Fransız filosof və tarixçi Ernest Renana görə, millət anlayışı ortaq hissiyyatdır, ruhani bir qayədir. Bu ruhani qayəni iki şey meydana gətirir. Biri keçmişdə, digəri indidədir: biri zəngin ortaq dəyərlər mirasına sahib olmaqdır, digəri indiki zamanda ortaq qərar almaq, birlikdə yaşamaq istəyi, bütöv halda sahib olduqları mirası davam etdirmək arzusudur.
Görkəmli publisist, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun da Sarbonna Universitetində hüquq təhsili alarkən düşüncələrindən təsirləndiyi E.Renanın bu fikirləri, həqiqətən, dərin anlam daşıyır.
Tarix boyu bütün millətlər, qövmlər bir-birindən fərqli, bəzən də bir-birinə yaxın tərəqqi və inkişaf yolu keçiblər. Ümumiyyətlə, cəmiyyətlərin millət kimi formalaşma periodunda uğurlu məqamlarla yanaşı, məğlubiyyətlər də az olmayıb. Tarixə nəzər saldıqda demək olar ki, hər millət zaman-zaman fəlakətlər və yenilgilərlə üzləşmişdir. Bəzi millətlər bu fəlakətlərin girdabında boğulmuş, bölünüb parçalanmışdır. Bəziləri üçün isə bu məğlubiyyətlər təkan halına gəlmiş, bir bütün olmaq yolunda hərəkətverici xüsusiyyət daşımışdır. Təkan, əməli davranış, səy olduğu yerdə iradə, iradənin olduğu yerdə də həqiqətə çatmaq vardır.
Məşhur filosof Mauris Blondelə görə, “özündə mənəvi bir səy olan hər hərəkət, hər əməli davranış mükəmmələ, daha mükəmmələ bir özləmdir”.
İnsan üçün, onun maddi və mənəvi tərəqqisi üçün səy, hərəkətvericilik, təkan nə qədər önəmlidirsə, millət üçün də ən azı o qədər önəmlidir.
Bəs millətin səyi, hərəkəti, tərəqqisi nədir, nədədir, necədir?
Birinci növbədə, milləti millət edən onun fərdləridir, fərdlərin mədəni-mənəvi səviyyəsidir, daha ali məqamda təfəkkürü, ruhani halıdır. Fərdlərin düşüncə tərzi, yetişmə forması, əxlaqı onların təşkilatlanmasını təmin edir.
O millət tərəqqi edər ki, onun hərəkəti, əməli, davranışı hədəfə yönəlsin və ya uca, ülvi bir qayəyə bağlansın. Onu təşkil edən fərdlər millətin mənafe və mənfəətini özündən, öz şəxsi mənfəət və mənafeyindən üstün tutsun.
O millət tərəqqi edər ki…