Köşə Yazıları Ruslan Bayramlı

Ümumi təhsil səviyyəsi üzrə beynəlxalq qiymətləndirmə proqramları – PISA, PIRLS, TIMSS

Təhsil prosesi müəyyən nəticə əldə etmək üçün müxtəlif hissələrdən ibarət olan, sözün əsl mənasında, canlı prosesdir. Bu prosesin effektiv şəkildə həyata keçirilməsi nə qədər önəmlidirsə, proses boyunca və ya yekunda əldə edilmiş bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi də o qədər önəmlidir.

Adından da göründüyü kimi, mövzumuzun əsasını ümumi təhsil üzrə beynəlxalq qiymətləndirmə proqramları təşkil edir. Bu gün dünya miqyasında müxtəlif təhsil səviyyələri üzrə müəyyən beynəlxalq qiymətləndirmələr həyata keçirilir ki, bunlardan PISA, PIRLSTIMSS ümumi təhsil üzrə həyata keçirilən üç əsas qiymətləndirmə hesab olunur. Qeyd olunan qiymətləndirmə proqramlarının əsas məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçərək ölkələr arasında müqayisə aparmaq, həmçinin iştirak etmiş ölkələrin nailiyyətini müqayisəli şəkildə təqdim etməkdir.

PISA – Programme for İnternational Student Assessment

Mənası Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı olan PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD – Organisation for Economic Cooperation and Development) tərəfindən üç ildən bir, 15 yaş qrupundakı şagirdlərin oxu, riyaziyyat və təbiət fənləri üzrə məktəbdə qazandıqları biliklərdən gündəlik həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə bacarıqlarını yoxlayır.

Yaradıcısı Andreas Şleyxer olan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı – PISA layihəsi ilk dəfə 2000-ci ildə həyata keçirilərkən, əsasən, oxuma bacarıqlarına üstünlük verilmişdir. 2003-cü ildə tətbiq olunan ikinci layihədə riyazi biliklərə, 2006-cı ildə isə digər fənn bilikləri üzrə qiymətləndirməyə yer verilmişdir.

PISA qiymətləndirməsinə qoşulacaq məktəb və şagirdlərin seçimi OECD tərəfindən təsadüfi yolla seçilir. Şagirdlər kompüter vasitəsilə həyata keçirilən qiymətləndirmənin ardından anket mərhələsində iştirak edirlər. Bu layihədə çoxseçimli, mürəkkəb çoxseçimli, açıq, qapalı sual formalarından istifadə olunur.

Qloballaşan dünyamızda dünya ölkələri təhsil sahəsində həyata keçirilən beynəlxalq dəyərləndirmə standartları hesabına öz yerini müəyyənləşdirməyə ehtiyac duyurlar. Bu səbəbdən də müəyyən istinad nöqtələrinə görə dünya dövlətləri təhsil sahəsində hansı səviyyədə olduqlarını, aradan qaldırılması lazım olan çatışmazlıqları və görülməsi lazım olan zəruri tədbirləri müəyyən etmək üçün bu qiymətləndirməyə qoşulurlar.

PISA-nın nəticələri beynəlxalq hesabat formasında tərtib edilir. Bu nəticələr tədris proqramlarının hazırlanmasında, o cümlədən qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında və təhsil sahəsində aparılan araşdırmalarda mənbə olaraq istifadə olunur.

Ölkəmiz də 2006-cı ildən PISA qiymətləndirilməsinə qoşulub. Sonuncu PISA qiymətləndirməsində Bakı məktəbliləri ilə iştirak edən ölkəmiz 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb (“Azərbaycan müəllimi” qəzeti).

PIRLS – Progress in International Reading Literacy Study

Mənası Beynəlxalq Oxu Bacarıqlarının İnkişafı Layihəsi olan PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 10 yaşlı şagirdləri əhatə edir. İbtidai təhsilin dördüncü sinfində həyata keçirilən bu qiymətləndirmə prosesində müxtəlif mətnlər üzrə şagirdlərin oxu bacarıqları yoxlanılır.

PIRLS tədqiqatı 4-cü sinif şagirdlərinin müxtəlif mətn növlərinə görə oxuyub-anlama bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır və şagirdlərin oxu bacarıqlarını ölçmək üçün müxtəlif mətn növlərindən istifadə olunur. Bu mətn növlərinə hekayələr, nağıllar kimi ədəbi mətnlər, həmçinin elmi və ya ətraf mühit hadisələrini özündə ehtiva edən, şəkillərlə zəngin mətnlər daxildir. Layihə zamanı şagirdlərin bu mətnləri oxuyaraq qapalı və açıq tipli suallara cavab verməsi tələb olunur.

