Füyuzat 135

Teatrımızın inkişafı – Əli bəy Hüseynzadə və lord Bayron

XIX əsrin ortalarından başlayaraq Azərbaycan ədəbiyyatında yeni janrlara meylin artması qanunauyğun proses idi. Dram janrında əsərlərin yazılması ilə paralel olaraq teatr sahəsində də yeniliklərə maraq artmışdı. İlk komediyaların tamaşaçılara təqdim edilməsi üçün ənənəvi dairəvi səhnəyə deyil, dördbucaqlı və pərdəli səhnələrə ehtiyac var idi. Teatr sənətində yaranmış ideoloji-estetik yeniliklər milli dramaturgiyada yeni forma, janr, üslub və mövzu axtarışlarına meydan açırdı.

İlkin dövrlərdə milli dramaturgiyada məqsəd və ideyanın sosial-mənəvi problemlər, kütləvi savadsızlıq, cəhalət və fanatizmin səbəblərini göstərməyə xidmət etməsi də zamanın siyasi-ictimai tələblərindən irəli gəlirdi. Son bir neçə əsrdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və iqtisadiyyatının Avropa ölkələrindən geri qalmasının səbəblərinin ədəbiyyat və dramaturgiyada təqdimatı ideoloji cəhətdən vacib şərt idi. Odur ki XIX əsrin ikinci yarısında milli ədəbiyyatda və dramaturgiyada maarifçilik ideologiyasına xidmət edən tənqidi realizm prinsipinin ədəbi metod olaraq əsas mövqedə dayanmasına ehtiyac var idi.

Mirzə Fətəli Axundzadə və davamçıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Səkinə xanım Axundzadə və digər yazıçıların əsərlərində mövcud həyatda baş verən neqativ hallar, iqtisadi-ictimai və sosial-mənəvi problemlər tənqid edilirdi. Burada bir əsas məqsəd var idi, belə ki, müəlliflər gözlərini cəhalət pərdəsi örtmüş cəmiyyətin eyiblərini olduğu kimi göstərməklə geriliyin, ətalətin və savadsızlığın mahiyyətini səhnənin vasitəsi ilə daha canlı və təsirli şəkildə kütləyə göstərmək istəyirdilər. Başlanmış bu proses yarım əsr davam etdi. Ədəbiyyat, dramaturgiya və teatr yerində saya bilməzdi. Yeniləşmə meyilləri diqqəti cəlb edirdi.

1899-cu ildə Nəriman Nərimanovun yazdığı “Nadir şah” tarixi faciəsi milli dramaturgiyada janr, üslub və mövzu baxımından yeni bir mərhələnin başlanmasını göstərirdi. Avropada və Rusiyada tarixi mövzulara marağın artdığı bir zamanda Azərbaycan dramaturgiyasında…

Davamı…