Həşim Səhrablı Köşə Yazıları

Bir nəsil sonra başqalaşmamaq üçün…

Tarixin bütün mərhələləri insanlığın inkişaf edən xətlə yüksəlməsinə şahidlik edib. Antiq çağlarda inkişaf əsrlərlə davam edirdisə, orta çağlarda artıq nəsildən-nəsilə dəyişən xətlə davam etdi.

Hətta bu fərqlilik sənaye inqilablarından sonra babadan nəvəyə, internetin həyatımıza girməsi ilə atadan oğula olaraq sürətləndi.

Həmişə yaşlılar gənclərdən, gənclər isə yaşlılardan şikayətlənmiş, biri digərini anlayış göstərməməkdə ittiham etmişdir.

Sokrat kimi dahi filosof belə dövrünün yunan gənclərinin necə dövlət və ailə idarəçiləri olması barədə düşünmüş, gənclərin bu vəzifələrə hazırlıqsız olmasından şikayətlənmişdir. İbn Haldun isə gənclərin eqoist və fərdi maraqlarını düşünən, mənfəət güdən şəxslər kimi yetişdiyini deyirdi.

Elə bu gün də yaşlılar özləri heç gənc olmamış kimi gəncləri müqəssir elan etməkdə, qarşılığında isə gənclər heç yaşlanmayacaqmış kimi yaşlıları qınamaqdadır.

Bunu həm də nəsillərarası qarşıdurma adlandıra bilərik. Bu qarşıdurmanın əsas səbəbləri isə heç də insan amili ilə bağlı deyil. Daha doğrusu, insan amili məruz qaldığı dünyəvi dəyişikliklərdən dolayı yeniliyə qapı açmaqda gecikmiş, yaşlıların öz gənclik illərinin reallıqları ilə yeni dövrün reallıqlarına alışmaları mümkün olmamışdır. Gənclər isə öz böyüklərinin fikir və düşüncələrini, təcrübələrini qəbul etməkdən imtina etmiş, yeni dövrün şərtlərini nəinki əvvəlki təcrübələrlə yaşamaq istəməmiş, əksinə gələcəyə can atmışdır.

Yaşlı nəsillə gənc nəsil arasındakı fikir qarşıdurmaları hər dövrdə görünən və əsrlər boyu davam edən bir adətdir. Bu, yeni dəyərlərə açıq olan gənclərlə daha mühafizəkar və müəyyən edilmiş dəyərlərə sadiq olan böyüklər arasında demək olar ki, qaçılmaz və ənənəvi hal alıb. Ancaq həqiqət odur ki, həmin yaşlılar da öz gəncliklərində yenilikçi idilər və onların yenilikləri yaşları artdıqca adət halını almış, müəyyən çərçivə formalaşdıraraq yeni gənclik tərəfindən “köhnəlik” kimi qəbul edilmişdir.

Tərəflərin öz doğrularından qurban vermək istəməmələri həm uzlaşma əldə edilməsini əngəlləyir, həm də nəsillərarası qarşıdurmanı daha da artırır.

Günümüzdə isə problem daha qabarıq hal alır. Keçmiş göstərir ki, nəsillər arasındakı anlaşmazlıqlar sadəcə sosial həyatdakı bəzi məsələləri əhatə etmişdir. Məsələn, yeni dövrün geyim zövqü ilə bəzənən gənclər həmişə böyüklərdən iradlar almışdır. Yaxud da düşüncə, fikir dəyişimi, həyata baxışın dəyişməsi kimi amillər də keçmişdə ən ciddi problem olaraq görünən, əslində o qədər fəsadları olmayan anlaşmazlıqların səbəbi olmuşdur.

Bu gün isə nəsillərarası qarşıdurma milli, siyasi, hətta ideoloji müstəvilərə keçmişdir. Hətta bəzi hallarda millət və dövlətlərin varlığının əsas göstəricilərini hədəf alacaq qədər irəliləmişdir.

Belə ki, 20-ci əsrdən başlayaraq ideoloji cərəyanların qütbləşmələrə səbəb olması, günümüzdə internetin doğuşu ilə qloballaşmanın yayılması və s. kimi səbəblər atadan oğula, anadan qıza ciddi fikir ayrılıqlarının formalaşmasına səbəb oldu. Bu səbəblər cəmiyyətdə mövcud olan nəsillərarası qarşıdurmanı “nəsillərarası uçurum” ilə əvəzləmiş, toplumun milli-mənəvi dəyərlərini sıradan çıxaracaq müstəviyə keçmişdir.

Əlbəttə, gənclərin köhnə və sevmədiyi adətlərdən qaçmaq istəməsi başadüşüləndir və bu, tarixin bütün zamanlarında belə olmuşdur. Ancaq köhnəlikdən qaçışı bəzən birbaşa milli kimlik və mədəniyyətdən uzaqlaş(dır)maq cəhdləri ilə eyniləşdirirlər ki, bu, var olanı məhv etməkdir. Yenilənmək isə var olanı dağıtmaq yox, bu yeniliklərlə mənəvi dəyərləri inkişaf etdirmək deməkdir.

Ümumiyyətlə, əvvəllər nəsillər arasında fərqlər eyni mədəniyyət, eyni kültür və dəyərlər prizmasına fərqli bucaqlardan baxmaq idisə, bu gün bu fərqlər ümumi dünyagörüşündə, bütün dəyərlərdə uçurumlar yaradıb. Demək mümkündür ki, bir sonrakı nəsil gerilik, köhnəlik adı ilə bütün mədəni-əxlaqi, milli-mənəvi dəyərlərimizdən tam şəkildə uzaqlaşacaq və bambaşqa bir topluma çevriləcəyik. Qan bağı olaraq davam edən irqimiz yad dəyərlərə sahib olacaq, yaxud da bu təcrübəsizliklə tamamən mədəni-mənəvi boşluğa düçar olacaq. Nəticədə milli varlığımızın formal olaraq yox olması ilə üzləşə bilərik.

Başqalaşmamaq üçün bu gün cəmiyyətin bütün təbəqələri: yaşlılar, gənclər, varlılar, kasıblar, vətəndaşlar, məmurlar – bir sözlə, hər kəs bir arada mehriban və anlayışlı yaşamağı öyrənməliyik. Anlayış toplumun bütün fərdlərini bir-birinə yaxınlaşdıran bir maqnit kimi bütün fərqlilikləri aradan qaldıraraq “birlik, bərabərlik” qapılarını açan əsas vasitədir.

Yaşlıların gəncləri anlamaq, onlara dəstək olmaq və faydalı yeniliklərinə qapı açmaq üçün az, gənclərin cəmiyyəti, özünü və xalqının keçmişini, dəyərlərini qavrayıb zərərli tərəfləri ilə lazımlı dəyərlərini ayırd etmək üçün çox zamanı var.

Anlayış hamının öz prizmasını üstün tutması, sadəcə onun doğrularının qəbul edilməsi deyil, məsələlərə cəmiyyət nöqteyi-nəzərindən baxmaq, uzlaşma əldə edib daha güclü, daha sağlam və faydalı dəyərlərə çatmaqdır.