PIRLS tədqiqatında şagirdlərin oxu bacarıqlarını yoxlamaq üçün koqnitiv testlərdən istifadə olunur. Həmçinin bu bacarıqlara təsir edən amilləri müəyyən etməkdən ötrü məktəb, müəllim, şagird və valideynlər arasında sorğular həyata keçirilir.

Qeyd edim ki, ölkəmizdə 2021-ci ildə PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi pandemiya şəraiti ilə əlaqədar olaraq mərhələli şəkildə təşkil olunub. Ölkə üzrə 52 bölgədən 200 məktəbdə keçirilməsi nəzərdə tutulan qiymətləndirmə tədqiqatı 49 bölgə üzrə 115 məktəbdə həyata keçirilib. PIRLS 2021 tədqiqatında oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb (“Azərbaycan müəllimi” qəzeti).

Növbəti PIRLS tədqiqatının 2026-cı ildə keçirilməsi planlaşdırılır. PIRLS 2026 tədqiqatında qarşıya qoyulan əsas məqsədlərdən biri də tamamilə rəqəmsal formatda keçirilməsidir.

TIMSS – Trends in International Mathematics and Science Study

Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı olan TIMSS Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən ilk dəfə 1995-ci ildə həyata keçirilib. Layihədə 4 və 8-ci sinif şagirdləri iştirak edirlər. Tədqiqat 4 ildən bir keçirilir və şagirdlərin riyaziyyat və elm biliklərini qiymətləndirmək məqsədi daşıyır.

TIMSS tədqiqatının əsas məqsədi dünya miqyasında məktəblilərin riyaziyyat və təbiət fənləri üzrə nəticələrinin təkmilləşməsinə kömək etməkdir. TIMSS tədqiqatı iştirakçı ölkələrin şagirdlərinin riyaziyyyat və təbiət fənləri üzrə nəticələri barədə məlumat əldə etməyə, zamanla bu nəticələrin necə dəyişdiyinə, həmçinin nəticələri necə yaxşılaşdırmaq lazım olduğu, digər ölkələrlə müqayisə, ölkələrin öz nəticələrini yaxşılaşdırmaq üçün həyata keçirdikləri tədbirlər barədə məlumat əldə etmək imkanı verir.

Qeyd edim ki, ölkə olaraq ilk dəfə 2011-ci ildə TIMSS tədqiqatında iştirak etmişik. Sonuncu TIMSS 2023 tədqiqatında isə ölkəmiz 15682 təhsilalan, 2203 təhsilverən və 6305 valideynlə tədqiqata qatılıb. Ölkə üzrə iştirak etmiş məktəblərin 258-də kompüterəsaslı, 50-də isə kağızəsaslı imtahanlar təşkil olunub.

Yuxarıda toxunduğumuz faktlardan yola çıxaraq deyə bilərik ki, müxtəlif beynəlxalq qiymətləndirmələr təhsil prosesinin təşkilində, plan və proqramların hazırlanmasında, nəticələrin dəyərləndirilib zəruri addımların atılmasında çox böyük rola malikdir. Qiymətləndirmə doğru təhsil siyasətlərinin həyata keçirilməsi üçün yeni üfüqlər açan mühüm amildir.

Qloballaşan dünyada insanların bacarıqları daima dəyişir və bu da təhsil sistemlərinin inkişafını zəruri edir. Ölkələr sürətlə inkişaf edən dünya ilə ayaqlaşa bilən insanlar yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən ən alisi təhsildir. Davamlı olaraq təhsil sistemlərini inkişaf etdirmək istəyən ölkələr beynəlxalq qiymətləndirmələr əsasında bunu həyata keçirirlər.

Sonda xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ölkə başçısı cənab İlham Əliyevin də daim təhsilə, insan kapitalına verdiyi dəyərlərdən yola çıxaraq ölkəmiz müxtəlif beynəlxalq qiymətləndirmələrdə aktiv iştirak edir. Aparılan araşdırmalar və əldə olunan nəticələr də bizə təhsil siyasətimizi düzgün formalaşdırmaqda yol göstərir.