Füyuzat 127 Ruslan Bayramlı Təhsil

XXI əsr müəllimi necə olmalıdır?

“Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni isə müəllimdir” deyirlər. İnsanların illərdir araşdırdıqları mövzulardan biri də təhsildir. Artıq inkişafın elə bir səviyyəsindəyik ki, məlumat əldə etmək üçün sadəcə bir düyməyə toxunmaq kifayətdir. Dəyişən sosial həyat və bunun fonunda formalaşan təhsil prosesi müəllim bacarıqlarının inkişafını zəruri edir. Pedaqoji yanaşmalarla yanaşı, texnologiyanın tədris prosesinə təsiri, öyrənmənin, informasiya əldə etmənin çox rahat olduğu bir dövrdə baş verən dəyişikliklər şəraitində “XXI əsr təhsili nədir?”, “XXI əsr müəllimi necə olmalıdır?”, “XXI əsr məktəbinin vəzifəsi nədir?” kimi suallar nəinki mütəxəssisləri, hətta sadə insanları belə düşünməyə sövq edir.

Bütün dövrlərdə və cəmiyyətlərdə güclü təhsil sisteminin sütunlarını keyfiyyətli müəllimlər təşkil edirlər. İstənilən formada yüksək maddi-texniki bazadan istifadəyə baxmayaraq müəllim həvəsli, öyrənməyə və öyrətməyə açıq olmasa, tədris prosesi keyfiyyətli ola bilməyəcək.

XXI əsrdə texnologiyanın sürətli inkişafı həyatımızın hər yönünə, həmçinin ünsiyyət, əməkdaşlıq, öyrənmə və öyrətməyə də öz təsirini göstərir. Maraqlı bir nüans var, hansı ki, biz heç zaman XIX, XX əsr müəllimi yox, XXI əsr müəllimi deyirik. Bəs XXI əsr müəllimini digər dövrün müəllimlərindən fərqləndirən nədir?

Müasir dünyamızda müəllimlərə olan tələb, ilk öncə, məktəb yaşına çatmış uşaqların, eləcə də şagird-müəllim sayındakı balansa görə dəyişir. Başqa bir səbəb kimi isə ölkələrin təhsil siyasətini göstərmək olar. Bu gün müəllimlərə olan tələbi say baxımından təmin etməkdən daha çox, ölkələrin keyfiyyətli müəllim tələbatını ödəmək üçün apardıqları siyasətdən – onların maaşlarının səviyyəsi, müəllim çatışmayan bölgələrdə həvəsləndirici tədbirlər, bu sahəni seçənlərin öz peşələrini sevməsi, sözügedən istiqamətdə özlərini davamlı inkişaf etdirməsi, həmçinin müəllimliyə gedən yolun nədən ibarət olduğunu bilməkdən keçir.

Yuxarıda qeyd olunanlara istinad edərək XXI əsr müəlliminin özəlliklərinə nəzər salaq.

  1. 1. Müşahidə qabiliyyəti, punktuallıq, nizamlılıq

Bir müəllimin ən önəmli özəlliklərindən biri gündəlik planının olması, özünün müəllim olaraq rolunu müəyyən etməsi və davamlı şəkildə gözdən keçirməsidir. Müəllimlər qarşılıqsız sevgi və dəstəkləri ilə gələcəyin insanlarını yetişdirməkdə əvəzsiz rola malikdirlər. Bu səbəblə özlərinin bu ülvi vəzifələrini görməsi, fərqində olması çox önəmlidir. Müəllimlər onlardan nəyin gözlənildiyini, bu yolda harada olduqlarını, bir sözlə, öz fəaliyyətlərini müşahidə edə bilməlidirlər. Nəticə əldə etmələri üçün obyektiv, davamiyyətdə nümunəvi, şagirdlərlə rəftarda sabit və hər zaman dərsə hazır olmaları lazımdır. Gündəlik planlama, məsələlərə kritik yanaşma, prosesləri qabaqlama, həqiqətən, keyfiyyətdə öz fərqini göstərir. Nəticəyönümlü bir öyrətmə üçün aylıq hədəflərin müəyyən edilməsi, bütün incəliklərinə qədər dərslərin planlaşdırılması, alınan rəylərin dəyərləndirilməsi çox önəmlidir. Tədris prosesində önəmli olan şey ardıcıllığı qorumaqdır.

