Füyuzat 124 Kültür-sənət Mübariz Yunus

Baş Redaktordan

Yaşadığımız dünyada işıq və qaranlıq iç-içə, nur və zülmət bir arada, doğruluq-dürüstlük, yalan və iftira bir-birinə çox yaxın məsafələrdə, sanki əlbəyaxa döyüşdədir. Azğınlıq və səfalət insanlığın boynuna xalta kimi taxılıb. Bəşəriyyətin düşüncə və ruhuna edilən məkrli müdaxilələr insanların mənəvi dünyasında hər an təlatümlərə, fırtınalara səbəbiyyət verir, sanki hər şey ildırım sürətində və göy gurultusu şiddətində baş verir…

Bəlkə də dünya yaradıldığı gündən bəri bu qədər sistemləşmiş, sürətli əxlaqi degenerasiya və müasir yollarla istismar prosesi yaşamamışdır. Hüquq, insan ləyaqəti, ailə dəyərləri məfhumu bu qədər alçaldılmamış, dünyada güc və qüvvəti təmsil edənlər texnologiyanın imkanlarından da istifadə edərək heç vaxt bu qədər nifrət və kinlə yer üzərində talançılıq, istibdad və zülm yaratmamışlar. İnsanlıq var olduğu gündən xaosdan yana olanlar və nizamı təmsil edənlər arasında dünya bir mübarizə meydanına çevrilmişdir.

Bu bir həqiqətdir ki, tarixin fərqli-fərqli dövrlərində dünya üzərində həqiqi nizam-intizam hər zaman ədaləti bayraqlaşdıran millətlərin əli və iradəsiylə təmin və təsis edilmişdir. Bu sağlam millət iradəsi sadəcə özlərinə deyil, ayrı-ayrı xalqlara, millətlərə, eyni zamanda inanc və mədəniyyətindən olmayanlara da sayğı və ehtiramla, ən əsası, ədalətlə davranan bir cəmiyyət qurmuşdur. Belə dəyərlərə sahib olan milləti çox da uzaqlarda axtarmağa ehtiyac yoxdur, tariximizin İslam mədəniyyəti və irfanıyla yoğrulmuş səhifələrini vərəqləsək, əcdadımızın buna aid parlaq nümunələrini bariz şəkildə görmüş olarıq.

Dünyanın daha gözəl və yaşanıla bilən bir hala gəlməsi üçün mənəvi dəyərlərlə yoğrulmuş nəsillərin yetişməsinə ehtiyac var. Qəlbi və zehni aydın ziyalılarımıza məlumdur ki, Yer üzərində ən dəyərli, eyni zamanda ən uzunmüddətli sərmayə insan kapitalıdır. Sağlam bir gənclik idealı olmayan millətlərin və dövlətlərin inkişafı da, gələcəyi də yoxdur. Böyüklərin diliylə desək: “Gənclik gələcəyin toxumudur”. Bu toxumu sağlam zəminə əkmək və millətinin mənəvi dəyərləriylə yetişdirmək lazımdır. Əksi ümidsizlikdən başqa bir şey olmaz…

Ümidsizlik… Ümidsizlik insanı özünə və inandığı məfkurəyə inamsızlığa, inancsızlığa götürər, özünə güvənsizliyə sürükləyər. Özünə güvənsizlik də insanı güc axtarışına sövq edər, bəzən də yada möhtac eləyər. Nəticədə, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”ndəki “itə ataram, yada satmaram” şüuruna malik nəsillərə həsrət qalarıq.

Mübarizə ruhunu itirmiş insanlarla məfkurə yolçuluğuna çıxılmaz. Öz soykökünü tanımayan, milli dəyərləriylə bütünləşməyən bir nəsillə qarşı-qarşıya qalmaq qorxunc bir hadisədir. Amma bir nəslin bünyəsində hər şeydən uca olan mənəvi dəyərləri qorunursa, maddiyyatdan önəmli meyarları varsa, o zaman onları qorumaq və yetişdirməyə ölüm-qalım məsələsi kimi baxmalıyıq. Məktəb və universitetlərimizdə yetişdirdiyimiz nəsillərin iç dünyası haqq və həqiqətlə, milli dəyərlərlə inşa edilməlidir. Əks təqdirdə lüks yaşam xəyalı, maddiyyat hərisliyi onları bütün yanlışları etməyə sövq edər. Beləcə, ruhlarını qaranlıqlar istila etmiş olar, dəyərlərini itirib dəyərsizləşərlər. Dəyərlərini itirmiş insanların dilində isə “nəyimə lazımdır?” və ya “mənə nə?” sözləri əzbərə çevrilər. Qədim zamanlarda padşahlardan birinə belə bir sual verirlər: “Bir millətin və dövlətin çöküşü nə zaman baş verir?”. Padşah da cavabında deyir ki: “O millətin fərdləri nə zaman “mənə nə?”, yaxud “nəyimə lazım?” deyəndə, laqeyd olanda, qəflətə düşəndə…”.

Əziz oxucular, düz 30 il idi ki, torpaqlarımız işğal altındaydı, yurd-yuvamız talan edilmişdi, qəddimiz bükülmüş, mədəni abidələrimizlə yanaşı, heysiyyətimiz də təhqir olunmuşdu. Yəhya Kamalın heyran olduğum bir sözü var: “Millət Vətənin ayağa qalxmış halıdır”. Biz də millət olaraq özümüzə gəldik, ayağa qalxdıq, cəsarətimizi toplayıb “Vətənə çevrildik”. Millətimiz 44 günlük haqq mübarizəsində qarşısındakı bütün çətin əngəlləri aşdı, minlərlə şəhid verdi, nəticədə müqəddəs bir zəfər əldə etdi. Millət öz şəhidlərinin, qazilərinin qanıyla sədaqətini göstərdi. İndi növbə millətin ziyalısında, müəllimində, mühəndisində, təbibində, məmurundadır… Hər kəs öz məsləkində vəzifəsinin şüurunda olmalı, harada olursa olsun ləyaqətlə işini “Vətənə xidmət” bilməli, dövlətini müqəddəsatı kimi qorumalı, yeri gəlsə, fədailik etməli, yad diyarlardan əsən küləklərə meyil etməyən, “qaranlıqları işıqlandıran, iman və vətən sevgisi atəşini qəlblərdə alovlandıran” vətəndaş yetişdirməlidir.