Füyuzat 125 Könül Bünyadzadə Kültür-sənət

Ümid

Bir neçə il əvvəl bağda bir ağacım quruyurdu. Bütün bildiklərimi, oxuduqlarımı səfərbər elədim, aqronomlarla məsləhətləşdim, lakin əlac edə bilmədim. Ümidimi kəsmədiyimdən əlim gəlmirdi onu da kəsməyə. Nəhayət, bu yaz kəsdilər onu. Bağa gedəndə yerində qalan kiçik kötük tərəfə baxmamağa çalışırdım. Ancaq o gün anam çağırdı: “Gəl, bu gözəlliyə bax”, – dedi. Yaxınlaşdım, qara kötükdən yamyaşıl iki pöhrə boy atmışdı. “Yox, buna gözəllik demək azdır, bu, ümiddir”, – dedim. O an ümidin sirri açıldı sanki mənə. Yaradanın möcüzələri çoxdur, sadəcə görməyi bacarmaq lazımdır. Görənlər isə hərəsinə bir ad verib. Beləcə, ona daha möcüzə deyən yoxdur. Bu möcüzələrdən biri də Ümiddir. Onu insan qəlbində pöhrələndirən də Allahdır. İnsanın dediyi, başına dolandığı xülya isə sadəcə öz-özünü aldatmaqdır. Ümid deyə-deyə nələr düşündüm…

Ümid indidir, sadəcə bətnində ya keçmişi, ya da gələcəyi qoruyub bəsləyir.

Ümid – közdür, ocağın tamam sönən anında belə istisini, gücünü qoruyur və uyğun bir zamanda yeni ocaq qalaya bilir. Müdriklərimizdən biri deyir: “Ocağın nə çəkdiyini ancaq son qığılcımlar söyləyə bilər”. Müdrikin dediyi həmin qığılcım keçmişin həsrətini özündə qoruyur. Ancaq bir də var gələcəyin gur ocağını bəsləyən köz.

Ümid – işıqdır. Ən qaranlıq məqamda insanın içində mənşəyi məlum olmayan bir işıq yanır, ətrafı aydınladır. “Mənşəyi naməlum” desək də, əslində, Quran onun nə olması barədə məlumat verir axı: Allah göylərin və yerin nurudur! Onun nuru içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə sanki parlaq bir ulduzdur ki, nə Şərqdə, nə də Qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir” (“Nur”, 35). Bu dünyanın çək-çeviri, qaçdı-qovdusu bir gün gözümüzü kor, qulağımızı kar edəndə, bizi zülmət qaranlığa qərq edəndə və biz “Bu da son?” – deyib sual verəndə könlümüzün lap dərinliyində həmin işıq yanır. Bütün varlığınla o işığa yönəldikcə o da böyüyür, səni bürüyür.

Ümid – haraydır. Artıq tükənməkdə olan gücün harayı, artıq etinasızlıqdan usanan ruhun harayı. Bəli, haraydır, ancaq səssiz-səmirsiz haray. Xəlvətdə, ürəyinin bir küncündə qopan haray. Bir az daha diqqətlə dinləsək, bu harayda oxunacaq möhtəşəm bir himnin ilk notunu duya bilərik.

Ümid – sevincdir, zərrə boyda, iynənin ulduzu boyda. Kədərin boğduğu, qüssənin tükətdiyi, laqeydliyin dondurduğu ürək həmin o sevincə qısılıb döyünür, o sevinci qətrə-qətrə qana qatıb bütün bədənə yayır ki, insan tamamilə çökməsin.

Ümid – yağış damlasına həsrət toxum dənəsidir. O toxumun içində bütöv bir ömür, indiyə qədər yaşadıqlarını inkar edə biləcək bir güc, sıfırdan birə ucala biləcək qüdrət var. Bir damla yetir ki, yeni həyat oyansın, içindəki dəryanın qarşısındakı bənd açılsın.

Ümid – pıçıltıdır. Maddi dünyada sıxılmış, boğulmuş insanın ilahi aləmlə gizli pıçıldaşması. O pıçıltıda insan şikayət də edir, heç cür reallaşmayan arzular üçün göz yaşı da tökür. O pıçıltıda köhnə günlərin həsrəti, gələn günlərin gümanı da var. Bu pıçıltıda dodaqlar deyir, ürəyin telləri titrəşir, özünün belə güman etmədiyi həqiqətləri xatırlayır, yalnız həmin an doğulan dualar oxuyur.

Ümid – tənhalıqda axtarışdır. Elə ki mühit aldadır, uzanan yollar kəsilir, mövcud mənzərələrin ilğım, planların puç xəyal olduğu ortaya çıxır və insan qalır tək-tənha, onda ümid doğulur. Səhrada yalqız qalıb hansı istiqamətə gedəcəyini bilməyən bir yolçu kimi hansısa gizli işarəyə inanıb irəlilədiyi kimi, insan da həmin ümidin ətəyindən tutub gedir. 

Ümid – içindəki harmoniyanın üzə çıxmasıdır. Günün xaosunda, hadisələrin çılğın əvəzlənməsində dizinin bağı sökülən insan, nəhayət, qulaqlarını tutub yerə çökür. Bax o anda içindəki həmin harmoniya onu ana laylası kimi sakitləşdirir, ürəyinin döyüntüsü az qala universal aləmdəki səslərlə həmahəng olur. İnsan o səsdən sakitləşdikcə az qala anasının ilk laylasını eşitməyə başlayır. Həmin anda şimşəyin ani parıltısından da az çəkən bir parıltı kimi içində bir ümid çaxır.

Ümidin dili yoxdur, dedikləri sözə sığmır. Onu “nəfəs”də, “ah”da axtarmaq daha düz olar.

Ümidin məkanı yoxdur, gözlərdən də boylana bilir, çiçəyi oxşayan barmaqlardan da süzülür, doğma bir insanın qucağının istisində də hiss edilir.

Ümidin zamanı da yoxdur. Onun gəlişini Yaradandan başqası bilmir. O, insanın özünübərpa proqramıdır, tam məhvolma anında işə düşür və sanki daxili bir reanimasiya sistemi yaranır. O sistemdə həyatverici düyməni basmaq və nəfəsini tamamilə kəsmək insanın öz əlində deyil. Özü insanda, onu işə salan düymə isə Allahdadır.

Ümidin sərhədi yoxdur. Onun bir ucu insanda, digər ucu ilahi aləmin sonsuzluğunda itib-batır. Buna görə də insan özü də bilmədən ümidə tutunanda haradasa həmin sonsuzluqda əriyir.

Bəli, elə ki ümidin nə olduğunu dərk edirsən, onu hər yerdə görməyə başlayırsan. Qupquru budaqda tumurcuqların çırtlamasında, bomboz torpaqdan al-əlvan ləçəklərin boy atıb üzünə gülümsəməsindədir ümid. Eyni bağda böyüklü-kiçikli bütün ağacların, otların, güllərin hər birinin öz yerinin olması, ocağın çırtaçırt yanması, bu gözəlliyə baxan gözlərdəki ifadədir ümid. Və həmin gözəlliyin bir Yaradanı olduğunu, “Sənə şah damarından daha yaxın olub” hər anında sənlə olduğunu bilməkdir ümid.