Şagirdlər onları nəyin gözlədiyini bilmək istəyirlər. Nizamsızlıq şagirdlər tərəfindən qəbuledilməz haldır. Planlı olmaq keyfiyyətin təməlidir. Məşhur bir deyimdə söyləndiyi kimi: “İnsanın ilk uğuru məsuliyyətli müəlliminin olmasıdır”.

  1. 2. Ənənəvi dərs metodunu dəyişmək

Mühazirə rolundakı dərs formasından çıxaraq daha aktiv, qarşılıqlı öyrənməyə söykənən dərs prosesinin təşkili müasir müəllim üçün ən zəruri metoddur. Müəllimlər sinifdə tədris prosesini elə dizayn etməlidirlər ki, şagirdlər öyrənmə məsuliyyətini dərk etsinlər və bu məsuliyyətin fərqinə varsınlar. Müəllim həmçinin təcrübə əsaslı, müzakirə, əməkdaşlıq kimi dərs forması təşkil etməli, özünü prosesin mərkəzindən çıxararaq ora şagirdləri qoymalı, onların öyrənməsi, inkişafı üçün mümkün olan bütün vasitələrdən, metodlardan istifadə etməlidir: müxtəlifliyi qəbul etməli, hər uşağın fərqli öyrənmə qabiliyyəti olduğunu nəzərə alaraq individual öyrətmə üsullarından da yararlanmalıdır. Sinqapur Milli Təhsil İnstitutunun rəhbəri Oon Seng Tan deyir ki, müəllimlər bir-birindən fərqli şagirdləri eyni anda öyrətməli olduqlarından onlar çoxşaxəli olmalıdırlar. Müəllim aydın izahlar verməli, anlamaq üçün aydınlıq gətirməli, zərurət yarandıqda öyrənmə prosesini əyləncə ilə qurmalıdır.

Dərs prosesini müxtəlif resurslardan istifadə etməklə qurmağın özü də öyrənmənin keyfiyyətinə yaxşı təsir göstərir; məsələn, texnologiyadan istifadə şagirdlər arasında interaktiv öyrənmə formalarının inkişafına səbəb olur.

  1. Qiymətləndirmənin düzgün təşkili – öyrənmə üçün qiymətləndirmə

XXI əsr müəllimi öyrənməni qiymətləndirmək əvəzinə, öyrənmə üçün qiymətləndirmədən istifadə etməlidir. Öyrənməməqsədli qiymətləndirmələr şagirdlər arasında qorxu yaradan, əzbərçiliyə təşviq edən öyrənmənin qiymətləndirilməsindən daha effektiv olacaq. Şagirdin öyrənmə ehtiyacını alovlandırmaq, onda bilgilənməyə maraq formalaşdırmaq lazımdır. Bir müəllimin işi proqramı vaxtında həyata keçirmək deyil, o proqram vasitəsilə şagirdlərini yetişdirməkdir (Amerikada aparılan araşdırmaya görə, tədris proqramları şagirdlərin 60%-nin marağında deyil).

Müəllimlər şagirdlərə bildiklərini öyrətsələr, onlar öyrəndiklərini müəyyən müddət yadda saxlaya biləcəklər. Amma onlara öyrənməyi öyrədə bilsələr, təhsildə istədikləri nailiyyəti əldə etməyi bacaracaqlar. PİSA-nın (təhsil keyfiyyətinin monitorinqi proqramı) yaradıcısı Andreas Şleyxerin dediyi kimi: “Təhsilin keyfiyyəti onu tədris edən müəllimin keyfiyyətindən üstün ola bilməz”.

