları ilə şəhər düşmən qüvvələrindən təmizləndi. Tiflisdə istiqlalını bəyan edən AC hökuməti 16 iyun 1918-ci ildə Gəncəyə köçdü və Gəncə AC-nin  müvəqqəti paytaxtı elan edildi (Cümhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə tərtib edilmiş toplu. 28 may 1919-cu il, Bakı. Hökumət mətbəəsi, s. 15). İyunun 17-də axşam Gəncədə Fətəli xan Xoyski rəhbərliyində ikinci hökumət quruldu. İyunun 19-da hökumət Azərbaycandakı gərginliyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi.

Bakı neftinə marağı olan Almaniya Gürcüstan hökumətinə təsir edərək Bakının azad edilməsinə mane olmaq üçün Osmanlı ordusuna mənsub 5-ci diviziyanın Gürcüstan dəmir yolu ilə şəhərə gəlməsinə icazə vermədi. Buna baxmayaraq Mürsəl paşa komandanlığındakı diviziya döyüşlə Gümrü-Dilican-Ağstafanı keçərək Gəncəyə gəldi. Ənvər paşanın əmri ilə qurulan Qafqaz İslam Ordusu Nuru paşa Killigilin komandanlığındakı Osmanlı ordusuna mənsub beşinci piyada diviziyası və general-leytenant Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman korpusu əsasında yaradılmışdı. Ordunun tərkibinə 12 min əsgər və zabit daxil idi. Daha sonra Türkiyədən gələn və Azərbaycandan qoşulanlarla birlikdə əsgər sayı 20 min olmuşdu.

Bakıda möhkəmlənən Stepan Şaumyan rəhbərliyindəki Bakı Soveti hökuməti AC-ni devirmək üçün iyunun 10-da Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilmiş bu ordu keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl törədirdi. Bakı Soveti ordusu iyunun 12-də Kürdəmiri işğal edib Göyçaya tərəf irəliləməyə çalışarkən Qafqaz İslam Ordusunun hücumuna məruz qalmışdı. İki həftə davam edən qanlı döyüşdə Bakı Soveti ordusu məğlub edilmiş, çox ağır itki verərək müqavimət gücünü itirmişdi. Bu, müharibənin dönüş nöqtəsi idi. Bakı istiqamətində aparılan istiqlal savaşı ilə iyunun 20-də strateji bölgə – Şamaxı azad edildi. Üst-üstə qazanılan qələbələr Bakı Soveti hökumətinin sonunu gətirdi. Şaumyan rəhbərliyindəki 33 Bakı Soveti üzvü istefa verdi. Onun yerinə 1 avqust 1918-ci ildə Bakıda ingilislərin köməyi ilə daşnak, eser, menşeviklərdən ibarət daha qəddar “Sentrokaspi” diktatura hökuməti quruldu. Bütün bunlar Qafqaz İslam Ordusunun qələbə irəliləyişinə mane ola bilmədi və ordu sentyabrın 15-də həlledici hücumla Bakını azad etdi. Bu, cümhuriyyətin quruluşundan sonra yaşanan ikinci tarixi hadisə idi. Sentyabrın 16-da şəhərdə Bakının qurtuluşu münasibətilə hərbi parad keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı AC-nin yeni paytaxtı elan edildi. Azərbaycan hökuməti Qafqaz İslam Ordusunun köməyi ilə bölgələrdə də öz hakimiyyətini qura bildi. AC qurulduğu qısa müddət ərzində Türkiyə, Gürcüstan, Ermənistan, İran, Ukrayna, Litva, Polşa, Hollandiya, ABŞ,  Belçika, İtaliya, Yunanıstan, Fransa, İngiltərə, Danimarka, İsveçrə, Finlandiya və başqa dövlətlərlə diplomatik münasibətlər qurmuş, səfirlik, baş konsulluq, konsulluq səviyyələrində əlaqələr yaratmışdı. 

