Hürzət Təhməzli Köşə Yazıları Xəbərlər

Həyatın ən güvənli limanı

Qardaş… Bəzən bir insanın həyatda ən böyük güvəni, ən sakit limanı məhz bu sözün içində gizlənir. Qardaş təkcə eyni qanı daşıyan insan deyil. O, dar gündə dayaq olan, insanın susduğu yerdə belə dərdini anlayan, təhlükəni özündən əvvəl hiss edib sevdiyini qorumağa çalışan bir ürəkdir.

Uşaqlığım qardaşlarımın səsi ilə böyüyən bir evdə keçib. O ev bizim üçün sadəcə yaşadığımız yer deyildi. Orada uşaqlığımızın ən gözəl xatirələri yaşayırdı. Biz binanın səkkizinci mərtəbəsində yaşayırdıq. Hündürdən şəhərə baxanda mənə elə gələrdi ki, bütün dünya ayaqlarımızın altındadır. Bəzən uzaqlardan gələn maşın səsləri, bəzən həyətdə oynayan uşaqların gülüşü qarışardı uşaqlığımıza.

Qardaşlarımla keçirdiyim günlər indi də yaddaşımda ən unudulmaz xatirələr kimi yaşayır. Köhnə dəftərlərin vərəqlərini bərk-bərk büküb top edər, evin içində özümüzə qapı qurub futbol oynayardıq. Xalçanın üstü bizim üçün uzun yollar, böyük şəhərlər idi. Oyuncaq maşınlarımızı sürə-sürə öz xəyal dünyamızı qurardıq. Həyətdə oynayarkən kiçik qardaşım daşlardan balaca evlər tikərdi, mən isə palçıqdan yeməklər hazırlayıb guya hamımıza süfrə açardım. O zamanlar xoşbəxt olmaq üçün çox şey lazım deyildi. Bir az sevgi, bir az gülüş, bir də bir-birimiz kifayət edirdi.

Evdə bəzən bir tikə şirniyyat, bir meyvə qalardı. Amma biz onu belə aramızda bölərdik. Heç kim digərindən artıq götürməzdi. Çünki uşaqlığımız bizə paylaşmağı öyrətmişdi. Hətta evdə olan son tikə belə bölünəndə daha dadlı görünərdi gözümüzə. İndi düşünəndə anlayıram ki, bizi bir-birimizə bağlayan təkcə qardaşlıq deyilmiş, eyni çörəyi, eyni sevgini paylaşmaq imiş.

Qardaş sevgisi qəribə sevgidir. O sevgi hər zaman gözəl sözlərlə ifadə olunmur. Bəzən bir qadağada, bəzən sərt baxışda, bəzən də əsəbi səslə deyilən bir cümlədə gizlənir. Kənardan baxan insan bunu sərtlik sanar. Halbuki qardaşın içində daim bir qorxu yaşayır: bacısının inciməsi, səhv qərarlar verməsi, həyatda yaralanması qorxusu…

İllər keçdikcə böyüdük. Amma qardaşlarımın mənə olan qayğısı heç dəyişmədi. Hər zaman məni qorumağa çalışırdılar. Hara getdiyimi soruşar, gec qayıdanda narahat olar, bəzən də qadağalar qoyardılar. O vaxtlar buna görə inciyərdim. Mənə elə gəlirdi ki, məni başa düşmürlər. Halbuki indi anlayıram ki, onların bütün sərtliyinin arxasında böyük bir sevgi gizlənirmiş. Zaman keçdikcə anlayıram ki, bəzi qadağalar azadlığı əlindən almaq üçün yox, onu qorumaq üçündür. Çünki qardaş üçün bacı sadəcə ailə üzvü deyil. O, gözünün nuru, ürəyinin ən kövrək yeridir.

Bəzən qardaş sevgisi sözə çevrilmir. Sadəcə davranışlarda yaşayır. Yorğun olsa da, bacısının problemini dinləməkdə, özü çətinlik çəksə də, onun rahatlığını düşünməkdə, hər kəsdən əvvəl onun tərəfini saxlamaqda… Qardaş həm də sirdaşdır. İnsan elə dərdlər yaşayır ki, onu hər kəsə danışa bilmir. Amma qardaşın yanında ürəyini rahatlıqla aça bilir. Çünki bilir ki, nə olursa olsun, o insan arxasında dayanacaq.

Bu dayaq mənə gələcəyimlə bağlı taleyüklü addımlar atarkən ehtiyacım olan o cəsarəti verdi. Universitet seçimi həyatımın ən çətin dönəmlərindən biri oldu. Valideynlərim mənim ibtidai sinif müəllimi olmağımı istəyirdi. Amma mənim ürəyimdə başqa bir arzu vardı. Mən filoloq olmaq istəyirdim. Bu arzumu deyəndə ağlayırdım. Çünki sevdiyim yoldan ayrılmaq istəmirdim. O zaman qardaşlarım mənim arxamda dayandı. Məni dinlədilər, hisslərimi başa düşdülər və seçimimə sahib çıxdılar. Sevdiyim ixtisasda oxumağım üçün mənə dayaq oldular. Elə günlər oldu ki, mənim illik təhsil haqqımı ödəmək üçün gedib işlədilər. Öz yorğunluqlarını gizlədib mənim gələcəyim üçün çalışdılar. Mənim arzularım onların da arzusu oldu.

Bu gün geriyə baxanda anlayıram ki, qazandığım uğurların arxasında onların əməyi dayanır. Əgər bu gün istədiyim yerdəyəmsə, bunda qardaşlarımın böyük payı var. Kənardan sərt görünən qardaşların çoxunun içində uşaqlar qədər saf bir sevgi yatır. Onlar sevgini hər zaman qucaqlaşaraq göstərmirlər. Bəzən bir zənglə, bəzən “evə çatdın?” sualı ilə, bəzən də heç nə demədən sadəcə yanında durmaqla göstərirlər.

Həyatda bəzi insanlar insanın taleyində görünməz qəhrəman olur. Onlar səssizcə yorulur, səssizcə mübarizə aparır, sevdiklərinin xoşbəxtliyi üçün öz rahatlığından keçir. Qardaş da elə insanlardan biridir. Onlar mənim üçün sadəcə qardaş deyil. Onlar uşaqlığımın ən gözəl xatirəsi, gəncliyimin dayağı, həyatımın isə ən güvənli limanıdır. Bəzən sərt görünürlər, bəzən yüksək səslə danışırlar. Amma mən onların gözlərindəki sevgini oxuya bilirəm.

Çünki qardaş sevgisi danışılan yox, hiss edilən sevgidir. İnsanı hər bəladan qorumağa çalışan, lazım gəlsə, dünyanı qarşısına alacaq qədər böyük olan bir sevgidir. Çünki bəzi sevgilər çox danışılmaz… Sadəcə insanı ömrü boyu qoruyar. Qardaş sevgisi kimi…