  1. Effektiv ünsiyyətin qurulması

Kaliforniya Universitetinin araşdırmasına görə, effektiv ünsiyyətin 93%-i sözsüz, 7%-i isə sözlüdür. Burada bədən dili və müəyyən hərəkətlər xüsusi rol oynayır. Qarşındakını tanımaq, onun baxış bucağını müəyyən etmək və buna uyğun davranmaq çox önəmlidir. Şagirdlərlə münasibəti doğru formalaşdırmaq, anlaşılan və sadə ünsiyyət vasitələrindən istifadə onlarda etibarlı şagird-müəllim münasibətinin qurulmasına səbəb olur. Ehtiyacyönümlü tədris prosesindən daha çox, maraqyönümlü tədris prosesi qurulmalıdır. Bu isə effektiv ünsiyyət, müəllimin peşəsinə marağı, işinə sevgisini hiss etməklə mümkün olur.

Tərif və təqdir arasındakı incə xətt müəyyən edilməli, bunun vasitəsilə şagirdlər daha çox çalışmağa, zamanla daha yaxşı olacaqlarına inandırılmalıdırlar. Şagirdlər fikir və həyat tərzinə, ailə dəyərlərinə görə fərqlidirlər. Bir müəllimin əsas vəzifəsi fərqliliklərə hazır olmaqdır.

  1. Əməkdaşlıq və empati

Müəllimlər fərq yaratmalı, lider olmalı, şagirdləri üçün həqiqi nümunə olmağı bacarmalı, tədrisi əməkdaşlıq şəraitində təşkil etməlidirlər. Onlar şagirdləri ilə empatiya qurmalıdırlar. Belə ki, dərs prosesinə şagird pəncərəsindən baxaraq onlar üçün nəyin daha maraqlı olduğunu bilmək əsas məsələlərdəndir. Empatiya bacarıqlarından istifadə edə bilən müəllimlər yaxşı dinləyici olmaqdan əlavə, şagirdlərinin dilə gətirmədikləri hiss və həyəcanlarını da duya bilirlər. Həmçinin həmkarları ilə əməkdaşlıq, ən yaxşı metodları paylaşmaq, təcrübə mübadiləsi, inkişafa meyillilik müəllim üçün önəmlidir. Çünki elə bir dövrdəyik ki, əməkdaşlıq mühitində, digər həmkarların dərs prosesini izləməklə, onların təcrübəsindən faydalanmaqla özümüzü inkişaf etdirə, dəyişikliklərlə ayaqlaşa bilərik.

  1. Özünüinkişaf, öyrətmə üçün öyrənmə

Təşəbbüskar, yeniliklərə açıq, digər müəllimlərin təcrübələrindən faydalanmaq, həmçinin davamlı özünüinkişaf müasir dövrün müəllimi üçün çox vacibdir. Müəllim ömürboyu öyrənmə motivasiyasını canlı tutmalıdır, bu onun peşə qabiliyyətinin artmasına səbəb olacaq.

Peşə monotonluğu, “mən hər şeyi bilirəm” zehniyyəti inkişafın qarşısını alır və şagirdlərin öyrənmə ehtiyacını qarşılamır. Müəllim həmişə öyrənməyə açıq olmalı, axtarışlarını davam etdirməlidir. Onun bugünkü dərs forması dünənkindən fərqlənməlidir. Çünki ən yaxşı müəllim ömürboyu şagird qalmağı bacaran müəllimdir.

Hər bir inkişafın təməlində təhsil durur. Müəllimlər isə bu təməlin özülü olaraq şüurlarda çox önəmli dəyişikliklər yaratmaq gücündə olanlardır. Belə ki, hər bir insanın həyatında özünü tanımağa, arzularının ardınca getməyə, öz potensialının fərqinə varmağa səbəb olmuş bir müəllim vardır.

Unutmayaq: “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər”, – deyir Məlalə Yusifzey.