Füyuzat 129 Ruslan Bayramlı Təhsil

Müasir dünya bizdən hansı bacarıqları tələb edir?

Artıq elə bir dövrdə yaşayırıq ki, ənənəvi təhsil anlayışı öz gücünü itirmiş hesab olunur. Daha yumşaq ifadə etsək, ənənəvi təhsil bizə, sadəcə, ilk addımı atmaqda kömək edir. Belə ki, bu günün yeniliklərlə dolu iqtisadiyyatından qazancla çıxmaq üçün akademik biliklərlə yanaşı, müxtəlif bacarıqlar da tələb olunur. Bunlar da müasir insan kapitalının əsas özəlliklərindəndir. Bu gün dünyamızda həmin keyfiyyətlər “XXI əsr bacarıqları” da adlandırılır. Həmin özəlliklər informasiya əsrində tələbələrin gələcək karyeralarında uğur qazanmaları üçün zəruri olan bacarıqlardır. Onlar nəzəri bilikləri ilə yanaşı, həmin bacarıqlara sahib olduqları təqdirdə iş, eləcə də gündəlik həyatlarında daha məhsuldar ola bilirlər.

XXI əsr bacarıqlarından danışarkən Harvard Universitetinin İnnovasiya Laboratoriyasının öyrənmə və təhsil üzrə mütəxəssisi Toni Vaqnerin “The Global Achievement Gap” adlı araşdırmasından qlobal dünyada uğur qazanmaq üçün tələb olunan 7 əsas bacarığı qeyd etmək yerinə düşər. Araşdırmada vurğulanır ki, ən yaxşı məktəblərimiz belə övladlarımızda tələb olunan bacarıqları formalaşdıra bilmir. Bu gün dünya sürətlə dəyişsə də, məktəblərimiz o dəyişikliklərlə ayaqlaşmaqda çətinlik çəkir. Bu o demək deyil ki, məktəblərimiz uğursuzdur. Qəbul etməliyik ki, məktəblərimizin strukturu və proqramları köhnəlib. Çox təəssüf ki, bu gün məktəb həyatı gündəlik həyatın bir parçası halına gəlsə də, “həyat məktəbi” rolunu oynaya bilmir. İstər orta məktəblərimiz, istərsə də digər təhsil ocaqları müasir dünyanın tələblərinə uyğun bacarıq və qabiliyyətləri formalaşdırmır. Həmçinin müəllifə görə, XXI əsrdə oxumaq, yazmaq və ya riyazi bacarıqlara sahib olmaq kifayət etmir.

Toni Vaqner “The Global Achievement Gap” araşdırması üçün çox sayda iş adamları ilə görüşərək müasir dövrdə işəgötürənlərin işçilərdə axtardığı əsas bacarıqları müəyyən etməyə çalışmışdır. Araşdırmasının nəticəsinə əsasən Vaqner qloballaşan dünyada uğur qazanmaq üçün aşağıdakı 7 bacarığı zəruri hesab edir:

Tənqidi düşüncə və problemi həlletmə bacarığı

Bu bacarıq qarşılaşdığımız problemlərin həlli yollarını tapmaqda çox önəmlidir. Belə ki, tənqidi düşüncə, həmçinin problemi həlletmə qabiliyyətinə sahib olan insanlar qərar qəbul edərkən daha sərbəst olurlar. Çünki tənqid etmədən ortaya yeni fikir, ideya, xidmət qoymaq çox çətindir. Nəticədə bu cür insanlar daha uyğunlaşa bilən – adaptiv olur ki, bu da işəgötürənlər üçün çox böyük əhəmiyyət kəsb edir.

Dəyişən dünya ilə ayaqlaşmalı olan sektorların başında təhsil gəlir. Bu günün və gələcəyin təhsili müasir insana öyrənə bilməyi öyrətməlidir. Məktəblər şagirdlərdə tənqid və problem həlletmə bacarıqlarını inkişaf etdirməlidir. Bu zərurətdən yola çıxaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (The Organization for Economic Cooperation and Development – OECD) bütün üzv ölkələrində “tənqidi düşüncə və problem həlletmə bacarıqları”nı yoxlayan qiymətləndirmə vasitələrindən istifadə edir.

Həyatın müxtəlİf yönləri arasında əlaqə qurmaq və idarəetmə bacarığı

Həyatımız hər gün bir az da mürəkkəbləşir. Müharibələr, pandemiya, qlobal istiləşmə, təbii fəlakətlər, miqrasiya, həmçinin virtual əlaqələr həyatımıza müxtəlif cəhətdən təsir edir. Hadisələr onu göstərir ki, fərqli cəmiyyətlərdə fərdlər arasında sosial münasibətlərdə böhran yaşanır. Bu böhran fonunda insan oğlunun münasibətləri doğru tənzimləməsi, idarə etməsi kimi bacarıqlara sahib olması artıq zərurət halına çevrilib. Buna görə də fərdlər arasındakı əməkdaşlığı artırmağa hər zamankından daha çox ehtiyacımız var.

Hazırda bəşər tarixinin ən hərəkətli dövrünü yaşayırıq. Bu hərəkətlilik fonunda insanlar fərdi fəaliyyətdən daha çox, əməkdaşlıq, komanda işinə ehtiyac duyur. Bu qabiliyyətlərin formalaşması, prosesin doğru nizamlanması isə məktəblərdə, digər təhsil müəssisələrində özünü göstərir.

Zehni çeviklik və uyğunlaşma

Araşdırmalara görə, bu gün doğulan insan həyatı boyu 7 peşə dəyişəcək. Nə qədər real olub-olmadığından asılı olmayaraq dünyada baş verən inkişaf onu göstərir ki, bir insanın ömür boyu bir peşəyə sahib olaraq həyatına davam etməsi artıq tarix hesab olunur. Ona görə ki peşələr, onların quruluşu sürətlə dəyişir. Texnologiyanın belə inkişaf etdiyi bir dövrlə ayaqlaşmaq özü isə bir bacarıq, uyğunlaşma tələb edir.

Müasir təhsil sistemləri şagirdləri hər zamankından daha sürətlə dəyişən dövrə uyğun hazırlamağı bacarmalıdır. Müəllimlər dərs prosesində şagirdlərinin gələcəyi naminə aktiv bir mühit yaratmalı, onların öyrənmə qabiliyyətlərini inkişaf etdirməyi bacarmalı və ənənəvi tədris üslubunu yeniləməlidirlər. Əlindəki kitab və universitet dövründə əldə etdiyi biliklə kifayətlənib lövhəyə bir şeylər yazaraq öyrətmək dövrü çoxdan keçib. Çünki gələcəkdə xəyalını belə qura bilmədiyimiz maneələr bizi gözləyir. Həzrət Əlinin (ə) dediyi kimi: “Övladlarınızı öz dövrünüz üçün deyil, onların dövrü üçün hazırlayın”.

Davamı…