I Dünya müharibəsi şərtləri tarixi şəraiti Azərbaycan əleyhinə dəyişdirdi. 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə görə I Dünya müharibəsində məğlub sayılan Türkiyə ordusu Azərbaycanı tərk etdi və Qafqazda nəzarət “Antanta” qüvvələrinin əlinə keçdi. Azərbaycan və Bakının azad edilməsində mühüm rolu olan Türkiyə ordusunun Azərbaycandan ayrılması Azərbaycan üçün çətin hadisə idi. 17 noyabrda general Tomsonun başçılıq etdiyi ingilis qoşunları Mudros müqaviləsinə əsasən Azərbaycana daxil oldu. Hökumətin düzgün və çevik siyasəti nəticəsində general Tomson Azərbaycan hakimiyyətini ciddi siyasi qüvvə olaraq tanıdı (ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond №51, siyahı №3, saxlanma vahidi 71). 28 dekabrda isə Bakı general-qubernatoru Tomson Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında deklarasiya imzalayaraq parlamentin açılışına mane olmayacağını bildirdi.

Azərbaycan Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycanda ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti parlamentini yaratmaq haqqında qanun qəbul edildi. Milli Şura həmin il dekabrın 3-də Müəssislər Məclisinin geniştərkibli Azərbaycan parlamentinin çağırılması haqqında qanunu qəbul edərək Milli Şura və onun rəhbərinin seçkilərə qədər səlahiyyətli olmaq şərti ilə fəaliyyətlərini davam etdirməyi qərara aldı.

          1918-ci il dekabrın 7-də gündüz saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti parlamentinin açılışı oldu. Məhəmməd Əmin Rəsulzadənin açılış çıxışı ilə parlamentin ilk iclası başladı. İclasda Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə Həsən bəy Ağayev sədrlik edirdi. 1919-cu ilin axırlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və bitərəflər fraksiyası – 38, “İttihad” – 13, “Əhrar” – 6, “Sosialistlər” bloku – 13, partiyasızlar – 4, müstəqillər – 3, “Rus-slavyan cəmiyyəti” fraksiyası – 5, erməni fraksiyası – 5, “Daşnaksütyun” fraksiyası – 6, “Azlıqda qalan millətlər” fraksiyası – 4 nəfər (Cümhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə tərtib edilmiş toplu. 28 may 1919-cu il, Bakı. Hökumət mətbəəsi, s. 19-20).

AC-nin parlamentçilik tarixi 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək  cəmi 17 ay davam etmişdi. Parlamentin ilk iclası həmin il dekabrın 7-də saat 13:00-da, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə parlamentin cəmi 145 iclası olmuşdu. Müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul edilmişdi. Bütün bu iclaslarda parlament İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanun və qərarlar qəbul etmişdi. Bunlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. AC “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideya və prinsiplərini əsas götürmüşdü. Hökumət tərəfindən 24 iyun 1918-ci ildə əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. 9 noyabr 1918-ci ildə isə həmin bayraq  mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraqla əvəz olundu. 27 iyun 1918-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanun imzalandı (ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond №51, siyahı №2, saxlanma vahidi 176-186). Fəqət milli dildə mövcud kadr çatışmazlığını nəzərə alaraq dövlət idarələri də daxil olmaqla bir çox yerdə müvəqqəti şəkildə rus dilindən də istifadəetmə hüququ verilirdi. Hökumətin çıxardığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb edildi.

I Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi.

26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılması haqqında qanun qəbul olundu. Avqustun 11-də isə ümumi səfərbərlik elan edildi və 1894–1899-cu il təvəllüdlü Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldı. Sentyabrın 1-də isə Hərbi Nazirliyin yaradılması ilə əlaqədar qərar qəbul olundu. Həmin ilin 25 dekabrında generallar – Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Nizami ordu qurmaq məqsədilə büdcədən 400 milyon manat vəsait ayrılmışdı. Xalqın da fədakarlığı ilə 1920-ci ilin yanvarında ordu quruculuğu işi tamamlanmış və Azərbaycan 30 mini piyada, 10 mini süvarilərdən təşkil edilən 40 min nəfərlik nizami orduya sahib olmuşdu.

Azərbaycan dinc, mədəni, qonaqpərvər, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyətdir. Bu xüsusiyyətləri ilə Qafqazın və dünyanın mədəni ölkələrindən hesab olunur. Cümhuriyyət dövründə də multikultural dəyərlər qorunmuş və qanunla  dəstəklənmişdir.

21 iyul 1919-cu ildə Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə”sini təsdiq etdi. Əsasnamə 4 fəsil,  116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq Azərbaycanın 20 yaşına çatmış bütün vətəndaşları iştirak edə bilərdi. Dünya tarixi üçün mühüm sayılan hadisə isə türk dünyasında və müsəlman aləmində ilk dəfə qadına seçmək və seçilmək hüququ verən ölkənin Azərbaycan olması idi. Dünya ilə müqayisədə ABŞ, Almaniya, Fransa və İsveçrədən əvvəl Azərbaycan qadına seçmə və seçilmə hüququ vermişdi. Eyni il avqust ayının 11-də parlamentdə qəbul edilən “Azərbaycan vətəndaşlığı haqqında” qanunda: “Özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunur”, – deyilirdi.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, hökumət elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Orta tədris məktəblərinin yarısı milliləşdirildi və məktəblərdə milli tarix tədris olunmağa başladı (Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (II kitab. Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998, s. 984-992). Məktəblərdə Azərbaycan dili məcburi tədris dili hesab edildi. Ölkədə müxtəlif dərəcəli məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılırdı. Xəstəxanalar tikilir, kənd yerlərində feldşer məntəqələri şəbəkəsi yaradılaraq xəstəliklərə qarşı mübarizə aparılırdı. 1919-cu il martın 7-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təsis edildi. Sözügedən ilin 30 sentyabrında isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu.

1919-cu il sentyabrın 1-də Azərbaycan Universitetinin təsis olunması haqqında qanun qəbul olundu. Dərslər noyabrın 15-də başladı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul edilməsi də mühüm hadisə idi. Dövlət hesabına yüzə yaxın gənc ali təhsil almaq üçün Türkiyə və Avropanın müxtəlif universitetlərinə göndərildi. 1919-cu ilin oktyabrında mətbuat üzərindən senzura götürüldü və mətbuat azadlığı elan edildi. Daxili və xarici ticarəti dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi. Həmin il oktyabrın 30-da isə ticarət donanmasının fəaliyyəti bərpa olundu və 1919-cu ilin yayında Bakını tərk edən ingilislər hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə verdilər və bu gəmilər hesabına Azərbaycan Xəzər Donanması yaradıldı. AC hökuməti ölkənin başı üzərini alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc cümhuriyyətin beynəlxalq aləmdə tanınması sahəsində böyük iş aparırdı. Bununla bağlı parlament 1918-ci il dekabrın 28-də Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Azərbaycan nümayəndə heyəti Parisdə olduğu müddətdə oraya konfrans üçün gələn İran heyəti ilə 1 noyabr 1919-ci ildə müstəqilliyin tanınması və diplomatik münasibətlərin yaradılması ilə bağlı müqavilə imzalanmışdı. Səkkiz ay davam edən mübarizə nəticəsində Azərbaycanın müstəqilliyinin tanınması təklifini İngiltərənin xarici işlər naziri lord Kerzon irəli sürdü (Mekteb ve Muallim, Kurtuluş dergisi, №15, Ocak, 1936, Berlin, s. 433-434). Bir müddət sonra müttəfiqlərin Ali Şurası Kerzonun təklifi ilə Azərbaycanın tanınması ilə əlaqəli qərar qəbul etdilər. “Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan dövlətini de-fakto tanıyırlar” məzmunlu qərar 11 yanvar 1920-ci ildə verildi. Bu tarixi hadisə Azərbaycanda dövlət və xalq tərəfindən sevinclə qarşılandı və dövlət tədbiri ilə qeyd olundu. 

Azərbaycan hökumətinin daim diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibət və sərhəd məsələləri olmuşdur. Cümhuriyyətin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvadrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr sərhəd ərazisi Azərbaycan hökuməti tərəfindən mübahisəli ərazi hesab olunurdu. Azərbaycan əhalisi 2 milyon 862 min nəfər idi. Ölkə əhalisinin 70 faizini müsəlmanlar təşkil edirdi. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin “Böyük Ermənistan” qurmaq arzusu ilə özünün olmayan torpaqlarla bağlı ərazi iddiaları üzündən Azərbaycan–Ermənistan münasibətlərini normal vəziyyətə salmaq mümkün olmamışdı (Mirze Bala Mehmetzade, Gene maarif cephesinde, Kurtuluş dergisi, №13-14, Kasım, 1935,  Berlin, s. 292-395).

Cümhuriyyət dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdu.

Azərbaycan hökuməti daxildə quruculuq işləri ilə yanaşı, beynəlxalq aləmdə də tanınmışdır. Lakin buna baxmayaraq şimal qonşusu – Rusiya ilə münasibətlər gərgin olaraq qalırdı. 1920-ci ilin yanvar, fevral və mart aylarında Sovet Rusiyasının xarici işlər komissarı Georgi Çiçerin göndərdiyi notalar ilə Azərbaycan hökumətinə Denikin əleyhinə hərbi ittifaq təklif etmişdi. Azərbaycanın  xarici işlər naziri F.Xoyski isə verdiyi cavab notasında Denikinlə mübarizənin Rusiyanın daxili işi olduğunu və Azərbaycanın buna qarışmaq niyyətində olmadığını bildirmiş və hər notaya cavabında da sovet hökumətindən Azərbaycanın müstəqilliyini qeyd-şərtsiz tanımasını istəmişdi (A.Bennıgsen, C. LemercıerQuelquejay, Step’de Ezan Sesleri, Selçuk Yayınları, İstanbul, 1981, s. 67-71). Sovet Rusiyasının Azərbaycan ordusunu Denikinlə müharibəyə cəlb edərək zəiflətmək istəyi, cümhuriyyəti yıxma planı nəticəsiz qalanda digər planlarını həyata keçirməyə başladı. Azərbaycana qarşı müdaxilə ərəfəsində sovet hökuməti öz hərəkətlərini Azərbaycandakı daşnak və bolşeviklər ilə sıx əlaqələndirirdi. Məhz Moskvanın təhriki ilə onlar 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bolşevik planının bir hissəsi olan bu qiyamların qarşısını almaq məqsədilə Azərbaycan hökuməti özünün əsas qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI Qırmızı Ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar, müdafiəsiz qaldı (Azərbaycan Demokratik Respublikası, “Gənclik” nəşriyyatı, Bakı, 1990, s. 26). Digər tərəfdən bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etmək üçün acizlik göstərməkdə günahlandırırdılar.

1920-ci ilin aprelində Denikin qoşunlarını məğlub edən XI Qırmızı Ordu hissələri Azərbaycan sərhədlərinə çıxdılar. F.Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi: “Hal-hazırda Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, ordunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz”. Lakin Çiçerin Azərbaycan hökumətinin notasını cavabsız qoydu (Azerbaycan Dergisi, Yıl; 23, Sayı; 210, Nisan – Mayıs – Haziran, Ankara, 1974, s. 30-35). Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxilə qərarı verilmiş və hərəkətə keçilmişdi. Bakıdakı Kommunist Partiyasının erməni rəhbəri Anastas İvanoviç Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI Qırmızı Ordunu Azərbaycana dəvət etmişdi. Bu ordunun komandanlığı ilə razılaşdırılmış plana görə rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bu da dünya ictimaiyyətində “Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur” fikri formalaşdırmaq məqsədi daşıyırdı. Lakin Bakıda qiyam başlamamış, aprelin 27-də XI Qırmızı Ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladı. Buna səbəb Gəncə və Qarabağdan Azərbaycan ordusu köməyə gəlmədən Bakı və Bakıya qədər olan bölgələri işğal etmək idi. Az sayda ordu bölmələri düşmənə müqavimət göstərə bilmədi. Donanma gəmiləri – bolşeviklərin əlinə keçmiş hərbi gəmilərin topları parlament binasına tuşlanmışdı. XI Qırmızı Ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və RK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi (Azerbaycan Demokratik Respublikası, Gençlik Neşriyatı, Bakü, 1990, s. 27. Azerbaycan Dergisi, Yıl; 23, Sayı; 210, Nisan – Mayıs – Haziran, Ankara, 1974, s. 28-30). Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 22-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

AC 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AC-nin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.